“Hafka”nın 50 milyonluq sövdələşməsi

Ziya Məmmədovun biznes ortağı daha bir futbol klubuna sahibləndi

Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Hafka” kimi tanınan Hafiz Məmmədov ötən bazar günü axşam Londonda 50 milyon avroluq sövdələşməni başa çatdırıb. Virtualaz.org saytı xəbər verir ki, Fransanın nüfuzlu “L’Equipe” jurnalı Hafiz Məmmədovun Avropa futboluna ekspansiyasını davam etdirdiyini yazıb.
Jurnal iyunun 8-də axşam Londonda Ingiltərənin ikinci liqada oynayan “Sheffield Wednesday” futbol klubunun səhmlərinin 100 faizinin alınmasına dair klubun sahibi, serb əsilli biznesmen Milan Mandariçlə sövdələşməni başa çatdırdığını xəbər verib.
Nəşrin yazdığına görə, Milan Mandariç klubun səhmlərinin hamısını azərbaycanlı oliqarxa 50 milyon avroya yaxın məbləğə satmağa razılaşıb. Sövdələşməyə əsasən Milan Mandariç klubun prezidenti kimi qalacaq. Lakin klubun baş məşqçisi Devid Ginolanın postunu itirəcəyi, Hafiz Məmmədovun onun yerinə Kris Ueddli gətirmək fikrində olduğu bildirilir.
Bundan əvvəl Fransanın “Lans” klubunu 20 milyon avroya alan və Ispaniyanın “Atletiko” klubu ilə on milyonlarla avroluq sponsor sövdələşməsinə malik olan “Hafka”nın Ingiltərədə futbol klubu almaq üçün danışıqlar apardığı barədə xəbər bir neçə gün əvvəl yayılmışdı. Fransa mediası yazıb ki, “Hafka” “Lans” klubundan fərqli olaraq ingilis klubuna daha çox pul yatırmalı olacaq. Çünki Britaniya futbolunda hətta II liqada oynayan klub da böyük investisiya tələb edir.
Bu baxımdan “Sheffield Wednesday” klubunu 50 milyon avroya alan “Hafka” klubu dirçəltmək üçün “Lans”a verdiyindən dəfələrlə çox pul verməlidir.
Hafiz Məmmədovun Avropa futboluna ekspansiyası onun Azərbaycandakı biznesinin problemli günlərini yaşadığı bir vaxtda baş verir. Bəzi məlumatlara görə, “Hafka”nın Azərbaycandakı “krışası”nın mövqelərinin zəifləməsi onu pullarını tələsik ölkədən çıxarmağa və Avropa futboluna yatırmağa vadar edib. Əks təqdirdə oliqarxın Azərbaycandakı şirkətinin banklara olan borclarını ödəyə bilmədiyi halda ötən həftə “Lans” klubuna daha 15 milyon avro verməsini, ardınca ingilis klubunu 50 milyon avroya almasını izah etmək çətindir.