Tam vaxtıdır bu söhbətin… Hansısa oyundakı düttülü qələbəyə görə hakimiyyətin “Azərbaycan uğurları” kimi yalançı təbliğatına qoşulub, “bizə qələbə lazımdır” deyənlər!
Buyurun, Braziliya dünya çempionatına etiraz edir. Təsəvvür etməzdiniz bəlkə də, adı futbolla yanaşı çəkilən Braziliyada cəmiyyət futbola etiraz edir! Braziliyalılar tələb edir ki, yarışlara sərf olunan pullar, məsələn, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsinə, eləcə də digər sosial problemlərin həllinə yönəldilsin.ÿ
Indi qoy bizim cəmiyyət, hətta onun çox oxumuş, ayıq adamları necə aldandığını yada salsın. Xalqı soyub, ölkəni talayıb, bir-iki idman yarışı medalı ilə vətənə xidmətdən dəm vuranlara necə aldanmaq olardı?
Boş qalan olimpiya kompleksləri tikdilər, ətək-ətək pulları sərf etdilər, xaricdən legionerlər gətirməyə dövlətin milyonlarını sovurdular, sovurmaqdadırlar, amma biz başa düşmədik və başa düşmürük. Bu, bizə qurulan tamaşa idi və o tamaşa yenə də davam edir. Uşağa oyuncaq verdikləri kimi, bizə də idman medalları göstərirlər…
Hökumətin idmana qayğısı və ya böyük uğurlar kimi qələmə verilən bu işlər ölkədəki talanı pərdələməyə xidmət edir. Görürsünüz, Azərbaycanın bayrağını qaldırırlar! Azərbaycanı sevirlər! Bu hiylə damarlara vətənpərvərlik zərdabı döşəyib, insanın ağlını almaqdan başqa bir şey deyil. Başqa ölkələrdən gətirilən idmançının uğuruna sevinmək qədər ağlımızı itirdik!
Biz demirik idman olmasın! Idmana maraq, idmanla məşğul olmaq xalqın sağlam həyatının, rahat həyatının, ədalətli həyatının özündən doğmalıdır. Bu, xalqın müasir tələblərə cavab verən yaşamının bir parçası olmalıdır. Dövlət də bu sahəni tənzimləyərkən təkcə idman sarayları tikməli deyil. Ümumiyyətlə, xalqın həyatını, təhsilini, o sıradan idman sahəsindəki təhsilini yüksək səviyyədə təmin etməlidir. Ölkədə sağlam münasibətləri, sağlam həyatın rəhnini təmin etməlidir. Ona görə də ədalətli cəmiyyətin və insanın özünə qayğının olmadığı, insanın özünə hər tərəfdən basqının olduğu bir ölkədə idmana da qayğı mövcud ola bilməz. Çünki insandan uzaqda idman yoxdur, əks halda o, hiylə və siyasi şoudur.
Müasir dünyada idman klublar fəaliyyəti kimi mövcuddur. Klublar da bir sahibkarlıqdır! Azad sahibkarlığın olmadığı, oliqarxiyanın və inhisarın şahə qalxdığı ölkədə klub idmanı və ümumiyyətlə, idman necə ola bilər? Baxın, bizdə idmanın ayrı-ayrı sahələrinə korrupsiyaya bulaşmış məmurlar rəhbərlik edirlər. Xaricdən idmançılar gətirib onları milliləşdirməklə idman ordumuzu yaratmaq istəyirlər. Nəticəsi də göz qabağındadır. Ciddi uğur da yoxdur, ola da bilməz. Bu ordu xalqın içərisindən yetişməlidir.
Və nəhayət, idman ölkənin birinci problemi deyil. Heç onuncu da deyil! Braziliya nümunəsi bunu sübut edir. Aclıq vaxtı ziyafət verənlərə tamaşa etməli deyillər ki! Braziliyalılar deyir ki, bu qədər böyük xərc və həngamə onların yamaqlı şalvarlarınamı (hər cür dərd-sərinə) yaraşır?! Futbol onlar üçün nə qədər sevimli olsa da, anlayırlar ki, bundan daha vacib problemlər var!
Xalqı gerçəklərdən uzaqlaşdırmağa xidmət edən idman və çempionat isə ölkədəki talan siyasətinin bir hissəsidir. Hətta mürəbbə festivalı keçirirlər, amma bu xalqa ədalətin mürəbbəsi bir yana qalsın, turşusunu da göstərmirlər!