Zakir Həsənovu kim “vurur”?

Deputat Səfər Əbiyevin adamlarından, hərbi ekspert Nəcməddin Sadıqovdan şübhələnir

Millət vəkili Zahid Oruc son zamanlar müdafiə naziri Zakir Həsənov barəsində mətbuatda dərc olunan yazıların keçmiş müdafiə naziri Səfər Əbiyevin sifarişi ilə işıq üzü gördüyünü bildirib. Z.Oruc hesab edir ki, cəbhə xəttində yaranan gərginliyin fonunda baş verənlər təsadüfi qiymətləndirilməməlidir. Z.Orucda belə bir qəanətin nədən yarandığını öyrənmək üçün onunla əlaqə saxladıq.
Z.Oruc vurğuladı ki, Ermənistan həmişə Azərbaycan ordusu ilə mənəvi-psixoloji və informativ müharibədədir. Son zamanlar ermənilərin atəşkəsi pozma faktlarının artmasına diqqət çəkən Z.Oruc vurğuladı ki, artıq atəşkəsin pozulması Naxçıvandan Tovuzdakı sərhədlərimizə qədər geniş bir ərazini əhatə edir: “Bu cür fəaliyyəti ilə Ermənistan ordusu daim Azərbaycan ordusunu məşğul etməyə çalışır. Belə bir şəraitdə isə ermənilər Azərbaycan ordusunda ayrı-ayrı şəxslərin münasibətlərindən bəhrələnməyə, bunu ordunun ümumi problemi kimi təqdim etməyə cəhd edir. Burada məqsəd ordu ilə xalq arasındakı rabitəyə zərbə vurmaqdır. Amma baş verən proseslərdə üçüncü qüvvələrin də fəaliyyəti hiss olunur. Bu qüvvələr keçmiş nazirdən qalan generallardır. Onlar bu gün orduda baş verən dəyişikliklərin fonunda postlarını itirəcəklərini, müəyyən mənada cinayət əməllərinin ifşa olunacağını görərək özünü müdafiə tədbirləri həyata keçirirlər”.
Keçmişdə də ordu rəhbərliyinin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirdiyini deyən Z.Oruc vurğuladı ki, eyni münasibət yeni rəhbərliyə də qarşı var. Z.Oruc onu da bildirdi ki, yeni nazirə qarşı hazırda orduda təşkilatlanmış “müxalifət” olmasa da, fərdlər səviyyəsində fəaliyyət göstərənlər var. “Hazırda mətbuatda yeni nazirin gah istefası, gah da başqa addımları barədə yayılan yalan məlumatlar sadəcə olaraq bəzi qüvvələrin diqqəti özündən yayındırmaq cəhdidir. Ordu quruculuğu ilə bağlı məsələlər bir kənarda qaldığı halda, başqa mövzular müzakirə edilir”, deyə Z.Oruc vurğuladı.

Üzeyir Cəfərov: “Zahid Oruc ya bilərəkdən, ya da bilməyərəkdən bəzi məsələlərin üstündən sükutla keçir”

