Ölkə başçısı Avropa İttifaqı ilə əlaqələrin Azərbaycan üçün prioritet olduğunu bəyan elədi
Barrozo: «Azərbaycanda sabitlik və inkişafın təmin olunmasının ən yaxşı üsulu demokratiyadır»
Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun Azərbaycana səfəri başlayıb. Səfər zamanı Barrozonun ölkə başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.
Dövlət başçısı ilə Avropa Komissiyasının sədri arasında keçirilən görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Barrozonun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib (apa).
Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
“Avropa Ittifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq”. AzTV-nin məlumatına görə, bu sözləri Ilham Əliyev Barrozo ilə görüşündə deyib.
İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr bir çox sahələri – siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir:
“Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik. Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək. Daha çox sahələri əhatə edəcək və inkişaf edəcək”.
Daha sonra Ilham Əliyev və Joze Manuel Barrozonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüş başa çatdıqdan sonra Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən AB və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb. Sənədi Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Birliyi Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin rəhbəri Fuad Isgəndərov imzalayıblar.
“Prezident Ilham Əliyevlə çox uğurlu görüş keçirdik, vacib qərarlar qəbul etdik. Onlardan biri Avropa Birliyi və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, ”Strateji müasirləşdirmə tərəfdaşlığı” barədə razılaşmadır”. Bunu Barozzo deyib. O, bunun Azərbaycan və Avropa Birliyi üçün çox mühüm saziş olduğunu bildirib: “Biz artıq enerji sahəsində vacib əməkdaşlıq edirik, üç il əvvəl prezident Ilham Əliyevlə birgə Cənub Qaz Dəhlizi layihəsi üzrə işə başlamışıq. Bu, yalnız siyasi deyil, enerji təhlükəsizliyi baxımından da çox vacib layihədir. Biz, həmçinin bu gün şahidi oluruq ki, bütün Avropa proqramları Azərbaycan üçün açıqdır, bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Təhsil, səhiyyə və digər sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
Barrozo qeyd edib ki, Azərbaycanla AB arasında birgə işlənilə biləcək çox sahə var: “Avropa Birliyi Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa Birliyinin üzərinə düşür. Azərbaycanla əməkdaşlığımız təkcə enerji deyil, bir çox digər sahəni də əhatə edir”.
Onun sözlərinə görə, Azərbaycan həm də qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır: “Azərbaycanın digər AB ölkələri ilə əməkdaşlığı genişlənir və biz bunu alqışlayırıq”.
Barrozo Azərbaycana səfərinin çox uğurlu alındığını vurğulayıb: “Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın vaxtlarda işi başa çatdıracaq və mən Ilham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik”.
Barrozo daha sonra bildirib: “Mən Ilham Əliyevə açıq şəkildə bildirdim ki, Azərbaycanda sabitlik və inkişafın təmin olunmasının ən yaxşı üsulu çoxpartiyalı demokratiya, açıq cəmiyyət və sərbəst iqtisadiyyatdır. Mən eyni zaman da onu da bildirdim ki, demokratiyanın inkişafı birbaşa vətəndaş cəmiyyətinin inkişafından asılıdır”.
Barrozo Bakıya səfəri çərçivəsində ADA Universitetində “Avropa Birliyi -Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda mühazirə də oxuyub. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, bu görüşlərin heç birinə müstəqil mətbuatın nümayəndələri buraxılmayıb.
Barrozo dünən vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb. Görüşdə ifadə azadlığı da daxil olmaqla, fundamental azadlıqların vəziyyəti haqqında da danışılıb. Bu haqda “Azadlıq” radiosuna Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun direktoru Emin Hüseynov məlumat verib. O, Avropa Komissiyası sədrindən Ilham Əliyevlə görüşündə həbsdə olan jurnalistlər və bloqqerlər, media qanunvericiliyində islahatlar məsələsini qaldırmağı xahiş edib. “Görüşdə internet azadlığı sahəsindəki mövcud durumdan da ətraflı danışıldı. Avropa Birliyi və Barrozonun kabineti fundamental azadlıları diqqətdə saxlayırlar. Insan haqlarına hörmət, demokratiya sahəsində islahatlar və vətəndaş cəmiyyətini rolunun artırılması məsələləri onlar üçün prioritetdir” – deyə Emin Hüseynov əlavə edib.
Görüşün digər iştirakçısı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə “Turan”a bildirib ki, o, son vaxtlar Azərbaycanda hakimiyyətin opponentlərinə qarşı repressiyaları gücləndirməsi barədə Barrozoya məlumat verib. Bununla əlaqədar SDİ yanında yaradılan Repressiyalara Müqavimət Mərkəzinin müraciətini də Barrozoya təqdim edib. “ABŞ və Aİ-nin diqqətini özünə cəlb edən Ukrayna hadisələri avtoritar Əliyev rejiminə ölkədə qalan müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarının tam məhvinə başlamasına imkan yaradıb”, – deyə müraciətdə bildirilir.
İnformasiya şöbəsi