Uşaqlıda məktəb oyunu oynardıq. Birimiz müəllim, qalanlarımız şagird olardıq. Növbəni dəyişərdik vaxtaşırı. Kimsə küsməsin deyə hansımızın daha “çoxbilmiş” olduğumuzu gözə soxmazdıq. Sadəcə, rolumuzu oynardıq. Bəlkə də, sonra keçiləcək məktəblərin ilk “ciddi” məşqləriydi onlar. Öyrənməyə, anlamağa alışdıran, cilalayan, böyüdən məşqlər. Bir məsum oyun idi əslində, heç vaxt “müəllim” “şagird”inə “iki” qiymət yazmazdı. Oyunun dadını qaçırmasın deyə bunu belə qərarlaşmışdıq və kimsə pozmazdı qaydaları.
Bizim oxuduğumuz böyük məktəblərin qaydaları bu məsum uşaq oyununa bənzəməzdi. Təlim qaydaları daha sərt idi. Zəifliyi kimsəyə bağışlamazdı. Bəlkə ən çalışqanımızın belə təsadüfən “qəza keçirib” o dərslərin birindən kafinin altına düşdüyü olub zamanında. Kimini xoş, kimini zor oxutdururdu o məktəb gerçəkdən. “Iki” alanlar, sinifdə qalanlar təsadüfən olardı. Məktəb üzrə barmaqla sayılardı belələri.
Indiki məktəblərimizin isə halına baxıb ağı demək gəlir insanın içindən. Artıq heç uşaqlar quru adı qalmış bu “müqəddəs məbəd”ə ayağını belə qoymaq istəmir. Onların marağını çəkən heç nə qalmayıb artıq burda. Hər kəs evindəki uşaqların halından anlayar dediklərimi. Nəticələr də apaçıq ortada. Hər il orta məktəb buraxılışlarındakı və ali məktəb üzrə qəbul imtahanlarındakı sıfırlardan götürün hesabınızı.
Yaxın günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanının nəticələri açıqlanıb. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil məktəblərində keçirilən bu imtahanlarda 4808 şagird “Ana dili”, 6501 şagird isə “Riyaziyyat” fənnindən “iki” qiyməti alıb. Bu “iki”lər buraxılış imtahanına qatılan 39 731 nəfər IX sinif şagirdi arasından çıxan nəticədir. Yekun olaraq “Ana dili” fənnindən “beş” alanların sayı 6728, “Riyaziyyat” fənnindən “beş” alanların sayı isə 9052 nəfərdir.
Şübhəsiz, bir ölkənin gələcəyi üçün ən böyük dəyər sayılan təhsilin axsaması zaman keçdikcə “qüsurlu” nəsillərin bir-birini əvəzləyəcəyi anlamına gəlmirmi? Kimsəni “məktəblər niyə bu durumda” sualı düşündürmür. Axı o təhsil ocaqlarında dərs adına bir şey də qalmayıb. Indi ailələr birinci sinif uşaqlarına belə repititor tutur. Dərsliklər bərbad, müəllimlər könülsüz, şagirdlər əsəbi və elmə həvəssiz. Özünə “axı nədən” sualını verən bir başbilən varmı bu ölkədə?
Səbəbi anlamaq çox da zor deyil, əslində. Bu gün nə uşaqlar o saxtalaşdırılmış kitabları oxumaq istəyir, nə də 150 manat maaş dəyərində ucuzlaşdırılan müəllimin o sinif otaqlarında oturmağa səbri qalıb. Acı səbəbi həm də aylıq qazancı o qəpik-quruşdan ibarət olan müəllimin ölkənin taleyini həll edən seçki proseslərində öz qürurunu dəyərsiz şəkildə sındırmasında axtarmaq lazımdır. Elə o üzdən, bütünlükdə bir saxtakarlıq zəncirinin halqasına keçmiş məktəbdən qaçmaq istəyir hər kəs. Təhsil verməyən, elm öyrətməyən bir binanın yollarında qalmağın nə anlamı var ki? Bu, həqiqi mənada vaxt öldürməkdən başqa bir şey deyil axı. Şagird məktəbdə heç nə öyrənmir. Buna görə də, ata-ana əzab-əziyyətlə qazandığı pulu onlara repititor tutmaq üçün xərcləyir. Oxumağın, elmin dəyəri qəpiyə dəyməyən bir məmləkətdə yenə də hər kəs övladını oxutmaq istəyir. Yenə bir ümid işığı qalır hər kəsin içində, “yaxşı olacaq” ümidi. Doğrudur, biz elliklə çalışıb-vuruşsaq, saxtakarlıqlara şəriklik etməsək, haqqımızda israrlı olsaq, niyə yaxşı olmasın ki? Amma hələlik vəziyyət gerçəkdən də pisdir. “Iki”lərimizin sayından bəlli deyilmi?