Olmayan uğurun təbliğatı

Demək olar ki, ildə bir-neçə dəfə Qarabağ məsələsində əldə etdiyimiz uğurlardan, bu problemin həlli istiqamətində mühüm addımların atılmasından söhbət açılır. Bir qayda olaraq, ölkə başçısının istənilən xarici səfəri “Qarabağ qələbəsi” kimi təqdim edilir və ölkə başçısının düşməni cavab atəşi ilə susdurması təbliğatı aparılır. Televiziya kanalları, hökumətin nəzarətində olan mətbuat orqanları ən azı bir həftə bu səfərlərin önəmini diqqətdə saxlayırlar. “Əməkdar politoloq”lar “Lider” kimi kanallara çıxıb, 20 illik Qarabağ həsrətinin, virtual vüsalını yaradırlar. Bir müddət bu “uğur”un kölgəsi altında hərəkət edib, yeni “uğur” axtarışına çıxırlar.

Son günlər isə ölkə başçısının Astana sammitinə göndərdiyi məktub, bizi Qarabağa növbəti dəfə “yaxınlaşdırdı”. Belə bir təbliğat aparıldı ki, Ilham Əliyevin məktubu Ermənistanı vəlvələyə salıb və düşmən ölkədə zəlzələ yaradıb. Bütün bunlar o dövrdə baş verir ki, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır və 2016-cı ildəki köçürmələrdən söhbət gedir. Yəni, Qarabağdan didərgin düşənlərə, Qarabağın qaytarılmayacağının mesajı verilir. 

Ötən gün hökumət qəzetlərinin birində palaz boyda məqalə dərc olunmuşdu. Bu yazının yazılmasına səbəb də məhz həmin məqalə oldu. “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli və prinsipial mövqe sərgiləyir” başlıqlı məqaləni oxuyanda düşünürsən ki, artıq Şuşada kabab yeyirik.

Reallığa qayıdanda isə şahid oluruq ki, bu illər ərzində Qarabağ münaqişəsinin həllində prinsipsizlik və qətiyyətsizlik nümayiş etdirilib. Əgər, Qarabağ faktoru hakimiyyət maraqlarına qurban verilirsə, Qarabağ münaqişəsinin həlli üçün təklif olunan demokratiyadan imtina siyasəti yürüdülürsə, prinsip və qətiyyət bunun harasında görünür? Bu illər ərzində Qarbağdan uzaqlaşmağımız, xalqın Qarabağı unutması üçün qətiyyət göstərildiyinin şahidi olmuşuq. 

20 ildən artıqdır “diplomatik cəbhədə ciddi uğur əldə etmişik”  fikri, beynimizi “mozol” eləyib. Demokratik dünya ilə konflikt şəraitində yaşayıb, dünya qarşısında götürülən öhdəliklərə arxa çevirib, hansı diplomatik uğurdan danışmaq olar?

Biz bu illər ərzində nəinki diplomatik cəbhədə, döyüş cəbhəsində də məğlub olmuşuq. Atəşkəs dövründə minlərlə əsgərimizi itirmişik və ordu korrupsiya maşınına çevrilib.

Hakimiyyətimiz isə, Sarkisyanın aciz vəziyyətdə olmasından danışır. 20 faiz torpağı işğal etmək acizlikdirsə, 22 il bu işğal ilə barışmaq nədir?

Mövcud hakimiyyətin indiyə qədər əldə etdiyi “uğur”lar, məğlubiyyətimizin ömrünün uzanmasına xidmət edib. Yəni, bu illər ərzində xalq “Qarabğı almışıq” xəbəri ilə sevindirilməyib, “Qarabağı ala bilərik” xəbəri ilə ümidləndirilib.

Dünyanın heç bir ölkəsində, heç bir normal hakimiyyət, məğlubiyyəti uğur kimi təqdim etməyə cəhd etməz. Qarabağ məsələsində diplomatik uğurdan danışmaq, xalqı ələ salmaqdan başqa bir şey deyil.

Analoqsuz iqtisadi inkişafı, yoxsulluğun səviyyəsinin aşağı düşməsini, yeni iş yerlərinin açılmasını, gənclərə göstərilən qayğını gözümüzə soxdunuz və biz də razılaşdıq. Yəni, bu qənaətə gəldik ki, hakimiyyətin qazanından qidalananların iqtisadi vəziyyəti gözəlləşib, bu təbəqənin gəncləri qayğısız yaşayır və bir qrup məddah gənc işlə təmin olunub.

Amma, Qarabağ məsələsində bu “qısır” uğurları təbliğata çevirməyin. 20 yerdə villa tikdirməklə, iqtisadi vəziyyətin yaxşılığını göstərə bilirsiniz, 20 qarış torpağın azad edildiyini göstərə bilmədiyiniz halda, Qarabağdan danışıb ürəyimizi bulandırmayın.

Olmayan uğurun təbliğatın aparmaq, ən böyük dələduzluqdu.