Bakıya hazırlaşan Roqozin SSRİ-nin bərpasına çağırdı
Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini və Kremlin Avrasiya İttifaqı ideyasını kurasiya edən Dmitri Roqozin 12 iyun – Rusiya günü ilə bağlı maraqlı tvit yayıb. “24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır” – deyə Roqozin bildirib (virtualaz.org).
Roqozin iyunun sonlarında geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərə gələcək. O, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir.
Raqozinin tviti açıq-aşkar SSRİ-ni bərpa etmək ideyasının təbliğidir. Bu baxımdan onun Bakıya hansı mesajlarla gəldiyini də güman etmək olar. Şübhəsiz ki, Kremldə Moskvanın ətrafına yığılmalı “daşlardan” biri kimi məhz Azərbaycanı görürlər. Raqozinin Bakıdan hansı cavabla gedəcəyini isə zaman göstərər.