Z.Orucun söylədiklərinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov “Moderator.az”a açıqlamasında bildirib ki, Z.Orucun səsləndirdiyi fikirlər primitiv və yerində olmayan arqumentlərdir: “Zahid Orucun ordu ilə bağlı son açıqlaması məni çox təəssüfləndirdi. Tam səmimi və açıq şəkildə deyirəm: olduqca primitiv və qətiyyən yerində olmayan arqumentlərdir. Əslində, mən Zakir Həsənova qarşı aparılan şayiə müharibəsinin arxasında keçmiş nazir Səfər Əbiyevin deyil, məhz Müdafiə Nazirliyi içərisində olmasını düşünürəm və buna ciddi əsaslarım da var.ÿZahid bəy sanki səsləndirdiyi ziddiyyətli fikirlərin fərqində deyil. Məntiqlə,ÿordu gücləndikcə, öz sıralarındakı zəif nöqtələri aradan qaldırdıqca, beynəlxalq əlaqələr möhkəmləndikcə və uğurlar əldə edildikcə şayiə və təxribat xarakterli informasiya müharibəsinə heç ehtiyac qalmır. Zahid Oruc ya bilərəkdən, ya da bilməyərəkdən bəzi məsələlərin üstündən sükutla keçir”.
Eyni münasibəti Z.Orucun S.Əbiyevin də dönəmində nümayiş etdirdiyini deyən Ü.Cəfərov vurğulayıb ki, mətbuat və ya ekspertlər nöqsanlardan yazanda, danışanda Z.Oruc fərqli münasibət sərgiləyirdi: “Bu qədər ”uğur və irəliləyiş” vardısa, onda Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsi niyə kimlərisə narahat etməlidir? Indi Səfər Əbiyev vəzifədə deyil deyə, siz onu nədəsə ittiham edirsiniz. Şübhə etmirəm ki, siz eyni qaydada sabah Zakir Həsənov dönəmindən sonrakı nazirə də eyni diferambaları oxuyacaqsınız. Siz bu gün Müdafiə Nazirliyi daxilində hər hansı formalaşmış müxalif qüvvənin olmadığını desəniz də, ayrı-ayrı qrupların və fərdlərin olduğunu bildirirsiniz”.
Ü.Cəfərov “axar.az”a açıqlamasında isə qeyd edib ki, Z.Həsənovun istefa ərizəsi haqqında məlumatın kimlər tərəfindən dövriyyəyə buraxılması artıq müəyyən olunub: “Bu, nazirin Baş Qərargah rəisi ilə söhbətinin mərkəzində dayanan polkovnik Elxan Məcidovdur. O, Baş Qərargahda idarələrdən birinin rəisi vəzifəsini icra edir. Zakir Həsənov artıq Elxan Məcidovla bağlı ölçü götürülməsi üçün Baş Qərargah rəisinə tapşırıq verib. Əvəzində isə Elxan Məcidov Zakir Həsənovu gözdən salmaq üçün bu məlumatı dövriyyəyə buraxıb. Məsələnin məğzi budur. Elxan Məcidovun ”Mitsubişi Pajero” markalı şəxsi avtomobilinə bağladığı “003″ nömrəsinin də açılması ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyindən göstəriş gəlib. Çünki Elxan Məcidov özünə çox arxayındır. Müəyyən maraqlar müqabilində o, istədiyi zabiti seçdiyi yerə təyin edir. Ilk aylarda bu, daha biabırçı şəkil almışdı. Amma artıq Zakir Həsənova bununla bağlı məlumat verilib. Ona görə də həmin şəxsin vəziyyəti çətinləşib. Nəcməddin Sadıqov onunla bağlı yaxın zamanlarda ciddi ölçü götürəcək. Dünənki məlumatdan sonra isə Müdafiə Nazirliyinin rəhbərliyi ən sərt üzünü göstərəcək. Yaxın günlərdə onun nəticəsini görəcəksiniz”.

Cəsur Sümərinli: “Sağlam ordu quruculuğu üçün həm Əbiyev, həm də Sadıqov qruplaşması sıradan çıxarılmalıdır”

Hərbi ekspert Cəsur Sümərinli isə vurğuladı ki, hazırda orduda keçmiş nazirin tərəfdarları ayrı-ayrı postlarda əyləşiblər. C.Sümərinli hesab edir ki, Z.Həsənovun kadrların yerini dəyişdirməsi, bəzilərini isə, ümumiyyətlə, həbs etdirməsi kimi addımlar S.Əbiyevin tərəfdarları tərəfindən birmənalı qiymətləndirilmir. Ona görə də bu şəxslər müəyyən addımlar atırlar ki, dəyişiklik və ya həbs növbəsinin onlara gəlib çatması bir qədər yubansın: “Ona görə istisna deyil ki, Zakir Həsənov barəsində bu və ya başqa şayiələrin yayılmasında keçmiş müdafiə nazirinin rolu da böyükdür. Əbiyevə yaxınlığı ilə seçilən keçmiş və hazırda vəzifədə olan şəxslər Zakir Həsənovun fəaliyyətini aşağı salmağa çalışırlar”.
Z.Həsənov barəsində mətbuatda yayılan məlumatların başqa bir tərəfdən N.Sadıqovdan qaynaqlandığını deyən C.Sümərinli vurğuladı ki, hətta MN-in mətbuat xidmətinin də fəaliyyəti belə N.Sadıqovun maraqlarına uyğun təşkil olunub: “Əgər sağlam ordu quruculuğundan söhbət gedirsə, o zaman həm Əbiyev, həm də Sadıqov qruplaşması sıradan çıxarılmalıdır. Hazırda Əbiyev qruplaşması son günlərini yaşayır, onlar xeyli itki veriblər. Artıq növbə Nəcməddin Sadıqova çatıb. Ona görə biz mətbuatda Zakir Həsənov barəsində yeni məlumatların dərc olunmasını hələ bir müddət müşahidə edəcəyik”.

Hikmət