Bu gün onun doğum günüdür. Təbriklər! Onun adı və və telefon nömrəsi hələ də mobilimdə qalır. Silə bilmərəm. O sıradan bir neçə nəfər də var ki, aradan illər keçsə də, zəngini gözləyirəm, o zəngin heç vaxt gəlməyəcəyini bilə-bilə.
Tanışlığımızın tarixi deyəsən, ötən əsrin axırlarına təsadüf edir. Əslində, mən o tanışlığı heç xatırlamırdım da, özü tez-tez yada salırdı. Bir yazıyla bağlı olub. Onun sözlərinə görə, Əlövsət müəllim üçün çox vacib olan yazını mən tərəddüdsüz çap etməklə ona böyük yaxşılıq eləmişəm. Bunu mənə deyəndə, daha doğrusu sonrakı intensiv əməkdaşlığımızda(“Azadlıq”la) dəfələrlə xatırladanda ilk çağlar ona inanırdım. Ancaq sonralar bu inamım itdi. Nədən? Əlövsət müəllim çox emosional idi, hamı kimi diqqəti, ona sayğını sevirdi(özünün başqalarına diqqətisə bəzən lap aşırı olurdu, belələrini, çox təəssüf, barmaqla saymaq olar). Onun başqa aşırı sevgisi təhsilə idi. Təhsilin namusunu çəkirdi. Ora uzanan namussuz barmaqları kəsməkdə çox amansız idi. Güzəşt yoxdu. Başqa bir aşırı sevgisi yazılara idi. Onunla sonrakı əməkdaşlıqda bunun dəfələrlə şahidi oldum və əvvəldə xatırlatdığım “həyati əhəmiyyətli” yazısı yadıma düşdü. Başa düşdüm ki, Əlövsət müəllimin bütün yazıları onun üçün həyati əhəmiyyətlidir. Əslində həmin ilk yazının çox önəmli olması barədə dedikləri bəlkə də məni “aldatmaq” üçünmüş. Yaxşı mənada.
Hər bir yazısı haqda “şedevr” ifadəsini işlədirdi, “qağa, başın haqqı” belə yazı yazılmayıb, hələ bir oxu, zəngləşərik” deyərdi. Təbii ki, heç zəngi gözləməz, az keçmiş ondan zəng gələrdi. Yeri gəlmişkən, elə “Azadlıq”da bəziləri onun aşırı zənglərinə cavab verməkdə həvəsli deyildilər. Telefonu götürmürdülər. Bunun ağırlığı da mənim çiynimdəydi. Istənilən əməkdaşın (yuxarı, aşağı – fərqi yoxdur) ona cavab verməməsindən sonra mənə zəng vururdu. Bəzən acığını da tökür, sonda da “ərkim sənə çatır” deyib durumun ağırlaşmasına imkan vermirdi. Mən də ya kimisə onunla calaşdırar, ya da onun əvəzindən problemi çözməyə çalışardım, hər dəfə alınmasa da. Məni ən çox ağrıdansa, onun qəfil ölümündən sonra deyilənlər, Əlövsət müəllimin zəngindən bezənlərin bəzisinin “elə istəyirəm ondan zəng gəlsin” arzusudur. Hərdən mənə elə gəlir ki, bu gecikmiş arzuların da onun ölümündə öz payı var…
Çeynənmiş söz olsa da, çoxları bu fikirdən – əvəzedilməz insan yoxdur – fikrindən qaça bilmir. Çoxlarımız da buna qarşı çıxırıq. Ancaq zamanın diqtəsi başqadır. Hər kəsin həyatda öz yeri, missiyası var və kimsənin o yeri tutması xəyaldır.
Əlövsət müəllimin yeri
O yer boşdur. Onun yoxluğundan keçən bir ilə yaxın zaman göstərdi ki, boş da qalacaq. Təkcə ona görə yox ki, o yeri tutacaq kimsə yoxdur, həm də ona görə ki, buna çalışan, can atan yoxdur. Misir Mərdanovla uzun illərin çəkişməsinin sonunda təhsil naziri dəyişdi. Təhsil sistemi dəyişmədi, onun davası da, çoxlarının yanlış olaraq qəbul etdiyi kimi, Misir Mərdanov deyildi. O, təhsil uğrunda mübarizəsini eyni şövqlə, bəlkə daha kəskin, Mikayıl Cabbarova qarşı da aparacaqdı. Bunu da zaman və “gənc kadr”dan gözləntilərin doğrulmaması təsdiqlədi. Bu həm də Əlövsət müəllimin təhsil nazirinə qarşı mübarizə aparmamasının göstəricisiydi…
Ürək dözsəydi… Cadar-cadar, param-parça olan ürək.
***
Bir gün Novxanıya – bağa getmişdik, dostlarla. O vaxtlar Murad Köhnəqalanın “Rostropoviç” şeiri dəbdəydi. Sən demə, Əlövsət müəllim bu şeiri eşitməyibmiş. Fürsətdən yararlanıb pleyeri ona yaxınlaşdırdım. Mən heç vaxt onun bu qədər ürəkdən güldüyünü görməmişdim. Gülməkdən gözləri yaş içindəydi…
Bu dünyada qoyub getdiklərinin gözləri kimi…