Dostumun qəfil ölümü

Arzuları özündən çox yaşayan insan haqqında…

Şahvələd Çobanoğlu

Son illərədək mənə elə gəlirdi ki, insan nə qədər çox yaşayırsa, barəsində bir o qədər çox xatirə qalır. Amma həyat bunun həmişə doğru olmadığını öyrətdi mənə. Ötən il dostum qəfildən vəfat etdi və heç də hər şeyin düşündüyüm kimi olmadığına əmin oldum.  Bəzən olmamaq özü daha ciddi xatirəyə çevrilir. Bir var sən onunla olanları, onun elədiklərini, sözlərini, izlərini xatırlayırsan, bir də var, onun olmadığı sənin üçün qırılmaz bir xatirə yaradır. Hər situasiyada onun öz yeri görsənir. Sadəcə onun özü yoxdur. Onun yoxluğu səninlə yaşamağa başlayır – dünənəcən varlığı, indi isə yoxluğu. Mən gerçək dostluğun belə fərqli və acı sonluğunu bilmirdim.  

***

Mənim dostum tanınmış insan idi. Ictimai dairələrdə, mətbuatda, xalq arasında onu yaxşı tanıyırdılar. Məndən də yaşca böyük idi. Amma bizim dostluğa bunların heç bir təsiri yox idi. Çox vaxt biz uşaqlığı da bir yerdə keçmiş iki köhnə dost kimi idik. Hərdən uşaqlarımın onu “baba” çağırdığını eşidəndə yada salırdım ki, o mənim yaşıdım deyil, biz onunla uşaqlığımdan çox-çox sonralar Bakıda tanış olmuşuq. Çünki çox vaxt məndən böyük olduğunu unudurdu, hərdən də mən ondan kiçik olduğumu sanki yaddan çıxarırdım. Görünür gerçək dostluq belə olurmuş…

***

O, istənilən ovqatın hökm sürdüyü vəziyyətdə maraqlı və ağıllı həmsöhbət, məsləhətçi və həmdərd idi. Aylardır onun zəngi üçün darıxdığımı etiraf etməliyəm. 

O, mədəni, savadlı, istedadlı, çalışqan bir insan idi. Bir də ətrafda hər kəs hiss edirdi ki, o, olduqca əzmli bir insandır. Bəzən çaşırdıq, onun mərhəmətli qəlbini həm də sərt mübarizlik doldururdu. Həmişə darda olanın yanında idi, lakin haqsız bildiyinə ən sərt üzünü göstərirdi. Imkanlarının məhdud olduğu halda, o, başqasından borc alıb bir başqasına kömək edəcək qədər səxavətli idi, bununla yanaşı, ən xırda haqqını da haqsıza yedirtməzdi. Haqlı olmaq onun üçün həmişə meyar idi. Sevinirdim ki, belə bir adam mənim dostumdur.

***

Mənim dostum həm də bir çox dostlarımın dostu idi. Bilirsiniz bu nə deməkdir? Bizim hamımız üçün onun dayanmadan yazması, çarpışması, mübarizəsi bir yuxu kimi idi. Bizləri ölkənin ən tanınmış yazarları sırasında aid edirdilər, hamımız da ardıcıl yazanlarıq, amma biz yazı adamı olmayan bu insanın yazmaq həvəsinə heyrət edirdik. Bizə elə gəlirdi ki, biz yatanda o yatmır – yazır! Həm də yaxşı yazırdı! Həm də sadəcə yazmırdı, yazmaq onun üçün mübarizə üsulu idi və o son nəfəsinəcən öz arzuları üçün mübarizə apardı. Bu da var ki, onun gözəl arzuları var idi. Biz onun arzularına heyran idik, onun arzularına vurğun idi, belə bir arzu ilə yaşayan insanla dostluğun necə gözəl olduğunun fərqində idik.

***

Onun arzuları da həyatı kimi yarımçıq qaldı. Həm də olduqca böyük arzuları yarımçıq qaldı. O, Azərbaycanın məktəbi və təhsili üçün çalışırdı və bütün arzuları bununla bağlı idi. Artıq əminəm ki, kimdən söhbət getdiyini bildiniz, çünki onun arzuları və çarpışması hər kəsə bəlli idi. Hər kəs anladı ki, söhbət misilsiz bir insandan gedir. Əlövsət Osmanlıdan. Əlövsət müəllimdən. 

Mən əvvəlcədən yazdım ki, Əlövsət müəllimlə biz heç nəyə baxmayaraq, dost idik. Bu mənada, onun ölümünün mənim üçün necə ağrılı olduğunu, onun yoxluğunu hiss etməyin necə acı olduğunu, yəqin ki, anlayanlar var. Amma ona da əminəm ki, dost olmasaydıq da, onun vaxtsız ölümünü kənardan görəcək, buna görə yanacaq və böyük itki sayacaqdım. Çünki mətbuatda çalışaraq onun gördüyü işlərin qiymətini bilməmək mümkün deyildi. 

