Ölülərin gələcəyi olmur

Zümrüd Yağmur

ABŞ-da yaşayan ziyalımız Tofiq Şaxtaxtinskidən növbəti məktubu aldım.  Tofiq bəy “bəyəm, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürəhim bəy Haqverdiyev dövrlərindən razı idilər? Sizin kimilərini indi anlamasalar da zaman gələcək sizləri də onlar kimi oxumağa başlayacaqlar” yazmışdı məktubun sonunda…
Anlayıram, bu bir ümid olmaqdan daha çox içtən gələn arzudur, istəkdir.
Ancaq ən pisi odur ki, biz uzun illərdir arzularımızı, istəklərimizi  ümidə çevirə bilmirik.
Niyə, çünki ümid arzudan fərqli olaraq təkcə istəməklə, xəyal etməklə olmur, ümid etmək üçün  bir çaba sərf etmək, istəklərin gerçəkləşməsi üçün əsaslar yaratmaq gərəkdir. Fərqli gələcəyi yalnız belə qurmaq, arzudan gerçəkliyə çevirmək olar.
Bir ziyalı kimi Tofiq bəy məktubunda öz ölkəsindəki naümid yazara verdiyi təsəlliyə yəqin ki, özü də ümid edə bilmir. Çünki insanlara arzu ilə deyil, ümidlərlə təsəlli vermək olur yalnız…
Bəlkə də ona görədir ki, vaxtı ilə millətimizi oxumamaqda, cahillikdə qınayan və buna görə də sözün əsl mənasında yanan Mirzə Cəlil, Sabir və s. bu gün də aktualdırlar.
Nə qədər paradoksal görünsə də  korifeylərimizin  bu gün aktual qalması həm də elə onların öz faciəsidir. Demək onların dəyişməsini istədikləri xalq heç dəyişməyib, qiyafətlərimiz xaric…
Bu insanlar boşuna kürək çəkiblərmiş…
Bəlkə də bir az da geri getmişik… Çünki heç olmasa onların yazdıqlarına  reaksiya vardı, söz bu qədər urvatdan düşməmişdi, yazdıqlanlara  görə kimsə qəzəblənib Sabirə, Cəlilə əhkam kəsib haqqında ölüm fətfası belə  verirdi.
Ancaq indi yazılan sözü oxuyan da yoxdur ki, kiməsə nəsə təsir etsin.
Xalqımız  sözə baş qoşub başını dərdə salmaq istəmir, zaman-zaman davam edən  ictimai etinasızlıq  sözü o qədər kəsərdən saldı ki, axırda da haqq sözdən qorxan iqtidar belə ona fikir verməməyə başladı.
İndi istəyir el-elə getsin, sel-selə, nə haqqı pozulduğuna görə əzilən xalqdan bir reaksiya eşidilir, nə də  oğurluğu, qanunsuzluğu faş edilib ifşa olunan hakimiyyətin tükü tərpənir.
Bu gün xalqın və hakimiyyətin yazılanlara, deyilənlərə az qala daşı belə çatladan laqeyidliyi, etinazsızlığı sözə görə qətlə yetirilən  Elmar Hüseynova qibtə yaradır.
Heç olmasa o söz ölmədən öldü.
Jurnalistlərin döyülüb təhdid olunduğu zamanlar həm də o demək idi ki, hələ söz ölməyib, bir təsiri var. Ancaq bu gün xalq olaraq öz etinasızlığımızla sözün başına elə daş saldıq ki, daha iqtidarın  tənqidçi jurnalistlərin başına “daş” salmağına da ehtiyac yoxdur.
Bir vaxtlar heç olmasa mətbuatdakı sözə reaksiya vardı. Amma müstəqillik tariximizdə az da olsa ədəbiyyata, bədii dillə səslənən sözlərə heç vaxt reaksiya  olmayıb. Bu əsla yazarlarımızın keyfiyyəti ilə bağlı problem deyil. Ona görə ki, bu gün dünyanın tanınmış yazarları da Azərbaycanda 500-1000 tirajla çap olunurlar.
Bu gün dərdlərinin əlində özünü kimsəsiz buraxan xalq həm də sözü sahibsiz qoyub…
Ona görə də zülmün, ədalətsizliyin qarşısında xoş gələcəklə bağlı arzularımız ümidə çevrilə bilmədən  boğulur. Çünki o gələcək bizim sözlə ifadə olunan etirazlarımızda, düşüncə və tələblərimizdən doğulmalıdır.
 Ölülərin gələcəyi olmur.
Mənəvi ölümü andıran indiki qəbirstanlıq sükutundan da fərqli  gələcək gözləməyinə dəyməz. Belə davam edərsə, biz  zamanın təkrarlanmasını yaşamağa məhkum olacağıq.