Kimsə yalandan danışır

Səadət Cahangir

Sosial şəbəkələr informasiya əsrinin ən böyük inqilablarından biridir. Lap müəyyən qüsurlu tərəfləri olsa belə, bu fikrimdə tam israrlıyam. Ucsuz-bucaqsız yer üzünün qüsursuz nəyi var ki? Hər kəs əlinə düşən imkanları ağlına və ehtiyaclarına görə ölçülü istifadə etsə, ortada elə bir məsələ də qalmaz. 
“Ağlına görə” o baxımdan deyirəm ki, insanlar burada milyonların gözü qarşısında olduqlarını düşünüb, ağılları alan şeylərdən yazsınlar gərək. Fikirlərini və paylaşımlarını daha çox diqqətə alsınlar. Amma deyəsən bu işin ciddiyyətini dərk edənlərin sayı hələ də azlıq təşkil edir. Mövzunu açmaqda məqsədim kiçik detallara varıb çox dərinə getmək deyil. Sadəcə, dəfələrlə qarşılaşdığım bir neçə önəmli məqama toxunmaq istəyirəm. Bilirsiniz, bu şəbəkələrdə sürəkli olaraq məşhurların şeirləri paylaşılır. Heyf ki, həmin məşhurlardan çox az bir hissəsinin şəxsi səhifəsi var. Elə azad, amma nəzarətsiz informasiya məkanında yanlış paylaşımların kökündə də bu durur bəlkə.
Uzun zamandır görkəmli satirik şairimiz Baba Pünhanın şeirlərini başqa müəlliflərin adından yayan bir qrup peyda olub. Dərd bundadır ki, bir nəfərin səhvi ilə şəbəkədə böyük yanlışlıq zənciri yaranır. Babanın şeirləri günümüzün ən ağrılı nöqtələrini hədəf aldığı və çox oxunaqlı olduğu üçün, bu məsələni bir az da sürətləndirir. Yalan paylaşımlarla baş alıb gedir. Belə satiralar arasında ən çox populyar olan “Dəyişib dövrü-zaman hamı gümannan danışır” misrasıyla başlanandır. Kimsə bu satiranı FB-də klassik satirikimiz Sabirin adına “qanuniləşdirib”. Mən qarşıma çıxan hər paylaşımda yazıb, səhvə yol verdiklərini xatırladıram. Elə bilirsiniz nəticə var? Xeyr, əksinə. Indi də həmin şeir Sabirin şəklinə işlənmiş variantda yayılmağa başlanıb.
Baba Pünhanın adına yayılmış bir nümunə də “Bir şəhid istəyirəm ki, atası nazir, anası millət vəkili olsun, bax onda deyərəm ki, vətən, başın sağ olsun” misralarıyla başlayan şeirdir. Bu misralar isə Türkiyəli şair Kiçik Iskəndərə məxsusdur. Məlumat üçün deyim ki, təkzib Baba Pünhanın öz şəxsi səhifəsində də açıqlanıb.
FB şeir “sevərləri”nin plagiatları bununla bitmir. Misalların sayını xeyli artırmaq olar və görünür ki, bu plagiatçılığın qarşısını almaq da asan iş deyil. Məsələyə o qədər də sadə baxmayın. Bu, onsuz da günümüzdə az mütaliəli olan böyük çoxluğun yanlış məlumatlandırılması deməkdir eyni zamanda. Bir də o yalan informasiyanı həmin şəbəkədən almış şəxsin inadla sənə müqavimət göstərdiyini görəsiniz! Çarə yox, nəticə almaq üçün uzun-uzun izahat vermək və tutarlı mənbələr göstərmək məcburiyyətindəsən.
Bəs çıxış yolu nədir? Məncə, problemi yalnız bu məşhurların öz şəxsi səhifələri aradan qaldıra bilər. Vaxtaşırı müəllif şeirlərini paylaşmaq, yalan məlumatları təkzib etmək, yeri gələndə xəbərdarlıq bildirmək onların işidir, əslində. Yeri gəlmişkən deyim ki, FB-də Sabirin 112 min, Baba Pünhanın isə 10 min nəfərin izlədiyi canlı səhifələri var. Ən azı, o səhifələri işlədən qruplar bu işi uğurla görə bilərlər.
Məsuliyyət bir az da sosial şəbəkələrdəki mütaliəli insanların üzərinə düşür. Qarşımıza çıxan belə faktlara reaksiya verməyə ərincəklik etməyin. Gördüyünüz qüsuru başqa birinə buraxıb keçməyin. Sonunda o plagiatdan yalan öyrənən insanlar da bizim, yanlış təbliğ olunan ədəbiyyat da, məsuliyyətsiz şəbəkə yalançıları da…