Xəzər Dəniz Gəmiçiliyində kütləvi ixtisarlar

«Yeni səhmdar cəmiyyətdə 11 min işçiyə ehtiyac yoxdur»

Aydın Bəşirovun əmisi oğlu tutduğu vəzifədən azad edildi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də kütləvi ixtisarlara start verilib. Bu haqda Axar.az-a QSC-in adının çəkilməsini istəməyən səlahiyyətlisi məlumat verib.
Məlumata görə, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə rəhbərlik etdiyi dönəmdə 1000-dən çox işçinin neqativ yollarla işə düzəlməsi faktı ilə bağlı araşdırma aparılır. Mənbə qeyd edir ki, bu işə götürmə kampaniyası Aydın Bəşirovun televiziya vasitəsi ilə “bizim işçilərimizin ən az maaşı 2000 manat olacaq” deməsindən sonra başlayıb. Prosesi Kadrlar Idarəsinin rəisi Rövşən Imamverdiyev və rəis müavini, Aydın Bəşirovun yaxın qohumu Firudun Ömərovun həyata keçirdiyi iddia edilir. Işə götürülənlərin sənədlərinin rəsmən qeydiyyata alınmadığı, sadəcə, Dəniz Administrasiyasına müraciət əsasında həmin adamların saxta yollarla işə düzəldiyi vurğulanır.

Yoxlamalar nəticəsində üzə çıxan bu faktlar üzrə kütləvi işdənçıxarma aparılır.
Pulları alınaraq, “müvəqqəti statusla” işə götürülən şəxslərin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə müraciət edəcəyi də verilən məlumat sırasındadır.

QSC sədrinin köməkçisi Vüqar Sadıqov məsələyə münasibət bildirib. “Yeni səhmdar cəmiyyətdə 11 min işçiyə ehtiyac yoxdur”,- deyə o, axar.az-a açıqlamasında vurğulayıb. Vüqar Sadıqov daha sonra deyib: “Buna kütləvi işdənçıxarma demək olmaz. Bu, sadəcə yeni qurumun yaradılması ilə əlaqədar olan təbii ixtisar prosesidir. Bildiyimiz kimi, cənab prezidentin sərəncamı ilə keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində təxminən 6 min, Xəzər Dəniz Neft Donanmasında isə 5 min adam işləyirdi. Yeni səhmdar cəmiyyətdə isə 11 min işçiyə ehtiyac yoxdur. Burada yeni və çevik kommersiya qurumu yaradılıb və onun da əsasında artıq ştat vahidləri ixtisara salınıb. Bu, təxminən, 1000-2000 arasında bir rəqəmdir”.

Işdən çıxarılanlara ixtisaslarına uyğun işlər təklif etdiklərini deyən qurum rəsmisi bəzi şəxslərin bunu qəbul etdiyini, bəzilərinin isə qəbul etmədiyini bildirib: “Işdən azad edilənlər arasında xeyli sayda təqaüdçü yaşına çatmış var idi ki, onlar təqaüdə göndərildi. Həmçinin, öz ixtisası üzrə çalışmayanlar var idi və onlar ixtisara salındı. Bizdə əsasən işçinin tutduğu vəzifəyə uyğun gəlməsinə və yeni strukturda ona ehtiyac olub-olmamasına nəzər yetirilir. Işdən çıxarılanların bir xeyli hissəsi var idi ki, dünənə qədər öz ixtisasına uyğun işləmirdi, amma bizim başqa bir qurumumuzda onun ixtisasına ehtiyac var və biz onlara özümüz başqa işlər təklif etmişik. Bu təkliflə razılaşanlar və razılaşmayanlar var”.

Vüqar Sadıqov işdən azad edilənlərin Xəzər Dəniz Gəmiçilik Idarəsinin keçmiş rəhbəri Aydın Bəşirovun qanunsuz yolla işə qəbul etdiyi işçilər olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “Bizdə elə bir məlumat yoxdur. Bu, hər hansı bir təhqiqatın, araşdırmanın mövzusudur və mən buna rəsmi heç bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, ixtisarlar yeni qurumun yaradılması ilə bağlı gedir və burada əsas meyar öz peşəsinə uyğunluq və professional keyfiyyətlərdir. Çünki yeni qurum mənfəətsiz, yəni ziyanla işləyə bilməz və ona görə ölçü götürülməlidir ki, müəssisə gəlirlə işləsin və işçilərin maaşı vaxtında verilsin. Bildiyimiz kimi, biz büdcədən maliyyələşmirik, yəni dotasiya almırıq. Yalnız yükdaşımalardan gələn gəlirlər hesabına tam təsərrüfatlı şirkət kimi işləyirik”.
Ixtisara salınacaq vəzifə və işçilərin sayının dəqiq bəlli olmadığını deyən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin köməkçisi prosesin davam edəcəyini açıqlayıb:

“Bu, davam edən prosesdir və işlədikcə özünü göstərəcək. Əgər hansısa idarədə ixtisar aparılıb, filan qədər işçi işdən azad edilibsə və gələcəkdə görsək ki, burada əlavə işçiyə ehtiyac var, o zaman yeni ştat vahidləri yaradılacaq. Hər bir halda, fərdi yanaşma qaydası ilə bu məsələlərə baxılacaq”.
Bu arada Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov tutduğu vəzifədən azad olunub. Publika.az-ın məlumatına görə, hazırda Rasim Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb.

Rasim Bəşirov ölkə başçısının sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.
Rasim Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.