Həmişə gülümsəyən insanlar ölkəsi

Yazımızı sualla başlayaq. İki suala cavab verməyə çalışın.

Bir: axırıncı dəfə nəyə ürəkdən təəccüblənib sevinmisiniz? 

İki: hansısa rəsmi sənəd üçün foto çəkdirərkən üzünüzə verdiyiniz mimika yadınızdadımı? 

Bu suallar ətrafında 1 dəqiqə düşünün, sonra qaldığınız yerdən davam edək. Cavablarını unutmayın, onlara sonda yenə qayıdacağıq.

O gün ABŞ-da turistlər üçün müvəqqəti şəxsiyyət vəsiqəsi sayılan İD alırdım. Foto çəkdirəndə məmur mənə necə dayanmağı öyrətdi və axırdı xahiş elədi; bəy, bir az gülümsəyin.

Eyni hadisə “sürücülük vəsiqəsi” alarkən də baş verdi. Vəsiqə üçün şəkil çəkən məmur gülüş tələb elədi. Hamıdan bu tələb olunmur, ona görə ki amerikalılar onsuz da həmişə gülümsəyir, gülümsəməyi həyatlarının vacib atributu sayır. Belə təklif ancaq bizim kimi qaramatlara edilir. Bu halla qarşılaşanda gözümün önündən film kimi yuxarıda qoyduğum suallarla bağlı cavab variantları keçdi.

Yəqin, razılaşarsınız, bizdə ən bambılı adamın pasport, hərbi bilet və bu kimi sənəd fotolarına baxanda adamın zəhri qaralır. Zabitəli, zəhrimar dolu bir baxış, yüz faizlik rəsmiyyət!

Deməli, mən bir gün telefon çexolları satan dostumun yanında oldum. Müşahidəmdən heyrətə gəldim. Onun satdığı çexollar bizim pulla 15 manat filan olardı. Adamlar gəlir, 600-700 manatlıq telefonlarına belə ucuz çexol alırdılar, bu heç, o çexolu telefona keçirəndə İlahi necə sevinirdilər!!

Təsəvvür eləməyə çalışın; birincisi bizdə o bahalıqda telefon alan adam heç vaxt elə ucuz mala meyl eləməz. İkinci, “kabura” nəmənə şeydi ki, bizim camaat onu əldə etməkdən zövq qalsın, sevinsin… Mümkün deyil. Amma amerikalı!! Vay dədə, guya böyük iş olubmuş kimi yeni çexolu telefonuna taxan kimi “great”, “amezing” kimi sözlər yağdırıb gülür, kef edir.

Sizə bu elə belə gəlsə də məni çox sarsıtdı. Bizim insanı çox yorublar, duyğularımnız koşalıb, sıradan çıxıb. Gülüşümüzü saxtalaşdırıblar, əl çatmaz ediblər. Kədərimizi bol və yersiz eləyiblər. 

Gülüş, təbəssüm nədi? Müdriklərdən biri demişdi: “Yer üzündə insanlıq təbəssümün ilk görünüşü ilə bərabər başlanıb. İnsanlardan əvvəl bu qara torpaq üzərində təbəssümdən əsər belə yox idi. Gülüş ancaq insana məxsusdur. Təbəssüm ruhun sağlamlığı qədər səadətin də müjdəçisidir”.

Gülümsəyən insan uşaq saflığın qorumuş biridir.

Kədər sizdən gen gəzsin!