Kreml rəhbərliyi Bakıya niyə axışır?

Azərbaycan hökuməti ATƏT PA-da Moskva ilə eyni mövqedən necə çıxış edəcək?

Əgər bu, Ukrayna məsələsində Rusiyanı müdafiə etmək olmayacaqsa…

Azərbaycan özünə bir səmt seçə bilmir. Hara getməyi müəyyənləşdirmək qədər, hardan gələnlərə necə üz göstərməyi də aydınlaşdırmaq problemə çevrilib. Söhbət rəsmi Bakı üçün dilemmaya çevrilən “Qərb, yoxsa Rusiya?” məsələsindən gedir.

Xəbərlərdə isə deyilir: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər”.

Onlar qətiyyən demokratiya məsələsini qaldırmayacaqlar. Ona görə də hakimiyyətimiz təşviş keçirmir. Üstəlik, Moskvada səfərdə olan Milli Məclisin spikeri Oqtay Əsədov deyib: “Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük məmnuniyyətlə sizi ATƏT-in sessiyasında gözləyəcəyik. Ümid edirəm ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də eyni platformadan çıxış edəcəklər”.

Bu xəbər və açıqlama iki mühüm məqamı şərh etməyi zəruriləşdirir. Birincisi, Rusiya rəhbərliyi niyə Bakıya axışır? Ikincisi, Azərbaycan rəhbərliyi “rus təhlükəsi” məsələsindəki mövqeyində qaldımı?

Kreml “üşüyür”

Ukrayna hadisələri göstərdi ki, Rusiyanın dünyada heç bir ciddi müttəfiqi yoxdur. O hətta uzun illər Qərblə qarşı cəbhədə olan sosialist dünyasının nəhəngi sayılan Çini də itirib. Bunun səbəblərinin xırdalıqlarına varmadan onu deyə bilərik ki, Rusiya Çin üçün də maraqlı olan bölgələrdə  rəsmi Pekinin dəstəyini ala bilmədisə, deməli, Cənubi Qafqaz məsələsində bu o qədər də mümkün olmayacaq.

Üstəlik, Qərb Azərbaycan məsləsində daha həssas görünür. Fransa və Isveçrə prezident səviyyəsində Bakıya səfər etdi və burada ölkəni Avroatlantik məkanda görmək istəyən   müxalifət liderlərilə də görüşdü. Bu təkcə Azərbaycan hakimiyyətinə və Rusiyaya mesaj deyildi – bunun dünyaya da bir siqnalı vardı. Avropa Şimaldan Qərbə (Şərqi Avropa çoxdan bəlli idi) Rusiyanın apardığı siyasətin qarşısında və Azərbaycanda Qərb dəyərlərinə sadiq qüvvələrin yanında olacaq. Rusiya bu diqqətdən narahatlıq keçirir və görünən odur ki, Kreml Qərbi üstələmək, bu mümkün olmasa da, neytrallaşdırmaq istəyir. Bakıya birdən-birə belə yüksək vəzifəli şəxslərin səfərinin təşkil olunması da sırf bununla bağlıdır. Üstəlik, bu ərəfədə Avropa Komissiyasının prezdenti Joze Manuel Barrozo da Azərbaycana səfər edəcək.

Rusiya özü üçün aydınlaşdırıb ki, o, növbəti dəfə hərbi yolla hansısa məsələni həll edə bilməz. Ona görə də işi iqtisadi platformaya keçirmək istəyir. Amma bunun da mümkünsüzlüyü ortadadır. Uzun perspektivdə Rusiyanın hansısa ittifaq qurub, onu irəli apara biləcəyi hər kəsdə suallar yaradıb. O zaman Kremldən Bakıya olan axının həqiqi səbəbləri nə ola bilər?

Görünür, Kreml də hiss edir ki, vəziyyət çox kritikdir. Və indiki şəraitdə hər şey blef taktikasına hesablanıb. Amma bu nə vaxta kimi işə yarayacaq? Bunu da demək çətindir. Çünki Oqtay Əsədovun ATƏT Parlament Assambleyasında eyni mövqedən çıxış etmək barədə bayanatı başqa bir tezisin təkzibi çərçivəsində qüvvədən düşdü. Parlamentin mətbuat xidmətinin  Ukrayna məsələsinə dair bəyanatı təkzib etməsi onu deməyə əsas verir ki, hakimiyyət nə qədər arzulasa da, Rusiyanı tam dəstəkləyə bilməyəcək. Yəni, Rusiyadan gələn qonaqlar təkcə  ölkənin yox, hakimiyyətin də vəziyyətini gərginləşdirəcəklər.

Seymur