“ABŞ-dakı dinləmələrdən sonra hakimiyyətə təzyiqlər artacaq”

«Azərbaycanla bağlı xüsusi dinləmə təşkil olunması mühüm hadisədir»

Leyla Yunus: «Bu cür dinləmələrdən sonra Azərbaycana ediləcək xarici səfərlərdə hakimiyyətin ünvanına yalnız sərt mesajların deyilməsini gözləmək lazımdır»

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələr kifayət qədər sərt tonda keçdi. Senator Ben Kardinin rəhbərlik etdiyi dinləmələrin mövzusu “ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik, İqtisadiyyat və İnsan Haqları” idi. Tədbirdə eyni zamanda ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin,  Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer iştirak edirdi. 

Azərbaycanın ABŞ üçün strategji əhəmiyyətini vurğulayan Ben Kardin ikitərəfli münasibətlərin üç sütuna – təhlükəsizlik, enerji və insan haqlarına söykəndiyini qeyd edib. Dinləmələrdə Azərbaycan insan haqlarının hazırkı durumu, demokratik dəyərlərin kobud şəkildə pozulması, siyasi məhbus problemi sərt şəkildə tənqid olunub. Dinləmələrdə İ.Məmmədov və T.Yaqubluya qarşı irəli sürülən absurd ittihamlara toxunulimaqla yanaşı AXCP sədri Əli Kərimliyə pasport verilməməsi xüsusi vurğulanıb. Bu dinləmələrə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov dəvət olunsa da, o tədbirə qatılmayıb. 

Maraqlıdır ki, belə sərt müzakirələrin fonunda Amerikanın xarici siyasət üzrə ixtisaslaşmış “Forign Policy” jurnalı Azərbaycanda sülalə hakimiyyətinin hökm sürməsi, Əliyevlərin korrupsiyası, insan haqlarının acınacaqlı vəziyyətdə olması, müxalifətçilərin həbsxanaya salınması və s. məsələlərdən bəhs edən geniş məqalə hazırlayıb. “Xəzərin Karleoniləri; Azərbaycan diktatoru ABŞ və Avropanı necə ələ alır?” başlıqlı məqalədə Azərbaycan hakimiyyətinin mahiyyətinə toxunulub. Əliyev hakimiyyətinin korrupsiyalaşmış idarəetməyə sahib olduğu vurğulanmaqla yanaşı hakim ailənin idaəçilikdə istifadə etdiyi metodlara toxunulub.

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, beynəlxalq mətbuat Azərbaycandakı durumu həmişə real və obyektiv işıqlandırıb. Bu baxımdan “Forign Policy” jurnalında gedən məqalənin də istisna olmadığını deyən L.Yunus vurğuladı ki, Fransa prezidentinin Bakı səfəri zamanı «Le Mond»da dərc olunan materiallar da hakimiyyətin mahiyyətinə aydınlıq gətirirdi: «Hazırda Azərbaycanda müşahidə olunan siyasi repressiyalar nüfuzlu beynəlxalq KİV-lərdə yer almaqdadır və buna təəccüblə yanaşmağa dəyməz. Bu baxımdan “Forign Policy” jurnalındakı məqalə sonuncu deyil».

L.Yunusun fikrincə, Azərbaycanda baş verənlərə mətbuatdan fərqli olaraq rəsmi dövlət strukturları nadir hallarda reaksiya verir. Bu baxımdan Helsinki Komissiyasında keçirilən dinləmələrin böyük əhəmiyyət daşıdığını deyən L.Yunus qeyd etdi kİ, iyunun 11-də Azərbaycanla bağlı keçirilən müzakirələr son illərdə ümumiyyətlə olmamışdı: «Bir qayda olaraq Azərbaycanla bağlı problem bir neçə ölkə ilə yanaşı müzakirə olunurdu. Amma bu dəfə Azərbaycanla bağlı xüsusi dinləmə təşkil olundu. Özü də bu dinləmələrdə enerji məsələləri deyil, insan haqları, demokratiya, siyasi məhbuslar problemi müzakirə predmeti oldu. Dinləimələrdə məruzəçilərin də çıxışları təqdirəlayiq oldu. Məsələn, Melianın çıxışı faktlara əsaslanmışdı və ölkə reallığını tam əhatə edirdi».

L.Yunus hesab edir ki, bu cür dinləmələrdən sonra Azərbaycana ediləcək xarici səfərlərdə hakimiyyətin ünvanına yalnız sərt mesajların deyilməsini gözləmək lazımdır. Çünki artıq nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan reallıqlarından halidirlər.

Xəyal