“Ukraynada yeni Avropa doğulur”

Ukraynada layihələr hazırlayan Gürcüstandan olan ekspert qrupu ölkəyə çıxış yolları göstərir

Georgi Vaşadze: «Kiyev təcili, qətiyyətli islahatlar reallaşdırmalıdır»

Ukraynada baş verən proseslərlə bağlı Gürcüstan parlamentinin üzvü, ədliyyə nazirinin keçmiş müavini (2010-2012) Georgi Vaşadze maraqlı təkliflərdə bulunub. Onun fikrincə, Ukrayna hökuməti qısa zamanda bir sıra zəruri islahatları reallaşdırmalıdır. Ukraynadakı hazırkı durumla bağlı yazdığı məqaləsində Gürcüstan inqilabından sonra qazandıqları təcrübəni bölüşən G.Vaşadze hesab edir ki, hazırda vacib olan addımlar atılmazsa, sonra gec ola bilər. Onu da qeyd edək ki, G.Vaşadzenin də daxil olduğu Gürcüstandan olan bir qrup ekspert hazırda Ukrayna hökumətinə dəstək məqsədilə layihələr hazırlamaqdadırlar. 

G.Vaşadzenin Ukraynanın gələcəyi ilə bağlı hazırladığı məqaləni diqqətinizə çatdırırıq: “Mən əminəm ki, məhz Ukraynada yeni Avropa və müasir cəmiyyətin yeni standartı yaranacaq. Amma bunun üçün təcili, qətiyyətli islahatlar lazımdır. Hazırda gündəmdə olan əsas məsələ Ukraynanın bütün ərazisində sülhü bərpa etməkdən ibarətdir. Son yarım yarım il ərzində Ukrayna xalqı böyük sınaqlardan keçib. Böyük qurbanlar hesabına Ukrayna öz sivil, demokraik, müasir, Avropa ölkəsi olmaq seçimini müdafiə edə bildi. Hazırda ən vacib olanı ələ düşən fürsəti qaçırmamaqdır. 

“Bu gün dəyişikliklərə başlamasaq, sabah gec olacaq”

Bu üzdən Gürcüstandan olan islahatçılar komandası Ukraynada hazırda çalışırlar. Biz nəzəriyyədən danışmırıq, biz islahatları öz təcrübəmizdə sınamış adamlarıq. Bizim məqsədimiz öz təcrübəmizlə bölüşərək, yeni ideyaları Ukraynanın idarəçiliyinə tətbiq etməkdir. Bu addımlar nəticəsində Ukrayna yeni tipli ölkəyə çevriləcək. Bir məqamı anlamaq lazımdır ki, Ukraynaya hazırda yeni simvollar lazımdır. Ukrayna cəmiyyətinin modernləşdirilməsi sadə və effektiv islahatlarla assosiasiya olunmalıdır: yeni imic yaratmaqdan ötrü bürokratiya və korrupsiyadan azad olmaq, innovasiyaları idarəçiliyə tətbiq etmək gərəkdir. Ukraynanın yeni imici yalnız gələcəyə baxan və irəliyə gedən ölkə kimi formalaşmalıdır. Islahatları zaman itirmədən gerçəkləşdirmək lazımdır. Bu bir qədər qəribə səslənsə də, artıq bundan pis ola bilməz. Hazırkı tarixi məqamın dəyəri ondan ibarətdir ki, baş verən prosesləri mövcud durumda konservləşdirmək olmaz. Əgər bu gün dövlətin idarəçilik sistemində kardinal dəyişikliklərə başlamasaq, sabah gec ola bilər. Bir vaxtlar Gürcüstanda “0″ nöqtəsindən hesablamaya başlamışdı. Amma o zaman belə islahatlar yolu tutuldu. Mixail Saakaşvilinin komandasının islahatlarla bağlı ”Nəyə görə Gürcüstanda alındı?” adlı məhşur kitabı diqqəti ona yönəldir ki, uğur 3 əsas məqam üzərində qurulub: bürokratiyanın kəskin azaldılması, liberalaşma, özələşdirmə. Bizim ölkədə islahatlar 2004-cü ildəki “qızılgül inqilabı”ndan sonra başladı. Dürüstlük və islahatlar bizim beynəlxalq brendimizə çevrildi. Həqiqətən də Gürcüstanın bir sıra beynəlxalq reytinq göstəriciləri üzrə sürətlə irəliləməsini fəxrlə qeyd etmək olar. Məsələn, sahibkarlığın inkişafı ilə bağlı ölkə 2004-cü ildə 137-ci yerdən 2013-cü ildə 8-ci pilləyə qədər irəlilədi. Amma ən əsası o faktdır ki, gürcü xalqı dəyişiklikləri gördü və hiss etdi. Cəmiyyət, mentalitet dəyişdi. Nəticədə ölkənin siması dəyişiklikliyə uğradı. Mən Gürcüstanın 10 il əvvəl necə olduğunu gözəl xatırlayıram. Gürcüstan daha çox korrupsiya, kriminal və texnoloji geriliyi ilə seçilirdi. Məsələn, 2005-ci ildə ölkənin bütün qeydiyyat xidmətlərini aralarında birləşdirmək üçün Gürcüstan şəhərləri arasında yeni əlaqə xətti çəkməli olduq. Hazırda Gürcüstan tam başqa ölkədir. Əlbəttə, baş verən dəyişikliklərdə ən mühüm faktor ölkədəki iqtidarın siyasi iradəsi idi. Islahatlar yalnız bəyan olunmadı, onlar eyni zamanda həyata keçirildi. Bütün bu addımlar qısa müddətə effekt verdi. Gənc təşəbbüskarlar üçün bütün qapılar açıldı: Əgər ölkəni necə yaxşı edəcəyini bilirsənsə, onu təklif kimi irəli sür və bununla məşğul ol. Bizim komanda gənc xəyalpərəstlərdən ibarət idi, elə hazırda da elə olaraq qalmaqdadır. Biz əsas prosesləri yoluna qoyaraq dövlət və ən əsası, vətəndaşımız üçün maksimal dərəcədə rahatlığa nail olmağa çalışırdıq.  

