as-pa

Əliyev Avropa Şurasında dalana dirənə bilər

Azərbaycan hakimiyyətini çətin suallar gözləyir

Gültəkin Hacıbəyli: «Elmar Məmmədyarov Avropa Şurasının sessiyasında siyasi məhbuslar, insan haqları, demokratiya ilə bağlı sualları cavablandırmalı olacaq»

Avropa Şurası Parlament Assambleyasının iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi bəlli olub. AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək. Daha sonra o, parlamentarların suallarını cavablandıracaq. Həmin gün qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı dinləniləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr olacaq.
Iyunun 25-də isə, Azərbaycan prezidenti Ilham Əliyev sessiyada çıxış edəcək. Sessiya zamanı Avropa Şurası baş katibi vəzifəsinə seçki keçiriləcək və Avropa Insan Haqları Məhkəməsinə yeni hakimlər seçiləcək. Bundan əlavə, sessiyada Avropa Insan Haqları Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər mövzular üzrə debatlar keçiriləcək.
Bu sessiya elə bir vaxta təsadüf edir ki, Azərbaycanda hüquq müdafiəçilərinə basqılar artır, vətəndaş cəmiyyəti sıradan çıxarılır və siyasi məhbuslarla bağlı heç bir beynəlxalq öhdəliyə əməl olunmur. Eyni zamanda Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik dövrü başlayıb.
Belə bir şəraitdə AŞPA-nın iyun sessiyası, Azərbaycan hakimiyyəti üçün hansı “sürpriz”ləri ortaya çıxaracaq?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəylinin fikrincə, iyun sessiyası hakimiyyət üçün çətin sınaqlar vəd edir: “May ayının 14-dən etibarən Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik edir. Bu 6 ay ərzində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri olacaq. Bu müddət ərzində keçiriləcək sessiyalarda Elmar Məmmədyarov Avropa məkanında baş verənlərə münasibət bildirəcək və demokratiya, tolerantlıq, qanunun aliliyi, insan haqları ilə bağlı sualları cavablandıracaq. Paradoks ondan ibarətdir ki, insan haqlarından, qanunun aliliyindən danışan Elmar Məmmədyarov öz ölkəsi haqqında verilən suallara açıq cavab verə bilmir və aciz qalır. Bakıda keçirilən toplantıda da gördük ki, Elmar Məmmədyarova siyasi məhbuslarla bağlı suallar verildi və bu suallara cavab vermək çətin oldu. Iyun sessiyasında da Azərbaycan hakimiyyətini ciddi sınaq gözləyir. Yəni məhkəmələrin iflic vəziyyətdə olması, siyasi fəalların təqib edilməsi, repressiyaların həyata keçirilməsilə bağlı suallara cavab verməli olacaqlar. Hesab edirəm ki, kifayət qədər gərgin bir sessiya olacaq”.

Akif