Müdafiə Nazirliyisə iki generalla bağlı yazılanları təkzib edir
Müdafiə naziri Zakir Həsənovla Baş Qərargah rəisi Nəcməddin Sadıqovun dostluğu uzun çəkməyib. “Yeni Müsavat”ın yazdığına görə, Müdafiə Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb. Buna səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat xarakterli addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi göstərilir.
Qəzet yazır ki, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar.
Tanınmış jurnalist, hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında belə bir şeyin olmadığını dedi: “Heç bir istefa ərizəsi yoxdur. Sadəcə Nəcməddin Sadıqovun ətrafında olan adamlar Zakir Həsənovun işləyə bilməməsi görüntüsünü yaratmaq üçün bu cür yalan informasiyaları dövriyyəyə buraxıblar. Nəcməddin Sadıqovun ətrafında bir qrup adamlar var, onlar orduya xidmət üçün deyil, varlanmaq üçün gəliblər. Onlar görüntü yaratmaq istəyirlər ki, Zakir Həsənov acizdir, işləyə bilmir, bu minvalla Nəcməddin Sadıqovu və yaxud özlərinə yaxın başqa bir şəxsi rəhbərliyə gətirsinlər”.
Məsələyə Müdafiə Nazirliyi də reaksiya verib.
“Bu gün (dünən – red.) bəzi kütləvi informasiya vasitələrində ”Zakir Həsənov istefa ərizəsi yazıb” başlıqlı məlumatlar yayılıb. Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub. Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”,- deyə məlumatda qeyd edilir.
Ramin DEKO


