Bu hakimiyyət bizə nə verib?

Əldə etdiklərimiz, itirdiklərimizdən ibarətdir

Insanlar əksər vaxtlarda müqayisə etməyi sevirlər. Çünki müqayisələr həqiqəti üzə çıxarmaq üçün yaxşı vasitədir. Iki istedadlı aktyor, iki yaxın qonşu, iki avtomobil, iki gözəl xanım, iki siyasətçi və başqa sferaların adamları arasında müqayisə apararaq, hərə öz seçiminin düzgün olduğunu sübut etməyə çalışır. Azərbaycanda bu sahədə də vəziyyət bərbaddır. 20 ildən artıqdır hakimiyyətdə olan komanda iddia edir ki, onların analoqu yoxdur, inkişaf ən pik həddinə çatıb və xalq xoşbəxtlik nəğmələri oxuyur. Bəs, əsl vəziyyət necədir və hamının təsdiqləyə biləcəyi müqayisəni necə aparmaq olar?

Bu illər bizə nə qazandırdı?

Hər gün üz-üzə gəldiyimiz qonşularımız, hal-əhval tutduğumuz qohumlarımız, ictimai yerlərdə rastlaşdığımız adamlar  “ağlamaq”la məşğuldular. Hamı xəstəlikdən, borcdan, işsizlikdən şikayətçidir. Hər il daha çox satılan neftin, qazın bu adamlara aidiyyəti yoxdur. Hər dəfə yeni neft buruğunun tikilməsi, yeni qaz yatağının qurulması, xalqın “buruğ”unun sökülməsinə, ölkənin “yataq”ının dağılmasına xidmət etdi. Amma bütün bunlara baxmayaraq ölkəmizdəki “inkişaf”ı görməmək də mümkün deyil. Hər bir vətəndaş 165 metrlik bayraq dirəyini, alov qüllələrini, idman komplekslərini, Heydər parklarını, göydələnləri, Park Bulvarı görür və bütün bunları inkişaf kimi qəbul etməyə məhkumdu. Təəssüflər olsun ki, bu sadaladığımız “daş inkişaf”lardan istifadə edərək kimsə evinə çörək apara bilmir. Məsələn, həmin bayraq dirəyinin 1 metrini satıb, kredit borcun ödəmək mümkün deyil. Yaxud kasıb adam nahar etmək üçün Park Bulvardan bəhrələnə bilməz. Yəni AzTV-nin gecə-gündüz gözümüzə soxduğu “bəzənmiş məkan”lar, yaralı barmağa dərman deyil. Əslində, bizə inkişaf kimi göstərilənlər, dərddir. Sadə vətəndaş həmin bahalı restoranda dincələ bilmirsə, həmin istirahət mərkəzinə yaxın düşmək mümkün deyilsə, bu dərd deyilmi?  

Bu xalq 20 ildir dərman axtarır. Hər axtarışın sonunda isə, dərdi ilə baş-başa qalır.  

Deməli, biz bu illər ərzində bir qrup adamın “daş əsər”inə tamaşa etməyi qazanmışıq. Daha dəqiq ifadə etsək, qazandıqlarımız, itirdiklərimizdən ibarət olub. Yəni biz itirdiklərimiz nəticəsində dərdi, kədəri, ehtiyacı qazanmışıq.  

Ən böyük qazancımız isə, öz kürsüsünü itirmək istəməyən hakimiyyət olub.

Itirdiklərimiz çoxdurmu?

Əgər bir cümlə ilə ifadə etməyə çalışsaq, biz özümüzü itirmişik. Amma bu itkinin detallarına varmaq lazımdır ki, hamı nəyi axtaracağını müəyyənləşdirsin.

