Ukrayna Poroşenko ilə yeni dövrə qədəm qoydu

Dünya liderləri Kiyevdəki andiçməyə axışdı FOTO

Co Bayden: «Amerika sizinlədir!»

Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun təntənəli andiçmə mərasimi keçirilib. Ali Radada keçirilən andiçmə mərasimində Ukraynanın keçmiş prezidentləri – Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, eləcə də sabiq baş nazir Yuliya Timoşenko, xarici qonaqlardan ABŞ-ın vitse-prezidenti Co Bayden, Polşa prezidenti Bronislav Komorovski, Litva prezidenti Dalya Qribauskaiti, Isveçrə prezidenti Didye Burqhalter, Almaniya prezidenti Yoahim Qauk, Belarus prezidenti Aleksandr Lukaşenko, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Birliyinin prezidenti Van Rompey, Kanadanın baş naziri Stiven Harper və digərləri iştirak edib. Inauqurasiya mərasimində Rusiyanı Ukraynadakı səfir Mixail Zurabov, Azərbaycanı isə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Poroşenko ukraynalılara nələr vəd etdi?

Poroşenko əlini “Incil”ə basaraq sədaqət andı içib: “Mən, xalqın iradəsilə Ukrayna prezidenti seçilən Pyotr Poroşenko bu yüksək posta keçərək təntənəli şəkildə Ukraynaya sədaqət andı içirəm. Öz əməllərimlə Ukraynanın suverenliyi və müstəqilliyini qorumağa, Vətənimin və Ukrayna xalqının rifahının qayğısına qalmağa, Ukrayna Konstitusiyasına və qanunlarına əməl etməyə, həmvətənlərimin maraqları çərçivəsində vəzifəmi yerinə yetirməyə, Ukraynanın dünyada nüfuzunun yüksəlməsinə çalışmağa söz verirəm”.

Poroşenko Ukrayna prezidenti andını imzası ilə təsdiq edib.
And içəndən sonra bir sıra açıqlamalar verən Poroşenko deyib ki, Ukrayna unitar dövlətdir və belə də qalacaq, heç bir federallaşma olmayacaq.
O, Şərqi Ukraynadakı separatçılara, silahı yerə qoyacaqları təqdirdə amnistiya veriləcəyini, ancaq bunun ağır cinayətlər törədənlərə şamil edilməyəcəyini bildirib. Həmçinin, muzdlu döyüşçülərin də Ukraynadan çıxması üçün dəhliz yaratmağa hazır olduqlarını deyib.

Yeni prezidentin Rusiya ilə bağlı planları

Poroşenko eyni zamanda, Rusiyanın Federasiya Şurasının bu ölkənin silahlı qüvvələrindən Ukrayna ərazisində istifadəsinə imkan verən qərarının qüvvədən düşəcəyinə ümidini ifadə edib. Həmçinin bildirib ki, hərbi konflikt gedən ərazidə Rusiya ilə birlikdə sərhədlərin bağlanmasını planlaşdırır.

“Biz üç məsələdə razılaşma əldə etmişik. Rusiyanın rəsmi nümayəndəsi Ukraynaya gələcək və biz birlikdə vəziyyətin nizamlanması üçün hər iki tərəfdən atılmalı olan ilk addımları, planları müzakirə edəcəyik. Biz qarşıya qoyduğumuz məqsədə nail olmaqda israrlıyıq və bazar günündən danışıqlara başlayırıq”, – deyə Poroşenko bildirib.

Tədbir Sofiya meydanında davam edib.

ABŞ-dan önəmli mesaj

Andiçmə mərasimindən sonra Poroşenko Co Baydenlə görüşüb. Görüşdə ABŞ-la əməkdaşlığın inkişafına inamını ifadə edən Poroşenko eyni zamanda, Ukraynanın mövqeyini dəstəklədiyi üçün ABŞ-a minnətdarlığını ifadə edib: “Ukrayna daim Amerikanın güclü dəstəyini hiss edib. Əminəm ki, iki ölkə arasındakı əməkdaşlıq davam edəcək. Ukraynadakı dəyişiklik sayəsində biz yeni demokratik Avropa ölkəsi olacağıq”.

