
Rusiyanın Ukraynadan yan keçən “Cənub axını” layihəsi durduruldu
Bolqarıstan hökuməti Rusiyanın “Cənub axını” qaz kəmərinin ölkə ərazisində tikintisini Avropa Komissiyasının təzyiqləri ilə dayandırıb. «Virtualaz.org» saytı xəbər verir ki, Bolqarıstan hökumətinin ötən həftə qəbul etdiyi bu qərarın ardınca Serbiya da oxşar addım atıb. Avstriya və Macarıstanın da analoji addım atması gözlənilir.
Nəticədə Rusiyanın Ukraynadan yan keçməklə Avropaya çəkmək istədiyi yeni kəməri layihəsi iflasa uğrayacaq. Moskva bəyan edir ki, baş verənlər Ukrayna hadisələri ilə bağlıdır və Rusiyaya qarşı enerji şantajıdır.
Bolqarıstan baş naziri Plamen Oreşarskinin “Cənub axını” kəmərinin tikintisinin dayandırılması barədə qərar verdiyini ötən bazar günü bolqar KİV-ləri xəbər yayıb. Səbəb kimi Avropa Komissiyasının iyunun 3-də qəbul etdiyi tələbdir.
Həmin tələbə görə, Avropa İttifaqına üzv ölkələr “Cənub axını” kəməri layihəsinin Avropa qanunvericiliyinə, konkret olaraq Üçüncü Enerji Paketinin tələblərinə uyğunlaşdırılmasına qədər tikinti işlərini dayandırmalıdır.
Eyni zamanda Avropa Komissiyası “Cənub axını” kəmərinə digər qaz təchizatçılarının da buraxılmasını tələb edir.
Avropa Komissiyası həmçinin Bolqarıstanda “Cənub axını” kəmərinin tikintisi ilə bağlı keçirilmiş tenderin də nəticələrindən narazıdır. Bu tenderi Rusiya prezidenti Vladimir Putinin dostu, “Gunvor” neft treydinqi şirkətinin rəhbəri Gennadi Timçenkonun “Stroyqaztrans” şirkəti ilə Bolqarıstanın “Gasproekt Jug” şirkəti udub.
Beləliklə, Avropa Komissiyasının qərarından sonra Bolqarıstan dilemma qarşısında qalıb. Rusiyanın Bolqarıstanda mövqelərinin güclü olmasına baxmayaraq bu ölkənin hökuməti ya Avropa İttifaqından çıxmaq, ya da “Cənub axını”nı dayandırmaq barədə qərar verməli idi. Çünki Avropa Komissiyasının qərarları üzv ölkələr üçün məcburidir.
“East European Gas Analysis” şirkətinin rəhbəri Mixail Korçemkin hesab edir ki, Bolqarıstanın ardınca Avstriya, Macarıstan, həmçinin Aİ üzvlüyünə namizəd olan Serbiya da “Cənub axını”nın tikintisini dayandırmaq barədə qərar verə bilər.
Ekspertin qənaətinə görə, Rusiya bu layihəni həyata keçirmək üçün Aİ-nin şərtlərinə əməl etməli, “Cənub axını”na digər təchizatçıları buraxmalı olacaq.
Mixail Korçemkinin fikrincə, söhbət 2019-cu ildən başlayaraq Avropaya TANAP və TAP kəmərləri ilə ildə 10 milyard kubmetr qaz nəql etməyə hazırlaşan Azərbaycandan gedir. Əks halda “Qazprom” illərdir üzərində işlədiyi “Cənub axını”nı Aİ-nin dəstəklədiyi “Nabucco” layihəsi kimi dəfn etməli olacaq.
Rusiyanın Yanacaq və Energetika Nazirliyindən isə deyiblər ki, hələlik Bolqarıstan hökumətinin qərarı onlara daxil olmayıb. Nazirlikdən bildirildiyinə görə, Avropa Komissiyasının təzyiqləri siyasidir və məqsəd Ukraynadan yan keçməklə yeni kəmərin tikintisinə imkan verməməkdir.
Ekspertlərin qənaətinə görə, indi Rusiya buna cavab olaraq Ukraynaya qarşı təzyiqləri artıra, o cümlədən bu ölkəyə satdığı qazın qiymətini aşağı salmaqdan imtina edə bilər. Belə ki, Rusiya-Ukrayna qaz münaqişəsində “Cənub axını” əsas alver predmeti hesab olunurdu.
Bəs «Cənub axını»nın iflasa uğraması nə vəd edir və Azərbaycanın Rusiyanın enerji proyektlərinin gerçəkləşməsinə dəstək verməsi nə dərəcədə realdır? Amma bir məqamı qeyd etmək yerinə düşər ki, Avropa Birliyi Ukraynanı Avropa məkanına inteqrasiyaya təhrik etməklə yanaşı, Kiyevi Rusiyadan gələn təhdidlərdən də qoruyur.
Qubad İbadoğlu: «Rusiyanın imkanlarını daraldan bu qərar son anda Kremlin mövqelərini zəiflədir»
İqtisadçı Qubad İbadoğlu hesab edir ki, hazırda yaranmış geosiyasi situasiyada «Cənub Axını»ndan imtina Avropa Birliyi ölkələrində Rusiyaya qarşı formalaşan vahid mövqe kimi dəyərləndirilə bilər. Belə bir mövqeyin sərgilənməsində məqsəd Avropanı Rusiya təsirlərindən azad etməkdir: «Bu siyasət Rusiyanın Qərbə təsirini neytrallaşdırmaq məqsədilə həyata keçirilir. Avropa Birliyi ölkələrinin enerjiyə ehtiyacı olsa da, bu ölkələr siyasi vəziyyətdən irəli gələn qərarlara əməl edirlər».
Azərbaycanın Rusiyanın enerji proyektlərində iştirakına gəlincə isə hələlik bu ba barədə rəsmi mövqeyin olmadığını deyən Q.İbadoğlu vurğuladı ki, Azərbaycan həm tranzit, həm də qaz istehlakçısı kimi maraq doğurur.
Q.İbadoğlunun fikrincə, Rusiyanın imkanlarını daraldan bu qərar son anda Kremlin mövqelərini zəiflədir.
Xəyal