Əslində ən böyük itki, itirdiklərinlə barışmaqdır. Biz əvvəlcə torpağımızı itirdik. Daha sonra bu torpağın alınacağı ilə bağlı “nağıl”lara qulaq asaraq, vaxtı itirdik. Vəziyyət o həddə çatdı ki, itirdiyimiz torpaq, digər itirdiklərimizin içində əridi. Və tədricən itməyə başladıq.  Arzularımızı itirdik, ədaləti itirdik, həqiqəti itirdik,  vətəndaşlığı itirdik, cəsarəti itirdik və “itkilər kolleksiya”sı yaratdıq. Qorxumuzun, laqeydliyimizin, bəhanələrimizin “dolab”ında “itkilər kolleksiya”sı yerləşdirdik. Və dayanmadan bu “kolleksiya”nı zənginləşdirdik. Artıq övladımızın təhsilini, sağlamlığını, təminatın itiririk, artıq sabaha ümidi itiririk. Indi biz itirmədiyimiz bir günü qazanc hesab edərək sevinirik. Çünki biz əsl sevinci də itirmişik.

Yalanın, yaltaqlığın, oğurluğun, əxlaqsızlığın başa keçdiyi ölkədə, neçə nəfər qazana bilər?

Bizim itkilərimiz ona görə  çoxdur ki, bu itkilərin arasında, heç vaxt qazana bilməyəcəklərimiz də var. Məsələn, ehtiyac bataqlığında çırpınan cavanlığı necə geri qaytarmaq olar? Yaxud müalicə oluna bilmədiyi üçün dünyasını dəyişən əziz adamımızı necə dirildə bilərik?

Biz, “onsuz da düzələn deyil” deməklə, əyriliyə xidmət etdik. “Bundan sonra gələn daha pis olacaq” deməklə, yaxşılara böhtan atdıq. “Bunlar yeyib doyublar” söyləməklə, ac qarnımıza təsəlli verdik. Bir sözlə, biz özümüzə düşmən kəsilməklə, özümüzü itirdik. Indi itirdiklərimizin arasında  gəzinərək, təsəlli axtarırıq. Dəhşətli budur ki, bəzən bir boşqab yemək də, 1-2 manat pul da, bir qədəh şərab da bizə təsəlli ola bilir. 

Özümüzə hardan baxaq?

Bu ölkənin insanları nə kənardan özlərinə, nə də özlərindən kənara baxa bilmədilər. Əgər biz özümüzdən kənara baxa bilsəydik, başqa ölkələrdə vətəndaşa münasibəti, sosial vəziyyəti, yüksək əməkhaqqını, keyfiyyətli təhsil və səhiyyəni, qanunun aliliyini görə bilərdik. Yaxud kənardan özümüzə baxa bilsəydik, nə qədər miskin, kölə, qorxaq, səfil vəziyyətdə olduğumuzu dərk edərdik. Biz isə yalnız özümüzdən özümüzə baxdıq. Ona görə də lenti kəsilən əsməcəli yolu, dağılmağa hazırlaşan körpünü, musiqili fontanı, süni ağaclarla bəzədilmiş parkı inkişaf kimi qəbul etdik. Biz, hələ də həyata hardan baxmağı müəyyənləşdirməmişik. Ona görə də həyatımızı işğal edib, hər tərəfə baxırlar.

Bizi nə gözləyir?

Hər dəfə gələcəyimiz haqqında düşünəndə, Yunan filosofu Zenonun 4 məşhur paradoksundan birini xatırlayıram. Zenon deyirdi ki, gələcək əslində indilərdən ibarətdir. Mahatma Qandi isə “Əgər sən gələcəkdə dəyişiklik istəyirsənsə, buna indi hazır ol” deyirdi. 

Gələcək haqqında bu münasibətləri ona görə xatırladım ki, hər şeyi gələcəyin üzərinə atıb dincəlmək istəyənlər yanıldıqlarının fərqində olsunlar. Bu gün dünənlə müqayisədə gələcək zamandı. Biz dünən bugünkü gələcəyimiz üçün nə hazırladıq?

Yuxarıda qeyd etdiyimiz “qazanc”lar və itkilər, nə vaxtsa keçmiş olub. Biz, itirdiyimiz keçmişin gələcəyini yaşayırıq.

Əgər gələcəyə bu “tendensiya” ilə getsək, bizi yalnız keçmişdəkilər gözləyir. Keçmişdəkiləri bir daha yaşamamaq üçün isə, bugünümüzdən yaxşı gələcək düzəltməliyik.

Bu hakimiyyətin bizə verdiklərini və bizdən aldıqlarını “tərəzi”yə qoyduq. Ağırlıq düşən tərəf sizi qane edirmi?

İlham Hüseyn