Əliyevin lobbisti də belə danışırsa…

Gültəkin Hacıbəyli: «Azərbaycanla bağlı dinamika o qədər narahatlıq doğurur ki, hətta Avropa Şurası kimi təşkilatın rəhbərliyi belə bunu açıq şəkildə ifadə edir»

Avropa Şurası Parlament Assambleyasının keçmiş vitse-prezidenti, uzun illər Azərbaycan hakimiyyətinin Avropa Şurasında lobbiçiliyini etmiş Göran Lindblad maraqlı etiraflarda bulunub. Bugünlərdə Bakıya səfərdən qayıdan Lindblad müsahibəsində Azərbaycanda avtoritar hakimiyyətin mövcud olduğunu, Qarabağ probleminin həllinin də ölkədə demokratiyanın bərqərar olmasından keçdiyini deyib. Hazırda Azərbaycandakı rejimin əvvəlkindən daha repressiv addımlar atdığını deyən Lindblad vurğulayıb ki, Azərbaycan Avropa Nazirlər Komitəsinə rəhbərliyə başlamazdan əvvəl gərək dövlət başçısı İlham Əliyev siyasi məhbus problemini həll edərdi. Amma bu İ.Əliyevin ətrafında düzgün məsləhətçilərin olmaması üzündən baş verməyib.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli bildirdi ki, dünyada insan haqlarına, fikir və söz azadlığına qiymət verən təşkilatlar mövcuddur. Və bu və ya digər ölkələrdə insan haqlarına qiymət verərkən bu təşkilatların meyarları əsas götürülür. Bu təşkilatların «Human Right Watch”, Sərhədsiz Reportyorlar olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, onlar ayrı-ayrı sahələrdə insan haqlarının durumuna qiymət verirlər: «Biz beynəlxalq təşkilatlar üzrə Azərbaycanın 2003-cü ildən bu günə kimi reytinqinə diqqət yetirsək görərik ki, Göran Lindbladın fikirləri konkret əsaslara söykənib. Bütün göstəricilər üzrə Azərbaycanda geriləmə var. Əgər Azərbaycan əvvəllər qismən azad ölkələr sırasına daxil idisə, indi bu geriləmələrdən sonra Azərbaycan azad olmayan ölkələr sırasına aid edilir. Media azadlığı, insan haqları ilə bağlı vəziyyət ötən müddət ərzində pisləşib. Əlimizdə bu cür faktların olduğu halda biz bunun əksini söyləyə bilmərik. Sözsüz ki, Azərbaycanda insan haqları ilə bağlı dinamika mənfidir. Bu baxımdan Göran Lindbladın fikirlərinə haqq vemümkün deyil. Hətta Azərbaycanla bağlı dinamika o qədər narahatlıq doğurur ki, Azərbaycana loyalığı ilə seçilən Avropa Şurası kimi təşkilatın rəhbərliyi belə bunu açıq şəkildə ifadə edir».

AŞ PA rəhbərliyinin Azərbaycanla bağlı səsləndirdiyi bəyanatları xatırlayan G.Hacıbəyli vurğuladı ki, Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycanda keçirilən toplantısı zamanı səslənən sərt tənqidi fikirlər də unudulmamalıdır.

Xəyal