Kəmaləddin Heydərov Ərdoğana “xod” axtarır

«Fövqəlnazir»in Bəşir Atalayı təltif etməsinin pərdəarxası

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə ilə münasibətlərindəki gərginlikdən narahat olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş nazir postuna iddialı olan Kəmaləddin Heydərov hakimiyyətdə ən güclü fiqurlardan olan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə anlaşmadan sonra Türkiyənin onun baş nazir olmasına maneə törədə biləcəyini düşünür.

Qeyd edək ki, Türkiyə Azərbaycan siyasətinə təsir etmək gücündə olan ölkədir və zaman-zaman bunun şahidi olmuşuq. Doğrudur, Rusiyanın da Azərbaycana təsiri var. Lakin Kəmaləddin Heydərovun Rusiya siyasi dairələri ilə münasibətləri pis deyil. Hətta bəzi iddialara görə, “fövqəlnazir” Azərbaycanda ruspərəst qüvvələrin başında dayananlardan biridir. Türkiyə hökuməti ilə isə münasibətlər pisdir. Hələ bir müddət əvvəl Ərdoğan hakimiyyətini təbliğ etdiyi artıq şübhə doğurmayan məşhur “Kurtlar Vadisi Pusu” serialında Kəmaləddin Heydərov “vurulmuşdu”. Həmin serialda “fövqəlnazir” elə Kəmaləddin adı ilə canlandırılmışdı. O, Israilin adamı kimi təqdim edilmişdi. Polat Ələmdarın Azərbaycandakı adamını öldürən Kəmaləddin serialın sonrakı bölümündə Azərbaycanda fəaliyyət göstərən limonad zavodunda (Kəmaləddin Heydərovun şirəli su biznesi ilə məşğul olduğu bəllidir. Azərbaycanda populyar olan “Jalə” şirələri “fövqəlnazir”ə məxsus olan “Gilan Holdinq”in məhsuludur) öldürülür. O zaman bu, Azərbaycan mətbuatında çoxsaylı müzakirələrə səbəb oldu. Kəmaləddin Heydərovun “Kurtlar Vadisi Pusu”da “vurulması” Ərdoğan hakimiyyətilə “fövqəlnazir” arasında qarşıdurmanın olması barədə ehtimalların irəli sürülməsini şərtləndirdi. Ərdoğanın Bakıya səfərindən sonra Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən saytlardan birində Ergenekon olaylarında həbs edilən Vəli Küçük Paşaya tribuna verilməsi və onun Türkiyə hökumətini tənqid etməsi bu ehtimalları bir qədər də gücləndirdi.

Kəmaləddin Heydərovun Türkiyə hökumətilə narahatlığının bir səbəbi də Qərbin onu qəbul etməməsidir. Hər halda “fövqəlnazir” Qərbdə Azərbaycan hökumətinin ən korrupsioner məmuru kimi xarakterizə edilir və onun baş nazir seçilməsi Qərb üçün arzuedilən deyil. “Fövqəlnazir” də bunun fərqindədir. Ona görə də Türkiyə ilə münasibətləri qaydasına salmaq “fövqəlnazir” üçün zərurətə çevrilib.

Kəmaləddin Heydərov artıq bu istiqamətdə əməli addımlar atmağa başlayıb. Iddialara görə, “fövqəlnazir”in Türkiyə baş nazirinin müavini Bəşir Atalayı ordenlə təltif etməsi Ərdoğana jestdir. Bəşir Atalay Ərdoğanın ən yaxın adamlarından biri kimi tanınır. Qəbələdə keçirilən fəlakət riskinin azaldılması üzrə 7-ci Beynəlxalq Konfransa o da dəvət alıb. Elə həmin konfransda Kəmaləddin Heydərov “Xidmət medalı”nı Bəşir Atalayın döşünə taxıb.

Məlumatda o da bildirilir ki, həmin ərəfədə Bodrumda keçirilən türkdilli dövlətlərin sammitində baş nazir postuna başqa bir iddialı oliqarx – nəqliyyat naziri Ziya Məmmədovun ölkə başçısı Ilham Əliyevin yanında oturması Kəmaləddin Heydərovu təşvişə salıb. “Fövqəlnazir”in həm də bu səbəbdən tələsik Ərdoğan hökumətilə qardaşlaşmaq qərarına gəlib. Kəmaləddin Heydərov ehtiyat edir ki, baş nazir məsələsində Ziya Məmmədov ondan irəli düşərək Türkiyə hakimiyyətinin dəstəyini qazana bilər.

İnformasiya şöbəsi