Yeni nəsil yazıçılardan Seymur Baycan bir neçə il öncə söyləmişdi ki, devrim döyüşlərinin qəhrəmanlıq və cəsurluq simvolu olan Çe Gevara indi bizimlə bir ölkədə yaşasaydı, YAP hökuməti onun cibinə narkotika atıb çoxdan həbs etmişdi. Bu fikir Çe Gevaraya atmaca deyildi, o demək idi ki, bizdə də igidlər və etirazçılar var, bizdə də ağlı başında olanlar var. Nə qədər özümüzə tənqidi yanaşsaq da, tam ifrata vara bilmərik. Dəyişməsi üçün, çağdaş sırada dayanmağı bacarması üçün bizim xalqın və toplumun qarşısında çox əngəllər var. Ciddi maneələr var.
Təkcə ictimai fəalların qarşısında əngəllər yoxdur, bütünlüklə toplumum qarşısında əngəllər var. Cəsur gəncliyi təşkilatlanmağa qoymadıqları kimi, cəmiyyəti də daha aydın mövqe tutmağa qoymurlar. Korrupsiyanı inkişaf etdirdikləri kimi, yaltaqlığı da inkişaf etdirirlər. Mətbuatı boğduqları kimi, xalqın ifadə azadlığını da boğurlar. Partiyaları əzdikləri kimi, sadə adamları da əzirlər. Biz də bu əngəlləri aşa bilmirik. Yaranmış vəziyyət bizim qanımızdan, genimizdən, soyumuzdan gəlmir. Biz də bütün başqa xalqlar kimi insanlığın universal xüsusiyyətlərini daşıyırıq. Bizi ayrı Tanrı yaratmayıb, nə də ayrı meymunlardan əmələ gəlməmişik.
Təkcə siyasi rejimin yaratdığı əngəlləri də demirik, bir çox mental və tarixi xüsusiyyətlər də bizim cəmiyyətə dəyişməkdə problemlər yaradır. Ancaq ən başlıcası siyasi əngəllərdir. Faşizm təcrübəsi göstərdi ki, siyasi əngəllər Avropa xalqlarını da ən acı duruma sala bilir. Ayrı-ayrı hallarda bizim cəmiyyətin yetirdiyi insanlar elə uğura imza atırlar ki, onda doğrudan da bizim həmişəlik əngəlli olmadığımız tam aydın görünür.
Bu yaxınlarda üstündə çox az dayandığımız bir hadisə baş verdi. Özgə vaxt Azərbaycan təbliğatı, azərbaycanlıların uğuru ilə hayqıran TV-lər bu barədə susdu. Alternativ media da çox dayanmadı bu məsələnin üzərində. Azərbaycanlı gənc Murad Həsənli London bələdiyyəsinin üzvü seçildi. O gəncin ölkədən didərgin salınması, burada heç bir uğur qazanmayacağı və yəqin ki, həbsə atılacağı ayrı bir mövzudur. Onun uğur qazanması üçün imkan və haqlar da bizim deyil. Amma bizim bir gənc o şərtlər daxilində parlaq bir uğura imza ata bilib və bu, danılmaz faktdır.
Elə dünən gənc fəal Bəxtiyar Hacıyev maraqlı bir xəbər paylaşdı: “Quba liseyi məzunu, Beynəlxalq Fizika Olimpiadasının qızıl medalını almış, MIT məzunu Tural Bədirxanlının həmtəsisçisi olduğu NamoMedia şirkətini Twitter 50 milyon dollara alıb”.
ABŞ-ın ən məşhur texniki universitetini bitirən Tural Kaliforniyada qalmayıb Azərbaycana qayıtsaydı, bu uğuru əldə edə bilməzdi. O, indi milyonçudur və pulu korrupsiya ilə qazanmayıb. Bu da sübut edir ki, biz qarşılaşdığımız əngəllərə görə indiki xoşagəlməz durumdayıq. Ancaq biz də çağdaş və azad toplumlar qura bilərik.
O ki qaldı, əngəlləri aşmağa, bu da həlli mümkün olan bir vəzifədədir. Ötən yazımda Uilyam Qoldinqin dünya şöhrətli “Milçəklər kralı” əsərindən misal gətirdim. Əsərin qəhrəmanlarından biri qışqırıb kömək istəyir, bildirir ki, ilişib və tərpənə bilmir, onu bu əngəllərdən qurtarmağa kimsə kömək etsin. Halbuki o ən zərif otlara ilişib, heç də Sizif kimi dağlara qandallanmayıb. Biz də ən zərif əngəllərə, ən zərif qorxulara, ən zərif tamahlara, ən zərif hiylələrə, ən zərif adətlərə, ən zərif münasibətlərə və ədavətlərə ilişmişik.
Indi sadəcə olaraq, dəyişməyimizə çalışan çox adam gərəkdir. Sanki hər şey həll edilib, hər şey hazırdır, ancaq daha çox adam fərqli bir Azərbaycanın olması üçün təbəssümlə meydana çıxmağa hazır olmalıdır. Zərif “otlar” qırılacaq, əngəllər yox olacaq. Sadəcə, budur məsələ.