Vəfa Quluzadə: «Putinin hazırda əsas məqsədi öz siyasətini davam etdirməklə yanaşı Qərblə münasibətləri normallaşdırmaqdır»
Ukraynadakı prezident seçkilərindən sonra yaranan yeni geosiyasi durum bir sıra suallar yaradır. Ən maraqlısı isə Rusiya prezidenti Vladimir Putinin son zamanlar atdıqları addımlardır.
Fransanın şimalında D-Day gününün 70-ci ildönümü mərasimində iştirakı zamanı Putin Almaniya Kansleri Angela Merkel, Britaniya baş naziri Devid Kameron, Fransa prezidenti Fransua Ollandla görüşüb. Putinin Ukraynanın yenicə seçilmiş prezidenti Petro Poroşenko ilə də görüşü olub. Rusiya prezidentinin ABŞ prezidenti Barak Obama ilə də qısa müzakirəsi baş tutub.
Maraqlıdır ki, Putin bir tərəfdən Qərb dövlətlərinin rəhbərləri ilə bu cür görüşlər keçirsə də, digər tərəfdən Qərbi hədələməyi də unutmur. Putin Fransaya səfəri ilə bağlı danışarkən bildirib ki, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalayacağı təqdirdə Rusiya iqtisadiyyatını müdafiə etmək üçün addımlar atacaq. Putin bu barədə Böyük Britaniya, Fransa və Almaniyaya da xəbərdarlıq etdiyini söyləyir.
Hazırda cavabı axtarılan əsas suallardan biri Putinin Qərblə təmaslarının nəyə xidmət etməsiylə bağlıdır? Putin Qərblə yaxınlaşmağa çalışır, yoxsa əksinə Qərbə qarşı təzyiqlərini, aqressiyasını daha gücləndirməyi düşünür?
Politoloq Vəfa Quluzadə hesab edir ki, hazırda Putinin sərgilədiyi siyasət və atdığı addımlar onun nə dərəcədə acınacaqlı mövqedə olduğunu göstərir: «Putinin bu davranışını müşahidə edərkən nədənsə yadıma Rəsul Rzanın bir şeiri yadıma düşür. Rəsul Rzanın belə bir fikri var idi. «Qorxuda qorxuda, özü qorxa qorxa, o, yol axtarırdı». Putinin hazırkı fəaliyyəti də bu şeir misrasındakı fikirləri əks etdirir. Putin bir tərəfdən Qərbi hədələsə də, digər tərəfdən Qərbdən çəkinir. Çünki hazırda Rusiyanın üzləşdiyi qüvvə olduqca güclüdür. Rusiya hazırda Amerika ilə Avropa Birliyinin birgə cəbhəsinə qarşı mübarizə aparır. Putin bundan əvvəl yürütdüyü siyasəti ilə həmişə ABŞ ilə Avropa Birliyinin arasını vurmağa çalışırdı. Putinlə Avropa Birliyinin olduqca geniş iqtisadi əlaqələri var. Avropa Rusiyaya xammal mənbəyi kimi baxır. Amma bunun fonunda Avropa Rusiyadan heç bir təhlükə göstərmir. Çünki Avropa ölkələri NATO kimi bir təşkilatda birləşib».
Avropa ölkələrinin Rusiya ilə bəzi silah satışı proyektlərinin Rusiyaya verilən pulların geri qaytarılmasına xidmət etdiyini deyən V.Quluzadə bildirdi ki, amma bu siyasət də tədricən dəyişir. Çünki Rusiya imperialist siyasətinə nə qədər sadiq olduğunu Krımı işğal etməklə sübut etdi: «Putinin hazırda əsas məqsədi öz siyasətini davam etdirməklə yanaşı Qərblə münasibətləri normallaşdırmaqdır. Putin çalışır ki, Qərb Krımın işğalı ilə tam formada barışsın. Putin istəyir ki, Qərb ondan Ukraynanın şərqində sabitlik yaratmağı xahiş etsin. Putinin əvvəlcədən müəyyənləşdirdiyi siyasətini dəyişmədiyini onun Avrasiya İttifaqı yaratması sübut edir».
Xəyal


