Həm Qərb, həm də Rusiya verilən vədləri yerinə yetirməyi tələb edir
Azərbaycan hakimiyyəti geopolitik məngəyə düşüb. Ekspertlər Qərb və Rusiya arasında seçim etmək məcburiyyətində qalan iqtidarın düşdüyü bu vəziyyəti konyuktur balans siyasətin nəticəsi hesab edirlər.
Hələ Rusiya prezidenti Vladimir Putinin bir il əvvəl Azərbaycana səfəri zaman ölkə başçısı Ilham Əliyevlə görüşdə Avrasiya Ittifaqına qoşulmaq ciddi müzakirə olunmuşdu. O zaman yayılan məlumatlara görə, Azərbaycan tərəfi 2013-cü il prezident seçksindən sonra bu məsələyə müsbət cavab verəcəyini bildirib. Həmin dövrdə Azərbaycanla Rusiya münasibətlər o qədər də ürəkaçan deyildi. Putinin Azərbaycana işğalçı obrazında gəlməsi də (hərbi gəmilərlə) həmin münasibətlərin təzahürü kimi qiymətləndirildi. “Milyarderlər Ittifaqı”nın yaradılmasının da Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıdığı barədə iddialar var idi. Həmin vaxt “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun vasitəçiliyi ilə Azərbaycan hakimiyyətilə Rusiyanın münasibətlərinin normalaşdırılmasına cəhdlər edilirdi. Bəzi məlumatlara görə, Putinin Azərbaycana səfəri də Vahid Ələkbərovun apardığı danışıqların nəticəsi idi. Qısası, Azərbaycan hakimiyyəti Putinin səfəri zamanı Rusiyanın maraqlarına uyğun davranış sərgiləmişdi. Hətta Putin mediaya “2015-ci il fəaliyyət planımız barədə səmərəli müzakirə apardıq” şəklində açıqlama vermiş və görüşdən məmnun qaldığını gizlətməmişdi. Elə həmin dövrdə Qərbdən Azərbaycan hakimiyyətinə qarşı ciddi təzyiqlər olunmağa başladı. Xüsusilə rüsvayçı 2013-cü il prezident seçkisindən sonra bu təzyiqlər daha da şiddətli xarakter aldı. Seçki oktyabr ayında keçirilsə də, noyabrın sonlarına qədər heç bir Avropa ölkəsindən Ilham Əliyevə təbrik gəlmədi. Yalnız Ilham Əliyevin Vilnüsdə Avropa Şərq Tərəfdaşlığı sammitinə qatılacağı bəlli olandan sonra hakimiyyətə qarşı münasibətdə bir qədər loyallıq müşahidə olundu. Beləliklə, Azərbaycan hakimiyyəti Qərbə də müəyyən vədlər verməklə bu çətin mərhələni aşdı. Lakin artıq həm Qərb, həm də Rusiya bir il əvvəl verilən vədlərin yerinə yetirilməsini tələb edir. Məlumatlara görə, istər Avropa Komissiyasının prezidenti Barrozonun, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Dövlət Dumasının sədri Sergey Narışkinin və baş nazirin müavini Dmitri Raqozinin Azərbaycana səfəri məhz həmin vədləri Əliyev hakimiyyətə xatırlatmaq məqsədi daşıyır.
Azərbaycan hakimiyyəti isə konyuktur balans siyasətini davam etdirməklə vəziyyətdən çıxacağını düşünür. Hakimiyyətin xüsusilə Rusiyaya münasibətdə ehtiyatlı davrandığı müşahidə olunur. Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Azərbaycanın Avrasiya Ittifaqına qoşulub-qoşulmayacağı məsələsinə münasibət bildirərkən “hələlik belə niyyətimiz yoxdur” deyə mövqe bildirməsi bu ehtiyatlılığın təzahürü sayıla bilər. Lakin proseslər göstərir ki, artıq bu cür manevrlər vəziyyətdən çıxış yolu üçün əlverişli deyil.
Analitik şöbə