Avropa Bankından Əliyevə korrupsiya xəbərdarlığı

“Ölkədə korrupsiyanın yaratdığı çoxlu fəsadlar var. Bu məsələ yuxarıdan həll edilməlidir”

Natiq Cəfərli: «Azərbaycanda korrupsiya və rüşvət idarəetmə formasına çevrilib»

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanı korrupsiya problemini yuxarıdan həll etməyə çağırıb. 

Bankın Azərbaycandakı rəsmi rezidenti Neyl Makkeyn “Reuters” agentliyinə müsahibəsində korrupsiya ilə mübarizədə hələ görmək istədikləri səviyyədə irəliləyiş müşahidə etmədiklərini bildirib. “Ölkədə mövcud olan korrupsiyanın yaratdığı çoxlu fəsadlar var. Bu məsələ yuxarıdan həll edilməlidir” – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının rezidenti əlavə edib.

N.Makkeyn bildirib ki, Azərbaycan rəhbərliyinin əsas diqqəti sabitlikdir. “Əgər ölkədə sabitlyin başının üstünü alan korrupsiyaya qarşı mübarizə aparılsa, o zaman sabitlik qalib gələcək” (virtualaz.org). 

Xatırladaq ki, bu ilk bu tipli açıqlama deyil. Bir müddət əvvəl  Beynəlxalq Valyuta Fondunun (BVF) Ali Şurası Fondun Nizamnaməsinin 4-cü maddəsini müzakirə edərkən Azərbaycandakı iqtisadi duruma da toxunub. BVF-in yekun qeydlərində deyilirdi ki, hakimiyyət “elektron hökumət” və “ASAN” xidmətin tətbiqi ilə kiçikmiqyaslı korrupsiyanın qarşısının alınmasında irəliləyişə nail ola bilib. BVF Azərbaycan hökumətinə irimiqyaslı korrupsiya ilə mübarizəyə, biznes mühitində rəsmi və qeyri-rəsmi maneələrin aradan qaldırılmasına və hüququn aliliyinin təminatına diqqət yetirməyi tövsiyə edib.

Qeyd edək ki, hökumət rəsmiləri ölkədə korrupsiya ilə mübarizənin aparıldığını və bunun nümunəsi kimi «ASAN» xidmətin yaradıldığını göstərir. Lakin bu xidmət yalnız xırda korrupsiya hallarının qarşısını alsa da, ümumi vəziyyətə təsiri olmayıb. Prokurorluğunun yaydığı məlumatlardan da görmək olur ki, korrupsiya ilə mübarizə adı altında yalnız kiçik məmurlar cəzalanır. Bəzi hallarda isə cəza yalnız cərimədən ibarət olur. 

Bütün bunlar artıq beynləxlaq qurumların da diqqətindən yayınmır. Hətta ölkənin təhlükəsizliyinin də korrupsiya ilə mübarizədən asılı olduğunu qeyd olunur. 

İqtisadçı-ekspert Natiq Cəfərli beynəlxalq təşkilatların illərdir vurğuladığı məsələnin məişətdə olan rüşvətin deyil, məhz korrupsiya hallarının olduğunu deyir. Yəni tenderlərdə büdcə vəsaitlərinin xərclənməsində, büdcədənkənar fondlardan ayrılan vəsaitlərin xərclənməsində olan qeyri-şəffaflıq nəzərdə tutulur. 

Ekspertin fikrincə, Azərbaycan da daxil olmaqla hər hansı bir ölkədə belə bir vəziyyət yaranırsa, bu həmin ölkənin iqtisadi dayanıqlılığına, gələcək inkişafına böyük təhdiddir. Azərbaycan BVF və Dünya Bankı ilə əməkdaşlıq başlayandan bu barədə dəfələrlə tənqidi fikirlər olub. Eyni zamanda dövlət başçısı da çıxışlarında korrupsiya qarşı mübarizənin vacibliyini qeyd edir. Amma Azərbaycan korrupsiya və rüşvət sadəcə kriminal bir fenomen deyil. Bu artıq ölkədə idarəetmə formasına çevrilib. Beynəlxalq təşkilatlar stabilliyə təhlükə yaradacaq vəziyyət dedikdə məhz bunu nəzərdə tuturlar: «Korrupsiya ümumi idarəetmə formasına çevrildiyinə görə Azərbaycanın gələcəyinə böyük təhdiddir. Çox təəssüf ki, bu artıq iqtisadi məsələ deyil, siyasi məsələdir. İdarəetmədə aşağıdan yuxarıya qədər loyallıq ideoloji əsaslarla deyil, məhz korrupsiya və rüşvət sxemləri ilə təmin edilir. Hökumət də bu sxemlə işləyir. Hökumətə loyallıq belə təmin olunur. Çünki hakimiyyətin bu günə qədər nə ciddi işlək ideologiyası, nə bir proqramı var ki, insanları öz ətrafında birləşdirə bilsin. Yeganə birləşdirici faktor korrupsiyadır. Korrupsiyaya qarşı köklü mübarizənin aparılmaması, yalnız görüntü xarakteri daşıması onunla izah oluna bilər ki, Azərbaycanda sistemdaxili əlaqələr məhz korrupsiya yolu ilə tənzimlənir».

Ekspertin sözlərinə görə, artıq beynəlxalq təşkilatlar bu məsələlərə daha ciddi yanaşmağa başlayıblar. Çünki onlar da anlamağa başlayıblar ki, bunun kökündə Azərbaycanda olan idarəetmə forması dayanır və bu da ölkənin gələcəyinə, stabilliyinə ciddi təhdiddir.

Fizzə