Əlövsət müəllim bir nəşriyyat sahibi kimi həm də öz dərsliklərinin davasını aparırdı. Öz haqqını da yedirtmək istəmirdi. Bəli, o, ən yaxşı dərsliklərin müəllifi idi. Hətta təhsil nazirinin ona qarşı danışdırdığı adamlardan bir bunu mənə açıq etiraf etmişdi: “Buna söz yoxdur ki, onun dərsliklərinin tayı yoxdur və özü də bu işi hamıdan yaxşı bilir”.

Mən bilərəkdən onun öz dərsliklərinin davasını da apardığını öncədən yazdım. Indi isə bir məsələni açacağam: ona dəfələrlə təklif olundu ki, dayansın, sussun, dərsliklərini də bərpa edəcəklər, əlavə olaraq, ona başqa layihələrdən yaxşı pul qazanmaq imkanı da verəcəklər. Bu təklif hətta sonda yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə edildi. Amma hər dəfə rədd edildi. Əlövsət Osmanlı deyirdi: “Bu adamlar elə bilir ki, mən dərslik və pul davası çəkirəm. Dərdim bu olsaydı, dərsliklərim əvvəlki kimi çap olunardı, elə davam başqa olduğu üçün onları kənarlaşdırdılar…”

Əlövsət Osmanlı bütün gücünü təhsilin yeniləşməsinə, onun bəlalardan azad olunmasına həsr etmişdi. Gecə-gündüz bunun üçün çalışırdı və onu susdurmaq mümkün olmurdu. Hətta yeni nazir onu tədbirə çağırdı, çıxışını məhdudlaşdırmaq istəyəndə, etiraz edib, zalı tərk etdi. O, sözünü demək istəyirdi, onun sözü çox idi. Yəni onun nazir problemi də yox idi, onun məktəb problemi vardı.

Bu mənada o, əvəzsiz idi, ona görə də, tez-tez təhsil gülməcələrini, problemlərini eşidən də  hələ də deyirik: “Əlövsət müəllim olsaydı, dünyanı dağıtmışdı indi…”

Təhsilimizdə onun yeri hər gün görünür, təhsilimizin problemləri azalmayıb və yox olmayınca onun yeri görünəcək. Belə bir ziyalı bizim xalqın bəxtinə çıxmışdı, təhsilin davasını aparmaq üçün, bədbəxtlikdən onu da ölüm dayandırdı. 

***

Bir dəfə mənə zəng etdi: “Təbrik edirəm, səni qağa. Şad xəbərim var!”

Düzü, çox sevindim. Heç onu bu qədər sevinən görməmişdim. Düşündüm ki, yəqin hansısa işi çox uğurlu olub, yaxın dost kimi məni təbrik edərək sevincini mənimlə bölüşmək istəyir.

Sonra dedi ki, Türkiyə təhsillə bağlı yeni proqram qəbul edib: “Proqramın adı bilirsən nədir? Fateh. Bu o deməkdir ki, artıq fəth etmənin, uğurun yalnız təhsillə olduğunu anlayıblar. Türkiyə doğru yoldadır və bunun bizə də faydası dəyəcək!”

Bax, Əlövsət müəllim belə bir insan idi. Onun sevinci  də arzuları kimi məktəblə, təhsillə, enində-sonunda bizim övladlarımızla, övladlarımızın və ölkəmizin gələcəyi ilə bağlı idi…

***

Nobel mükafatı almış yazar Miqel Asturiasın çox parlaq bir əsəri var – “Dəfn olunmuşların gözləri” (“Los ocos de los enterrados”, 1960). Bu əsərin məzmunu onun üzərində qurulub ki, öz ölkələri ilə bağlı böyük niyyətləri olan insanlar arzularına yetmədən öldükdə, onlar qəbirdə gözüaçıq yatırlar. Bu yozuma inansaq, Əlövsət müəllimin gözləri hələ açıqdır. Onun da arzuları gerçəkləşməyib.

Amma gerçəkləşəcək!

Bilmirəm, Əlövsət Osmanlının dərslikləri tədris olunacaqmı, heç olmasa qızıl fonda salınacaqmı, amma əminəm ki, məktəblər gec-tez onun istədiyi kimi olacaq. Onun bu iş üçün verəcəyi faydaların böyük və əvəzsiz olsa da, onun yeri hələ görünsə də…

Və bir arzumuz…

Böyük arzu ilə yanaşı, ümid edirəm ki, bir arzumuz da yerinə yetəcək. Azərbaycanın ən ucqar, gözdən-könüldən uzaq, kiçik kənd məktəbi onun adını daşıyacaq. Çünki o heç nəyin gözdən-könüldən uzaq qalmasını istəmirdi.