Bayden də öz növbəsində Amerikanın Ukraynaya dəstəyini davam etdirəcəyinə əminliyini vurğulayıb: “Amerika sizinlədir!”
Co Baydenin fikrincə, hazırda Ukraynadakı gərginliyin sülh yolu ilə aradan qalxması üçün hazırda imkanlar var. Amma bu imkanlar daimi deyil, lazımi addımlar atılmasa, həmin imkanlar itirilə bilər.

Lukaşenko: “Ukrayna Krımı itirməməlidir!”

Inauqurasiya mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko da Ukrayna ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Ukrayna Krımı itirməməlidir, keçmiş prezidenti Viktor Yanukoviçi də ölkəyə qaytarmalıdır.
Lukaşenkonun fikrincə, rəsmi Kiyev Moskva ilə də münasibətləri yaxşılaşdırmalıdır: “Krım məsələsi Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmalıdır. Hesab edirəm ki, belə də olacaq. Krıma gedin və razılaşın ki, ora Ukraynanın olsun. Oranı itirməyin!”
Lukaşenko Viktor Yanukoviçin yardım üçün ona müraciət etməsi barədə yayılan məlumatları da təkzib edib: “O, məndən heç nə xahiş etməyib. Belarusda onun valideynlərinin doğulduğu kənd var. Ora gəlmək istəsə, heç kim bunu ona qadağan edə bilməz. Ancaq mənim sizə bir məsləhətim var – öz prezidentinizi Ukraynaya gətirin. Qoy, o, sizinlə olsun”.
Lukaşenko Yanukoviçin ölkəyə qayıtmasında vasitəçi olmağa razılığını da bəyan edib: “Məndən asılı bir iş olsa, kömək eləməyə hazıram!”

Donetskdə terrorçuların liderinə qarşı sui-qəsd

Dünən Donetskin mərkəzində terrorçuların liderinin köməkçisi Maksim Petuxin güllələnib. Ukrayna mediasının yaydığı xəbərə görə, Donetsk terrorçularının lideri, özünü “Donetsk Xalq Respublikası Ali Şurasının sədri” adlandıran Denis Puşilinə sui-qəsd olub. Puşilin heç bir xəsarət almasa da, köməkçisi qətlə yetirilib.
Hadisə Donetsk Vilayət Administrasiyasının binasının yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, Puşilin və köməkçisi həmin ərazidəki “Millenium” restoranının yanında avtomobildə olub. Bu zaman hərəkətdə olan başqa bir avtomobildən təxminən 15 dəfə atəş açılıb.

Ukraynalı deputat rusiyalı jurnalisti Ali Radadan qovdu

Ukrayna Radikal Partiyasının sədri, deputat və prezidentliyə keçmiş namizəd Oleq Lyaşko rusiyalı jurnalisti Ali Radanın binasından qovub. Lyaşko foyedə rusiyalı jurnalistin vəsiqəsini əlindən alır və onu cırmağa çalışır. Sonra o, jurnalistlə mübahisəyə başlayır və ondan parlament binasını tərk etməyi tələb edir. Jurnalist buna əməl etməyincə, deputat onu zorla binadan çıxarır. Lyaşko jurnalisti Rusiyanın Ukraynaya qarşı etdiklərinə görə çox sərt sözlərlə acılayır.
Şoyqudan Ukraynada həbs olunan jurnalistlərlə bağlı göstəriş Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Ukraynada həbs olunmuş rusiyalı jurnalistlərdə bağlı göstəriş verib. Nazir bildirib ki, “Zvezda” telekanalının iki əməkdaşının azad edilməsi üçün bütün mümkün qanuni tədbirlər görüləcək.
Xatırladaq ki, rusiyalı jurnalistlər Andrey Suşenkov və Anton Malışev iyunun 6-da Ukraynada Milli Qvardiya tərəfindən saxlanılıb. Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib. Jurnalistlər Slavyanskda izləmə əməliyyatında şübhəli bilinir.
Operator Suşenkov və səs mühəndisi Malışev iyunun 4-də qanuni yolla Ukraynaya gəliblər. Rusiya mediası yazır ki, onların məqsədi Ukraynanın yeni prezidentinin iyunun 7-də keçirilən andiçmə mərasimini işıqlandırmaq olub.
Jurnalistlərlə yanaşı, onların sürücüsü – ukraynalı Ruslan Zaslavski də həbs olunub. Amma o, bir qədər sonra sərbəst buraxılıb.

İnformasiya şöbəsi