Spiker sərlövhənin dəyişildiyini söyləyir
Mehman Əliyev: “ITAR-TASS rəsmi şəkildə təkzib verməyənə qədər, mən hesab edəcəm ki, Oqtay Əsədov belə fikir söyləyib”
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Ukrayna məsələsində Rusiya nümayəndə heyətinə dəstək vəd edib, xəbəri ITAR-TASS yayıb. “Biz Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik, Rusiyanın ümidlərini başa düşürük, bütün bunları görürük. Hesab edirəm ki, ATƏT-in strateji tərəfdaşı olaraq biz də eyni platformadan çıxış edəcəyik”, deyə o, Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşdə bildirib.
O.Əsədov qeyd edib ki, “Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”. “Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük məmnuniyyətlə sizi ATƏT-in sessiyasında gözləyəcəyik. Ümid edirəm ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də eyni platformadan çıxış edəcəklər”, deyə Azərbaycan Parlamentinin rəhbəri əlavə edib. Öz növbəsində, Narışkin qeyd edib ki, “Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində” maraqlıdır.
Bu xəbər yayıldıqdan sonra Milli Məclisin mətbuat xidməti yayılan xəbəri təkzib etdi və bunu Bakı ilə Kiyev arasında nifaq salmaq cəhdi kimi qiymətləndirdi. Daha sonra Milli Məclis bununla bağlı bəyanatla çıxış etdi: “Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir” – deyə bəyanatda bildirilir.
Oqtay Əsədov özü isə “AzərTac”a açıqlamasında bildirib ki, agentlik sərlövhəyə dəyişiklik edib: “Bəri başdan qeyd edim ki, sizin dediyiniz məlumatın sərlövhəsində səhvə yol verilmişdi. Həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik edib. Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir” – deyə Oqtay Əsədov bildirib.
Ancaq, Azərbaycan hakimiyyətinin təcrübəsində belə hallara tez-tez rast gəlindiyi üçün, bu təkziblər heç kimə inandırıcı görünmədi. Digər, tərəfdən ITAR-TASS kifayət qədər nüfuzlu və ciddi agentlikdir. Belə bir agentliyin yanlış materialı ictimailəşdirməsi də ağlabatan deyil. Həm də Azərbaycan hakimiyyətinin Ukraynada baş verənlərə münasibəti, Qərbə inteqrasiya siyasəti də hamıya məlumdur.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Oqtay Əsədovun belə fikirlər səsləndirməsi hakimiyyətin yürütdüyü siyasətə uyğundur: “Yerli mətbuatda hər hansı yanlış informasiya dərc olunanda, dərhal təkzib verməyi tələb edirlər. Əgər, ITAR-TASS real olmayan fikirləri dərc edibsə, niyə rəsmi şəkildə təkzib verilməsini tələb etmirlər? Mən hesab edirəm ki, həqiqətən də belə söhbət olub. Çünki, biz şahid olmuşuq ki, hakimiyyət nümayəndələri Irana gedəndə Qərbin təzyiqlərindən, Qərbə gedəndə Rusiya və Iranın təzyiqlərindən danışırlar. Ona görə də bu xətt, bu yanaşma, bu mövqe hakimiyyətdə normadır. Bu gün bir söz deyirlər, sabah başqa bir vəd verirlər. ITAR-TASS rəsmi şəkildə təkzib verməyənə qədər, mən hesab edəcəm ki, Oqtay Əsədov bu sözləri deyib”.
Akif


