“1news.az”ın Konqresdəki dinləmələr barədə yazdıqları “absurd və yalan” adlandırıldı
«Helsinki Komissiyasındakı dinləmələr özlüyündə hər şeyi deyir. ABŞ dövlət katibinin müşavirləri Erik Rubin və Tomas Melianın verdikləri ifadələr münasibətlərin əhəmiyyətini göstərir». Bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər. Səfirliyin mətbuat xidməti “Azadlıq” radiosunun hakimiyyətyönlü “1news.az” saytının Helsinki Komissiyasındakı dinləmələri tənqid edən yazısına dair sorğusunu cavablandırıb.
«Amerika diplomatiyasının üzü» adlanan məqalədə dinləmələrin Bakıya təzyiq məqsədilə təşkil olunduğu bildirilir. Yazılır ki, dinləmələr ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra keçirilib. Bu, həm səfir Morninqstarın müdafiəsi, həm də rəsmi Bakıya təzyiq göstərmək məqsədi güdüb.
Sayt dinləmələrdə məruzəçi olmuş ABŞ dövlət katibinin müşaviri Tomas Melianın «qaranlıq keçmişə» malik olduğunu yazır və Azərbaycanda məşhur olan «qırmızı xətt» ifadəsini yada salır.

Məqalədə «Freedom House»dan ermənipərəst təşkilat, Tomas Meliadan isə bu təşkilatın kuratoru kimi bəhs olunur. Sayt Melianın əvvəllər rəhbəri olduğu Milli Demokratiya İnstitutunu (NDI) “Azərbaycan müxalifətçilərinin pul kisəsi” və ABŞ Demokratiyaya Dəstək Fondunun (DDF) 4 «peyk»indən biri adlandırır.
Məqalədə «Human Right Watch» təşkilatının da Azərbaycana «qərəzli» mövqe nümayiş etdirdiyi vurğulanır.
ABŞ səfirliyinin bu məqalə ilə bağlı cavabında deyilir ki, oradakı fikirlər absurd və tamamilə yalandır.
“Oxşar məkrli iddiaları hazırlayıb yayanlar açıq-aşkar bizim Azərbaycanla münasibətlərimizə zərbə vurmağa çalışırlar. Dövlət katibinin müşaviri Melianın dedikləri bizim Azərbaycanda insan haqlarının durumundan narahatlığımızı göstərir. Biz demokratik institutların gücləndirilməsi üçün Azərbaycanla işləmək öhdəliyimizə sadiq qalırıq”, – deyə səfirlik vurğulayır.


