“Tabe edilməmiş xalq” – tanımadığımız çukçalar

Bu xalq ruslarla fasiləsiz 150 il müharibə aparıb

Sovet dövründə çukçalar barəsində lətifələr çox məşhur idi. Adətən, çukçalar lətifələrdə sadəlövh, cahil və müasir həyat barəsində təsəvvürləri olmayan xalq kimi təsvir olunurdu. Özlərini “luoravetlan” adlandıran bu xalq bəlkə də ruslar tərəfindən qəsdən lətifə qəhrəmanlarına çevrilmişdilər.

Şamanizmi provoslavlığa dəyişən xalq

Hələ XVII əsrin ortalarından başlayaraq, Uzaq Şərqə doğru genişlənmək istəyən ruslar bu regionun aborigenləri arasında əsasən çukçaların müqavimətilə üzləşirlər. Yakutlar, karyaklar və eskimoslardan fərqli olaraq, çukçalar yadelli işğalçıya müqavimət göstərməyi üstün tutdular. 1648-ci ildə rus kazak dəstələrinin Çukotkaya daxil olmasından sonra 1778-ci ilə qədər fasiləsiz 150 il müharibələr davam edib. Amma bu asılılıq da formal xarakter daşıyıb və dağınıq icmalar halında yaşayan çukçalar XX əsrin əvvəllərinə qədər ruslarla yalnız ticarət xatirinə ünsiyyətə daxil olurdular. Hələ XIX əsr Rusiya imperiyasında çap edilən xəritələrdə çukçalar “tabe edilməmiş xalq” kimi göstərilib.

1930-cu illərdən başlayaraq Uzaq Şərqdə əmək düşərgələri (QULAQ) yaradılmağa başlayır. Bölgəyə sürgün edilən on minlərlə sovet vətəndaşı istər-istəməz çukçaların daha intensiv şəkildə sovet cəmiyyətinə inteqrasiya olunmasına şərait yaradıb. Paralel olaraq əsrlərlə Rusiya imperiyasının tərkibində qalan çukçalar ənənəvi şamanizm dinini pravoslavlıqla əvəzlədilər. Müasir günümüzdə yalnız ucqar çukça məskənlərində şamanizm inancının elementləri saxlanılıb. Ekspertlərin ehtimalına görə, XVII əsrin ortalarında rusların Çukotkaya gəlişinə qədər bölgədə 8-9 min arası çukça yaşayıb. Uzunmüddətli müharibələr, assimilyasiya və həyat səviyyəsinin aşağı olması onların artımına mane olan amillər sayılır.

Abramoviçin çukçaları…

Günümüzdə çukçalar Rusiya Federasiyasının sərt iqlim şəraiti ilə seçilən şimal-şərq bölgələrindəki geniş arealda məskunlaşıblar. Onların burada, hətta öz ərazi vahidləri – Çukotsk Muxtar Dairəsi mövcuddur. 721 min kvadrat kilometr sahəyə malik muxtar dairədən savayı, çukçalar Koryak və Yakutiya subyektlərinin ərazisində də yaşayırlar. Təəssüfləndirici faktdır ki, bu xalqın nümayəndələri son bir neçə əsrdə say baxımından xeyli geriləyiblər. 2010-cu ildə ümumrusiya siyahıyaalma nəticələrinə əsasən, bu azsaylı xalqın cəmi 16 min nümayəndəsi var. Onların 12 min nəfəri Çukotsk Muxtar Dairəsində yaşayır.

Yeri gəlmişkən, Çukotkada ümumilikdə 50 min sakin yaşayır. Yəni, aborigen xalq kimi çukçalar öz torpaqlarında ruslardan sonra ikinci çoxsaylı xalqdır. Çukçalara verilən muxtar dairə statusu da əslində, formal xarakter daşıyır. Çukotsk Muxtar Dairəsinin bütün siyasi və administrativ hakimiyyəti rus milliyyətindən olan məmurların əlində cəmləşib. Təsadüfi deyil ki, uzun illər bölgənin qubernatoru funksiyasını milyarder Roman Abramoviç icra edib.

Iri balıq sümüklərindən ev tikən çukçalar

Təcrid olunmuş həyat tərzi keçirmələri də çukçaların idarəetmə strukturlarında təmsil olunmalarını məhdudlaşdıran amillərdən biri hesab olunur. Bu xalqın nümayəndələri ənənəvi məşğuliyyətləri əsasında 2 yerə bölünür: tundra çukçaları və sahil çukçaları. Tundra çukçaları ərazidən-əraziyə keçərək, əsasən ovçuluqla məşğul olurlar. Tədricən onlar maral sürüləri saxlamağa və təsərrüfatda istifadə etməyə başladılar.

Sahil çukçaları isə əsasən balıqçılıqla məşğul olurdular. Onlar qış və payız aylarında kit və suiti ovlayırdılar. Əksər çukçalar tundranın dərinliklərində “yaranqa” adlanan tikililərdə yaşayırlar. Adətən belə tikililər ağaclardan, yaxud iri balıqların sümüklərindən hazırlanır. Yaranqa qonaq gəldikdə ev sahibi “yetık” deyə onu qarşılayır. Bu sözün mənası “sən gəldin” kimi səslənir. Qonaq isə əvəzində “ii”, yəni, “hə” sözünü söyləməlidir.

Maralçılığı əsas məşğuliyyətinə çevirən çukçalar sümükdən bəzək əşyaları hazırlamaq, xəz dəridən müxtəlif formalarda istifadə etmək kimi sənətkarlıq bacarıqlarına da malikdir. Onların məişətində rəqslərinin də özünəməxsus yeri var. Ritual rəqs kimi piçeynen (boğazla oxumaq) tez-tez tətbiq olunur. Ənənəvi musiqi alətləri içərisində varqan və yarar əsas alətlərdir.

Heç zaman öz əlifbaları olmayan çukçalar üçün 1931-ci ildə kiril qrafikalı əlifba hazırlanmışdı. Hazırda Çukotkada bu dildə məktəblər var, Maqadanda isə jurnal və qəzet çapı ilə məşğul olan mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Uzun müddət soyuq ərazilərdə sərt iqlim şəraitində yaşayan çukçalar çox qonaqpərvərdilər. Hətta o qədər qonaqpərvərdilər ki, hörmətli qonaq olarkən öz həyat yoldaşlarını belə, bir gecəlik təklif edə bilərlər. Bu, xüsusi hörmət əlaməti sayılır. Azsaylı olmaları çukçaların həm də bir-birinin həyat yoldaşını dəyişməyə, qrup şəklində evlənməyə vadar edir. Müasir insan üçün ağlagəlməz sayılan bu addım icmanın bütövlüyünü qorumaq məqsədilə atılır.

Maraqlıdır ki, köçəri çukçalar oturaq çukçalarla ünsiyyət saxlamır və onları özlərindən aşağı pillədə görürlər. Buna baxmayaraq, öz unikallığını saxlamış çukçaların sayı tədricən azalmaqdadır.