Allahu Əkbər! Və sosial mutasiya

«Guya ki, biyabanda bitən bir ələfiz biz» (c)

İslam dünyası qan çanağına dönüb. Iki ildən artıqdır ki, diktatorları devirən və devirməyə cəhd edən inqilablar, diktaturaların boşalmış yerlərində peyda olan Kalaşnikovların hürüşü hərki- hərkilikdən və xaosdan başqa heç nə vəd etmir. Ərəb ölkələri sosial fəlakət içərisindədir. Bu sosial fəlakəti isə hər gün davam edən qətllər, bu qətlləri fiqhin bəndləri üzrə yerbəyer edən məhəlli imamların fitvaları, hərb coğrafiyasından didərgin düşməkdə olan yüz minlərlə insan daha da dərinləşdirir, dibsizləşdirir, çıxmaza çevirir.

Məzhəb savaşları kütləvi nifrəti və qan selini canına hopdurub, bundan xilas olmaq müşkül görünür. Indi də 5-6 min əli silahlı adam hərbi və mülki mədəniyyətin bütün kurallarına atəş aça-aça Islam dünyasına meydan oxumaqdadır. Xilafət doğurmaq iddiasında olan bu silahlı ideya hələ ki, Islam ölkələrini xarabalıqlara çevirməklə hədələyir və başqa perspektiv görünmür.

Obıvatel şüuru bu nəhəng və hüdudsuz xaosun sirlərini çözməkdə acizdir. Obıvatel qafası cəhənnəm, dünyanın əhvalından xəbər tutmaq iddiasında olan böyük bir dəstə belə, Islam dünyasını bürüyən bu dəhşətin və vəhşətin səbəblərini Amerikada arayır və topluma da bunu təlqin edir. “Amerika! Islamın düşməni odur!” – deyə qalaq-qalaq olmuş müsəlman cəsədlərinin içində parıldayan güllələri oraya sıxan barmaqları okeanın o tayında axtarırlar. Sanki hər bir yaylım atəşi ilə yerə sərilən onlarla müsəlmanın ruhunu göylərə qovan o sədaları okeanın o tayından səsləndirirlər.

“Allahu Əkbər! Təkbir! Allahu Əkbər!..”

Hər bir çağırışdan sonra qanlı sinələrini sıxıb torpağa sərilən müsəlman cəsədləri yerində cücərməyən alaq otları misallıdır.

Onlar “Kafirlərə Ölüm!” deyə hayqırır və bircə saat öncə namazını qılan başqa bir Islam ordusunu ot kimi biçirlər. O tərədən də, bu tərəfdən də “Kafirlərə Ölüm!” hayqırtısı, arxasınca isə “La Ilahə Illəllah!”- deyərək şəhid olan müsəlman savaşçıları. Bunların hansı kafirdir, hansı mömindir? Allahu Əkbər!

Bu kafirliyin və bu möminliyin sirrini kim çözür? Bu ünvanları kim bəlli edir?

Amerika! Deyirlər. Amerika prezidenti Barak Obama “Biz bu savaşa girməyəcəyik” -deyir. Qırın bir birinizi!

Diktator otlağı olan coğrafiya

Amerikamı günahkardır? On illərdir ki, Islam dünyasında ideoloji vakkuumdur. Islam ölkələri diktatorları yemləmək üçün otlaqdan başqa heş nəyə yaramır. Bu ölkələrin müsəlman adlanan sakinləri dünyanın ən bədbəxt, ən məzlum, ən cahil insanları durumuna salınıb. Onların nə insan kimi yaşamaq, nə oxumaq, nə öz haqqını bilmək, nə dünyanın gərdişinin nəbzini tutub ona uyum saxlamaq imkanları olub. Onlar sadəcə olaraq bir sürü diktatorun yem yeri olublar və onları bir toplum halında birləşdirəcək heç bir sosial duyğu olmayıb. Islam dünyasının insanları ibadətə də fərdi seçimi və azadlığının diqtəsi ilə qoşulmayıb, zorla buna məcbur edilib. Diktatora lazım olanda mömin, lazım olmayanda isə ateist olublar. Islam ölkələrində toplum bir insanın həyatı üşün zəruri ola biləcək onuncu dərəcəli problemlərin müzakirəsində iştirak etmək haqqına sahib olublar. Özlərinə dövlət və hökumət qurmaq, nizam yaratmaq, cəmiyyət olmaq haqqından məhrum olublar. Tam bir heçlik!

Günün birində o sosial yay daha sıxıla bilməyəndə gərilib açılıb və on illər ərzində yığılıb qalmış kini, nifrəti, hissizliyi və duyğusuzluğu, səlahiyyətsizliyi, məzlumluğu, cahilliyi və rəzaləti top mərmisi kimi tullayıb. Yerində heç nə qalmayıb, çünki tam bir boşluq idi. Vakkuum! Insan toplusunun cəmiyyət sayılmadığı yerlərdə böyük ideyalar doğula bilməz, xəstə ideyalar doğula bilər. Mutasiya!

Bu, on illər davam edən amansız diktatura rejimlərinin Islam sosiumunu uğramağa məcbur etdiyi mutasiyadır. Amerikalıq heç bir iş yoxdur.

“Kafir” deyib öldürdükləri hər bir müsəlman

Kalaşnikov avtomatları ilə xilafət qurulur! On- on beş əli silahlı insanın “Təkbir! Allahu Əkbər! Kafirlərə Ölüm!” şüarları ilə qanına qəltan etdiyi Islam coğrafiyasında böyük bir xilafətin yaranacağı, dünyanın siyasi xəritəsinin dəyişəcəyini təsəvvür etmək on illərlə sosial ideyalardan xali və sosial məsuliyyətdən anlayışı olmayan bir qaragüruhun havasından başqa heç nə ola bilməz!

Amerikalıq heç bir iş yoxdur! Qırın bir-birinizi və öldürdüklərinizi kafir olaraq cəhənnəmə yolladığınıza əmin olun.

Amerika da, Avropa da öz coğrafiyasını müəyyənləşdirərək oturub və dünyanın nizamını qorumağı öz təhlükəsizliyi naminə missiya elan edib. Avropada nə şiə dövləti var, nə də sünni dövləti. Ona görə də “Kafir!” deyib öldürəcəklərinizi öz coğrafiyanızda axtara bilərsiniz.

Adını müsəlman, dinini Islam elan edib də bütlərə tapınan, yaranışın ən şərəflisi pasportu ilə ən şərəfsiz həyata məcbur edilən insanların cəmiyyətinin ilməsi qaçanda yerində yalnız xaos yarana bilər. Orada qan qoxusundan başqa heç bir bərəkət ola bilməz! Axıdın bir-birinizin qanını və Allah bərəkət versin!

Islam coğrafiyası on illərdir diktatorları öz qanları ilə yedirirlər və indi axan həmin qandır: Diktatorlar qusurlar…

Amerikanı-filanı bəhanə etməyin, Allahınız olsun!..