Milli Məclisin sözçüsü “İTAR-TASS”ın xəbərini təkzib etdi
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Ukrayna məsələsində RF nümayəndə heyətinə dəstək vəd edib, xəbəri İTAR-TASS yayıb. “Biz Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik, Rusiyanın ümidlərini başa düşürük, bütün bunları görürük. Hesab edirəm ki, ATƏT-in strateji tərəfdaşı olaraq biz də eyni platformadan çıxış edəcəyik”, deyə o, Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşdə bildirib.
Əsədov qeyd edib ki, “Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”. “Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük məmnuniyyətlə sizi ATƏT-in sessiyasında gözləyəcəyik. Ümid edirəm ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də eyni platformadan çıxış edəcəklər”, deyə Azərbaycan Parlamentinin rəhbəri əlavə edib. Öz növbəsində, Narışkin qeyd edib ki, Rusiya “Azərbaycan və RF arasında strateji tərəfdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində” maraqlıdır.
“Əminəm ki, parlamentarilər də buna öz töhfələrini verə bilərlər. Bizim bunun üçün bütün imkanlarımız və parlamentlərarası qarşılıqlı fəaliyyət alətlərimiz var”, deyə o fikrini tamamlayıb. ATƏT PA-nın sessiyası iyunun sonlarında Bakıda keçiriləcək, Rusiya nümayəndə heyətinə Sergey Narışkin rəhbərlik edəcək.
Bu xəbər yayıldıqdan sonra Milli Məclisin mətbuat xidməti rəhbərinin müavini Mehman Qaibov Virtualaz.org-un redaksiyası ilə əlaqə saxlayıb və Azərbaycanın Ukrayna məsələsində Rusiyaya dəstək vəd etməsi barədə İTAR-TASS-ın yaydığı və bizim də tərcümə edib paylaşdığımız məlum xəbəri qəti şəkildə təkzib edib: “Biz bu xəbəri qətiyyətlə təkzib edir və bildiririk ki, Oqtay Əsədov haqqında söhbət gedən görüşdə belə bir bəyanat verməyib. Ukrayna məsələsi ilə bağlı Azərbaycanın mövqeyi BMT Təhlükəsizlik Şurasında və AŞPA-da keçirilən səsvermələr zamanı ifadə olunub və Oqtay Əsədov parlamentin spikeri olaraq həmin mövqeni daim müdafiə edib. Bəzi qüvvələr GUAM-a üzv olan ölkələr, o cümlədən Bakı və Kiyev arasında nifaq salmaq istəyirlər. Bir daha bildiririk: Oqtay Əsədov heç vaxt o cür bəyanatla çıxış etməyib”.


