
Bir-biri ilə danışmayan diasporçuların Brüssel toplantısında nə baş verib?
Azərbaycan hakimiyyəti təkcə yol tikintisindən, binaların yalan-palan təmirindən pul qazanmır. Bu ölkənin büdcə pulları həm də xaricdə lobbiçilik, diaspor qurmaq adı ilə dağıdılır. Və üzlənən binalardan, yarı-yarımçıq çəkilən yollardan fərqli olaraq, diaspor və lobbiçilik üçün ayrılan pulu ölkə vətəndaşlarının görməsi demək olar ki, mümkünsüzdür.
Bu pullar hardan gəlir, kimə xərclənir, kiminlə xərclənir – bəlli deyil. Bir o bəllidir ki, Azərbaycan Prezident Administrasiyası və Diasporla Iş üzrə Dövlət Komitəsi diaspor və lobbiçilik adı altında həm istədikləri zaman xarici ölkələrə səfər edir, bahalı otellərdə qalıb kefləri istədikləri kimi istirahət edir, həm də ölkədəki korrupsionerlərin pullarını əcnəbi dövlətlərdə “təmizləyib” daşınmaz əmlaka çevirirlər.
Bu məsələlərə toxunacağıq. Indi isə bəzi vacib məqamlara diqqət yetirək.

Seçmə görüşlər problemi
Ötən həftə Diasporla Iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanov, qurumun digər bir səlahiyyətlisi Ilham bəy Belçika Krallığının paytaxtı Brüsselə səfər edərək, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və zamanında Azərbaycanda jurnalistlik etmiş bəzi şəxslərlə görüşüblər. Öncə görüşün keçirildiyi məkana gələk. Aldığımız məlumata görə, görüş Brüsselin mərkəzində yerləşən bahalı “Growne Plaza” otelində baş tutub. Görüşün maraqlı tərəfləri isə odur ki, Azərbaycan diasporasıyla bağlı müzakirələr zamanı diaspor rəhbərləri komitə səlahiyyətlilərilə ayrı-ayrılıqda görüşüblər. Səlahiyyətlilər əvvəlcə Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımov və onu müşayiət edən mətbuat xidmətinin rəhbəri Nasir Mahmudovla, sonra isə Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin başqanı Ilhan Aşkın, Niderlandda Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Ana Vətən Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, zamanında Azərbaycanda jurnalist kimi fəaliyyət göstərmiş, sonradan Azərbaycanı tərk etməyə məcbur olan Iradə Uluxanlı və Vüqar Abbasovla görüşüblər.
Biz görüşdə iştirak edənlərin kimliyi barədə ətraflı danışmaq istəmirik. Lakin maraqlı odur ki, söhbət birlikdən getsə də, Diaspor Komitəsinin nümayəndələri Benilüks Azərbaycanlıları Konqresinin rəhbərilə ayrı, bu şəxslərlə ayrı görüşüb.
Küsülü diaspor təşkilatları
Məsələ burasındadır ki, bu diaspor təşkilatları rəhbərlərinin əksəriyyəti bir-birilə danışmır. Məsələn, Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımovla Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin başkanı Ilhan Aşkın 2 ildir ki, bir-birlərinə salam vermirlər. Adamlar arasında əsl açıq savaş gedir. Zamanında Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin Azərbaycan qolları üzrə təmsilçi olmuş, indi isə Niderlandda Azərbaycan Evi təşkilatının rəhbəri olan Elxan Mirhəşimli ilə Ilhan Aşkının arası yoxdur. Eyni zamanda, Sahil Qasımov da Elxan Mirhəşimlidən xoşlanmır. Bu üzdən də o, Elxan Mirhəşimlinin təşkilat qurduğu Leuwaarden şəhərinin yaxımlığında yerləşən Groningen vilayətində Firəngiz Bağırova adlı bir xanımın vasitəsilə ikinci Azərbaycan diaspor təşkilatını qurub. Daha doğrusu, bununla onun fəaliyyətini kölgə altına almağa çalışıb.
Yəni, bu diaspor təşkilatlarının rəhbərləri Diaspor Komitəsindən imtiyazlara sahiblənmək üçün az qala, bir-birlərilə müharibə şəraitindədilər. Nəzərə alsaq ki, zamanında Azərbaycanı siyasi səbəblərdən dolayı tərk etmiş, indi isə Diaspor Komitəsinin ən yaxın adamlarına çevrilmiş Iradə Uluxanlı və Vüqar Abbasov da yeni-yeni səhnəyə daxil olurlar, onda vəziyyət aydın olar. Yəni, bu şəxslər də təşkilat yaradıb diasporçular üçün ayrılan projelerdə rol almaq istəyirlər. Belə qeyri-sağlam münasibətlərə görə, Diaspor Komitəsinin nümayəndələri diaspor təşkilatlarının rəhbərlərilə ayrı-ayrılıqda görüşməyə məcbur olublar. Hətta münasibətlər o qədər gərgindir ki, görüşün sonunda ümumi çəkilən şəkildə belə, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yoxdur. Təbii ki, bu da görüşün hansı sonluqla nəticələndiyini göstərir.
Bu görüş ərəfəsində isə Brüsseldə yaşayan diaspor təşkilatı nümayəndələrindən biri “Azadlıq”a “Growne Plaza” otelin önündə çəkdiyi iki fotonu göndərib. Həmin şəxs qeyd edir ki, Diaspor Komitəsi bu otelin yaxınlığında icarə haqqı ayda 4-5 min avro olan ofis tutub. Həmin ofis də guya, Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki mərkəzi kimi istifadə olunmalıdır. Əslində isə həmin ofisin bircə mərtəbə aşağıdakı qızıl dükanına bağlı olduğu barədə söz-söhbətlər dolaşır.
OCAZ-a altun baxış
Bu qədər söz-söhbət azmış kimi, diaspor təşkilatlarının başqa və bizə görə, daha əsaslı bir narazılığı da var. Onların hamısı mərkəzi ofisi Brüsseldə yerləşən OCAZ adlı Azərbaycan lobbi təşkilatına və özlərinə olan münasibəti müqayisə edirərək, belə hesab edirlər ki, bu münasibətlərdə böyük ədalətsizliklər var. Qərbi Avropada azərbaycanlıların hamısı bilir ki, OCAZ (Azərbaycanla kommunikasiya ofisi) olduqca böyük büdcəyə nəzarət edir. Daha çox Heydərizmin əsaslı təbliğat işlərinə cəlb edilən diaspor təşkilatları isə hesab edirlər ki, onlar OCAZ-ın gördüyü işləri daha keyfiyyətlə görə bilərlər. Üstəlik, OCAZ-dakı bir çox adamların adı, məhz, qeyri-peşəkarlıqları ucbatından avropalı deputatlara rüşvət qalmaqalında hallanıb. Amma buna baxmayaraq, OCAZ bütün diaspor təşkilatlarının fonunda daha əzəmətli yerdə saxlanılır.
OCAZ işləri barədə daha sonra…
Azad Akifoğlu