Nəticədə nəinki Gürcüstan, bütün dünya üçün novator ideyalar yarandı. Bunlara misal olaraq Ədliyyə Nazirliyinin nümayəndəliklərinin şəbəkəsini, elektron tenderləri göstərmək olar. Bizdə qeydiyyatdan keçdikdən 15 dəqiqə sonra biznes fəaliyyətinə başlamaq olardı. Heç bir növbə, bürokratiya və çoxlu sayda sənəd tələb olunmurdu. 

“Biz necə uğur qazandıq?”

Təklif olunan xidmətlərin sürəti prioritetə çevrilib. Gürcüstanda pasport almaq üçün heç bir sənəd gətirməyə ehtiyac yoxdur. Sadəcə gəldiyin yerdə sənəd üçün şəkil çəkdirirsən və pasrortunu alırsan. Zaman keçdikcə biz bu layihəyə şəxsi strukturları, bankları, sığorta şirkətlərini cəlb etdik. Biz vətəndaşla dövlət arasında qarşılıqlı anlaşmaya nail olduq. Dövlətin əlində olan məlumatların maksimum inteqrasiyasını reallaşdırdıq. Hazırda Gürcüstandakı bu sistemdən dünyanın heç bir ölkəsində yoxdur. Amma tam şəffaf elektron tenderlər sistemi isə dünyanın iki-üç ölkəsində işləyir. 

Hazırda bizim ekspertlərə dünyanın bir çox ölkələrində böyük tələbat var. Bizi Albaniya, Türkiyə, Belarus, Monqolustan kimi ölkələrə dəvət edərək, həmin dövlətlərin idarəçiliyi üçün  islahatları işləyib hazırlamağa dəvət edirlər. Digər ölkələrə islahatları reallaşdırmaqda yardım etmək bizim üçün ən böyük mükafat və etirafdır. 

Dünya irəliyə gedir. Əgər Gürcüstandakı islahatları ikinci nəsil dəyişikliklər adlandırmaq olarsa, o zaman artıq Ukraynada üçüncü nəsil islahatlar gerçəkləşdirmək lazımdır. Burada olarkən müxtəlif insanlarla təmasda oldum. Əminliklə söyləyə bilərəm ki, Ukraynada keyfiyyətli və sürətli dəyişikliklər üçün bütün imkanlar var: böyük intellektual, maliyyə, iqtisadi potensial, IT ekspertlər var və ən əsası, bu gün Ukraynanı Qərb dəstəkləyir. Dəyişikliklərlə bağlı siyasi hakimiyyətin iradəsinin olması da ən vacib məqamlardandır. 

Bizim təcrübəmiz və Ukraynanın potensialı ilə biz yeni nəsil islahatlar həyata keçirə bilərik. Bundan başqa, mən hesab edirəm ki, Ukraynada bir zamanlar Gürcüstanda ediləndən daha çox etmək mümkündür. Bizim qrup 15 nəfərdən ibarətdir. Biz iki istiqamətdə iş görürük. Birinci istiqamət administrativ xidmətlər, ikinci isə elektron tenderlərlə bağlıdır. 

Artıq biz Ukrayna qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlamışıq. Məqsədimiz idarəetmə sistemindəki bürokratik prosesləri sadələşdirməkdir. Ən əsası odur ki, istənilən vətəndaş istədiyi xidmətlərdən korrupsiya, bürokratiya və növbə olmadan istifadə edə bilsin. Biz birlikdə həqiqətən də yeni nəsil islahatlar reallaşdıra bilərik. Bu islahatlardan sonra vətəndaşlar nəinki yeni, sadələşdirilmiş sistemdən istifadə edə biləcək, eyni zamanda onlar ümumi prosesin iştirakçısına çevriləcəklər.

Sadələşdirilmiş idarəetmə sisteminin ilk nümunəsini biz artıq bu ilin sonuna qədər istifadəyə verməyə hazırlaşırıq. Daha sonra vətəndaşlara xidmət edəcək yeni ofislər Ukraynanın digər 3-4 şəhərində xidmət göstərməyə başlayacaq. Düşünürəm ki, bizim Ukrayna layihəmiz Gürcüstandakı “Ədliyyə Evlərindən” daha uğurlu olacaq. 

Hesablamalarımıza görə, elektron tenderlərin olmaması üzündən Ukrayna hər gün 11 milyon dollar itirir. Əgər biz bu islahatları bir qədər də yubatsaq, o zaman bu Ukraynaya 100 milyon dollara başa gələcək. 

Əlbəttə, dəyişikliklərə tam nail olmaq üçün qanunları dəyişmək lazımdır. Amma artıq bu prosesə başlamaq vaxtıdır. Həmişə sürətli dəyişikliklərdən çəkinən insanlar tapılır. Amma artıq atacağın addımların artıq təcrübədən keçirildiyini bəyan edəndə “əleyhinə” olanların arqumentləri qalmır. Islahatlar cəmiyyət üçün enerji resursudur və Ukrayna toplumu üçün belə bir resurs həyatı əhəmiyyət daşıyır”.

Xəyal