Yaxud, mənfi şəxsiyyətin müsbət əsəri haqqında…
Hansısa sayt Cəmil Həsənlidən müsahibə alıb. Vaqif Səmədoğlu ilə bağlı fikirlərini də təhrif edib. Saytın Milli Şura sədrinin dilindən yazdığına görə, guya, o, “ədəbiyyat adamından ictimai mövqe tələb etmək olmaz” deyib.
Sosial şəbəkələrdə bu mövqe əməllicə tənqid edildi. Cəmil Həsənli isə Şahvələd Çobanoğlu vasitəsilə bəyan etdi ki, o, belə fikir səsləndirməyib. Bu da bizi sevindirdi.
Amma açıq deyim ki, bundan daha sevindirici hal başqadır. Cəmil Həsənlini yaxından tanıyan, onunla bir süfrə arxasında oturan gənc ziyalılarımız bu fikri ən çox tənqid edənlərdən oldular. Zamin Hacı, Elnur Astanbəyli, Elmir Mirzoyev və bir çox ədəbiyyat, yazı adamlarımız. Bu, bizim son onillikdə əldə etdiyimiz ən böyük uğurdur. Özü də millətin taleyi baxımından çox əhəmiyyətli uğurdur.
Yaxşı şeir yazır, pis adamlığına dözək
Uzun illər gənc nəslin ən böyük problemi “altmışıncılar” deyilən ədəbi nəsillə Xalq hərəkatından çıxmış siyasilərin münasibətləri olub. Heydər Əliyevlə mübarizə aparan siyasətçilər Anarın kitablarını başlarının üstündə yerləşdirirdilər. Dinəndə də deyirdilər ki, “get Anar qədər yaz, sonra gəl onu tənqid elə”. Indi isə gün o gündür ki, heç kimi qafiyəyə görə əfv eləmirlər. Indi bizim ədəbiyyat adamlarımız həm də ortaya ictimai mövqe qoyurlar. Biz yazarın əsərini oxuyanda düşünmürük ki, o, şəxsən rejimin köləsidir. Indi bədii əsərlərdə mətnaltı eyhamlar yoxdur. Indi mətnlərə açıq illüstrasiya ya köləliyin təntənəsi, ya da azadlıq mübarizəsinin dəmir qandallarıdır. Deməli, pis adamı yaxşı şeirinə görə əfv etmək olmaz. Heç bir yaxşı şeir, zindanlardakı günahsız gənclərin taleyinə susqunluğa haqq qazandıra bilməz. Hətta gənc romançılardan biri də Anarı söyə-söyə, NIDA-çıların məhkəməsi boyu, aclıq aksiyaları zamanı bir cümlə “facebook” statusu da yazmadı.
Indi zaman çox dəyişib. “Haycan”la, “başına dönüm”lə könül almaq olmur. Gərək insan kimi mövqeyin olsun.
Cəmil Həsənli dedi ki…
Şahvələd bəy “facebook”da yazdı ki, Cəmil müəllim belə deyib: “Mən demişəm ki, bu millətin ziyalısı kəfən geyməlidir, bu fikrimi də dəyişməmişəm”.
Niyə də dəyişsin ki? Ölkəmizdə nə dəyişib ki, ziyalı kəfənini soyunsun? Bütün müllətimiz ölü rəftarı görmürmü? Bu ölkədə doğulmaqla ölü doğulmaq eyni deyilmi? Niyə soyunaq kəfəni?
Daha əfv yoxdur
Heç kim düşünməsin ki, onu hansısa keçmiş addımına görə indi bağışlayacaqlar. Artıq doğrular uğrunda bizim toplumun ən amansız savaşı başlayıb. Həqiqətə güzəştə gedən yalanla yaşamağa məcburdur. Indi hamı özünə çəki-düzən verməlidir. Siyasətçilər də, siyasətə iddia edənlər də, ziyalı da, ziyanlı da. Hamı anlamalıdır, bildiyini babasına verməyən elə bir nəsil yetişib ki, yalanlardan bezib. Spekulyasiyalardan doyub. Hamı özünü buna görə ayarlamalıdır.
Məncə, Cəmil müəllimlə bağlı baş verən bu yanlış bir naxış kimi başa düşülməlidir ki, hər kəs işini bilsin. Indi Ilham Əliyevdən qorxduğunu elan edib, onun opponentlərinə ağıl öyrətmək də ziyalılıq deyil. Çünki qorxu altında düz qərar qəbul etmək çətindir.
“Yaxşı qurtardıq” demək istəyirdim, amma “yaxşı başlayırıq” demək istəyirəm…