İntellektual sözü

Ziyalılıq hər şeydən öncə yaşadığın ölkədə hakim rejimin yanlışlarına susmamaqdır. Hansı təqib və məhrumiyyətlərlə üz-üzə qalsan belə, gerçək dəyişmir. Hələ o ki qaldı, həmin hakim rejim ölkəni gələcəyi qaranlıq bir istiqamətə sürükləsin. Sovetlər zamanında imperiyanın siyasətinə qarşı çıxan az sayda belə intellektuallar vardı – dissidentlər. Indi həmin imperiyanın küllərinin sovrulduğu məkanda durum daha betərdir. Dissidentliyə də o zamankından daha çox ehtiyac var. 

Istənilən ağlı başında olan insan anlayır ki, Putin Rusiyasının hikkəsi ilə bölgədə baş verənlər yaxşı heç nə vəd etmir. Putinin “dəmir əli”nin kəramətini nə qədər böyük şövqlə mədh edənlər olsa da, mahiyyət dəyişmir. Bunu dünyada tanınan məşhur rus ziyalılarının fikirlərindən də açıq görmək mümkündür. Krımın işğalı yeni başlandığı zaman Rusiyada ilk etiraz səsini ucaldanlar arasında da xeyli görkəmli ziyalılar vardı. Doğrudur, onların səsi önəmli bir dəyişiklik yaratmadı, amma qısa zamanda etirazlarının nə qədər haqlı olduğunu ortaya çıxardı. Iqtisadi sanksiyalardan ölkəyə bir ayda dəyən zərər on milyardların üzərində. Bu fakt həm də onu təsdiqlədi ki, əslində, özünü məğlubedilməz sayan “nəhəng gücləri” iqtisadi sanksiyalarla qısa vaxtda dizə gətirmək çətin deyil.    

Putinin zorakı qol gücü siyasətini tənqid edən ziyalıların səsi bu gün də kəsilmir. Məşhur rus siyasətçisi Alfred Kox yaxın günlərdə Putini yerdən-yerə vurub. Bir vaxtlar Putinin yaxın silahdaşlarından olan Kox onun ölkəni çıxılmaz duruma saldığını və Rusiyanın sonunun çatdığını deyir. “Özünüz mühakimə edin” söyləyən Kox Rusiyanın iqtisadi gücünün yalnız enerji daşıyıcılarına söykəndiyini və məlum şərtlər əsasında həmin göstəricilərlə oyun qurmağın mümkün  olmadığını vurğulayır.ÿ”Burada bizdən başqa heç bir gücün olmadığını təsəvvür etmək təhlükəli illüziyadır və özünü aldatmaqdan başqa bir şey deyil”- deyir politoloq. Təcrübəli siyasət adamı kimi, o həmçinin tərəddüdsüz Qərblə alyansın tərəfdarı olduğunu deyir və bu imkanı rədd edib üzünü Çinə tutan Rusiyanın öz qəbrini qazdığını bildirir.

Bu günlər Putini kəskin tənqid edən ziyalılardan biri də məşhur rusiyalı yazıçı-satirik, “The New Times” jurnalının köşə yazarı Viktor Şenderoviçdir. Onun “böyük lider” haqqında fikirləri də xeyli sərtdir. Şenderoviç qeyd edir ki, bu gün dünyanın bəzi dairələrində Putinin reytinq partlamasına aldanıb, onun böyük arzularına yetişəcəyinə inananlar yanılırlar . “Güllələnməzdən bir həftə əvvəl Çauşesku yüz faizlik reytinqin sahib idi. Bir həftə sonra həyat yoldaşı ilə birgə məhkəməsiz güllələndi”- deyə əsaslandırır bu fikrini məşhur yazar. 

Əslində, bu gün belə cəsarətli ziyalı sözünə ehtiyacı olan təkcə Rusiya deyil, keçmiş sovetlər məkanına daxil olan bütün ölkələrdir. Bəlkə, onların sözü bir az gec eşidilər, gec anlaşılar, amma mütləq nəticəsini verər. Bir gün Rusiyada da, Azərbaycan, Türkmənistan, Qazaxısan, Belarus kimi ölkələrdə də belə şəxslərin səsi tez-tez və daha çox ucalmalıdır. Onların mənsub olduqları ölkə, toplum, gözlənən gələcək və insanlıq naminə.