«Yeni Azərbaycan» qəzeti növbəti dəfə Vaşinqtonu sərt ittihamlara «qonaq» etdi
ABŞ Senatında Helsinki Komissiyasının Azərbaycanla bağlı keçirdiyi dinləmələrdən sonra Əliyev hakimiyyətinin bu ölkəyə qarşı başlatdığı hücumlar davam edir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin dünənki sayında da ABŞ-ın ünvanına sərt ittihamların yer aldığı geniş məqalə dərc edilib.
“ABŞ-ın imperialist siyasəti regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır” başlıqlı məqalədən bəzi hissələri təqdim edirik: “…ABŞ-ın hegemonluğa söykənən irticaçı xarici siyasətinin mahiyyətini əks etdirən ən mühüm məqamlardan biri Müsəlman Şərqində konkret ssenarilər əsasında baş verən hadisələrdir. 2003-cü ildə nüvə silahının olması bəhanəsiylə regionun ən böyük dövlətlərindən biri olan Iraq Respublikasının işğal olunması, ardından bu ölkədə idarə edilən xaos və anarxiyanın yaradılması konkret olaraq ABŞ-ın ”demokratiya” və “təhlükəsizlik” pərdəsi arxasında neft ehtiyatlarını və bölgəyə nəzarəti ələ keçirmək planlarının ifadəsi idi…
…Iraqın işğalından sonra Müsəlman Şərqində ABŞ tərəfindən yeni geostrateji ssenarilər gerçəkləşdirilməyə başlandı. Bu dəfə əsas strateci silah qismində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq idi. Bununla yanaşı, muzdlu terroristlərdən həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edildi. Tunis, Misir, Liviya və Suriyada baş verən, ciddi insan itkisi və tələfatlara səbəb olan destruktiv olaylar bəhs edilən geosiyasi məkanda xaos və anarxiyanı şərtləndirən faktor qismində çıxış etdi…
…Bəs Vaşinqtonun dünyaya “sülh və təhlükəsizliyə xidmət edən” konsepsiya kimi təqdim etdiyi “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin mahiyyəti nədir? “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” ABŞ-ın “Mondializm” və “Yeni dünya düzəni” konsepsiyasının təməl strateci detalları əsasında formalaşdırılmış və icrasına start verilmiş imperialist genişlənmə strategiyasının konseptual əsaslarını təşkil etməkdədir…
…Bütün bu sadalananların fonunda belə bir nəticəyə gəlmək olur ki, “Böyük Yaxın Şərq əməliyyatı” heç də iddia edildiyi kimi, bölgə ölkələrinə “demokratiya” transfer etmək məqsədi daşımırdı. ABŞ-ın ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut etdi ki, bu nəhəng güc mərkəzi “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya almağa çalışan Amerika Birləşmiş Ştatları özünün ekspansiya və işğallarına “demokratiya” adı altında bəraət qazandırmaqda və sözügedən məfhumlardan “qalxan” qismində istifadə edir…
…Müsəlman Şərqində ABŞ-ın geostrateji planları əsasında baş verən olaylar bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı hadisələrin milli tənəzzül mənbəyi qismində çıxış etməsini şərtləndirdi. Baş verən olaylar ona dəlalət etdi ki, ABŞ-ın XXI əsr yeni dünya düzəninin fonunda “sınaq laboratoriyası”na çevirməyə çalışdığı ölkələrdə baş tutmuş çevriliş və qiyamlar həmin dövlətlər və xalqlar üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıdı…
…Dünyaya “demokratiya” dərsi keçib, “ədalət” təqdim etməyə çalışan Amerika Birləşmiş Ştatlarının ədalətsiz və subyektiv yanaşmasını göstərən növbəti fakt işğalçıyla işğala məruz qalanı fərqləndirməməsi, hətta bəzi hallarda işğalçıya bu və ya digər formalarda müəyyən dəstək verməsidir. Məlum olduğu kimi, Vaşinqtonun sifarişi ilə hazırlanan müəyyən təşkilatların hesabatlarında beynəlxalq terrorizmə qarşı mübarizədə aktiv iştirak edən Azərbaycanla terrorist Ermənistan eyni qiymətləndirilir, sonradan isə bu ölkəyə qarşı maliyyə yardımı artırılır. Və yaxud Ermənistana verilən dəstək bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqeyini davam etdirməsinə stimul verir”.