morninqstar-yeni

Morninqstardan hökuməti qəzəbləndirəcək açıqlama

ABŞ səfiri müsahibəsinə görə məruz qaldığı hücumlara cavab verdi: “Sözlərimin arxasında dayanıram”

“Əsrin müqaviləsi imzalanandan (1994-cü ilin sentyabrında imzalanıb-müəllif) indiyədək Azərbaycan çox böyük irəliləyiş əldə edib. Hazırda Cənub qaz dəhlizinin həyata keçirilməsi davam etdirilir. Biz ABŞ olaraq bu layihənin həyata keçirilməsində Azərbaycana kömək etməyə hazırıq”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərlə söhbətində bildirib.

Səfir Xəzər neft-qaz sərgisində prezident Obamanın konfrans iştirakçılarına ünvanladığı məktubu diqqətə gətirib. “Məktubda bir daha bizim ölkənin enerji məsələlərində Azərbaycanla əməkdaşlığa sadiq olması təsdiqlənib”, – o qeyd edib.

Riçard Morninqstar “Turan”ın Amerika şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakının az olması ilə bağlı sualının cavabında deyib ki, Amerikanın aparıcı böyük neft şirkətləri Azəri-Çıraq-Günəşli yatağında iştirak edirlər. Eyni zamanda bir sıra ABŞ şirkətləri “Şahdəniz” layihəsində podaratçı qismində iştirak edir. Bir sıra digər ABŞ şirkətləri isə qarşıdan gələn illərdə həyata keçiriləcək qaz layihələrində iştirak etmək marağındadır.

Səfir Azərbaycan rəsmilərinin onun “Azadlıq” radiosuna müsahibəsinə münasibəti ilə bağlı suala cavabında bildirib ki, hər bir kəsi həmin müsahibə ilə veb saytda başdan-ayağacan, axıra qədər tanış olmağa çağırır. “Mən dediyim sözlərimin hamısının arxasında axıracan dayanıram. Eyni zamanda mənim fikirlərimlə istənilən bir şəxsin razılaşmamaq hüququnu da başa düşürəm və qəbul edirəm. Mən bir daha hər kəsi bizim səfirliyin veb saytında yerləşdirilmiş həmin müsahibənin ingilis və Azərbaycan versiyaları ilə başdan axıracan tanış olmağa və həmin konteksti nəzərə alaraq mənim fikirlərimin, sözlərimin ədalətli və balanslı tarazlaşdırılmış olmasının şahid olmağa çağırıram.
Mən bir daha qeyd etmək və təsdiqləmək istəyirəm ki, ABŞ-la Azərbaycan arasındakı əlaqələr güclü olaraq qalır. Mən özüm Azərbaycanın dostu olaraq qalıram. Mənim həm hökumətin daxilində, həm də hökumətdən kənarda müxtəlif insanlarla çox yaxşı əlaqələrim var”, – o qeyd edib.

ABŞ səfirin xüsusilə son fikirləri diqqət çəkir. Riçard Morninqstar özünü Azərbaycan hakimiyyətinin yox, Azərbaycanın dostu olduğu xüsusi qeyd edir. Səfir bununla ABŞ-ın Azərbaycanla, Azərbaycan cəmiyyətilə deyil, hakimiyyətlə münasibətlərində problem olduğunu diqqətə çatdıra bilər. Həmçinin Morninqstar hakimiyyət daxilində yaxşı əlaqələrinin olduğunu vurğulayır. Morninqstar bu fikrilə iqtidardaxili vəziyyətə yaxşı bələd olduğuna eyham edə bilər. Qeyd edək ki, Riçard Morninqstarın AzadlıqRadiosuna müsahibəsində hökuməti qəzəbləndirən fikirlərindən biri də “Hökumət monolit” deyil fikri olmuşdu. Hakimiyyət müsahibədən sonra səfirə qarşı təşkil etdiyi mütəşəkkil kampaniya həm də iqtidarın  monolit olduğu görüntüsünü yaratmaq idi.

Yeri gəlmişkən, “Azadlıq”ın apardığı monitorinqə, səfirin müsahibəsinə qarşı dövlət və iqtidaryönlü mediada yüzdən çox material dərc edilib. Dünənə qədər səfir haqda yayımlanan materialların monitorinqi belədi:

Teleqraf.com – 13 yazı.
Publika.az – 12 yazı.
“525-ci qəzet” – 10 yazı.
“Yeni Azərbaycan” – 9 yazı.
“Azərbaycan” qəzeti – 6 yazı.
“Səs” informasiya agentliyi – 5 yazı
APA –  2 yazı.
Lent.az – 1 yazı.
Axar.az – 4 yazı.
Qafqazinfo.az – 7 yazı.
Aktual.az  – 10 yazı.
Virtualaz.org – 2 yazı.
AzərTAc – 1 yazı.

Siyahını çox uzatmaq olar. Elə hökumətyönlü sayt yoxdur ki, iqtidar nümayəndələrinin bir media orqanınada çıxan yazısını yayımlamasın.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, iyunun 11-də ABŞ Konqressinin Helsinki komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə ABŞ dövlət katibinin müavinləri Tomas Meliya, Erik Ruben, Helsinki Komissiyasının sədri Ben Kardin, Milli Demokratiya Fondundan Miriam Lanskoy və Corctaun Universitetindən Brenda Şaffer iştirak edəcək. Belə bir ərəfədə dinləmələrin keçirilməsi Azərbaycan-ABŞ münasibətlərində gərginliyin davam etdiyini göstərir. Bu həm də onu göstərir ki, Riçard Morninqstarın məşhur müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın hökumət təmsilçilərinin dediyi kimi onun şəxsi mövqeyi yox, Ağ Evin mövqeyidir.