Etnik nifrəti müalicə etmək mümkündürmü?

(Çexiyada nəşr olunan Ukraynadilli jurnalın redaktoru cənab Pyotr Andruseçko mənə məktub yazmışdı ki, jurnalın oxucularına erməni-azərbaycanlı münaqişəsi ilə bağlı məlumatlar təqdim etmək istəyirlər. Konfliktə və onun həllinə azərbaycanlıların baxışını ümumiləşdirəcək bir yazı xahiş edirdilər və mənə bildirdilər ki, eyni tipli materialı bir erməni müəllifi də təqdim edəcək. Mən də olduqca məhdud zamanda bu yazını hazırlayıb yollaya bildim).

Etnik müharibələr xüsusi qəddarlıqları və barışmazlıqları ilə fərqlənir. Erməni-azərbaycanlı münaqişəsi münaqişələrin bu kateqoriyasına aiddir. Bəzi hallarda bu konflikti dini qarşıdurma kimi izah etmək istəyənlər tapılır, amma bu yanaşmanın heç bir əsası yoxdur, çünki Azərbaycan ta qədim zamanlardan müxtəlif dinlərə, o cümlədən xristianlığa etiqad edən xalqların sülh içində yaşadığı ölkədir. Bu münaqişə isə yalnız etnosiyasi motivləri ilə mövcuddur.

Məsələ burasındadır ki, ermənilər Qafqaz xalqı deyillər. Bu xalqı Qafqaza 18-19-cu əsrlərdə Rusiya imperiyası köçürüb. Ermənilər həmişə Kiçik Asiyada özlərinə dövlət qurmaq istəyiblər, amma bu coğrafiyada Osmanlı imperiyasının böyüməsi və güclənməsi onların bu arzusunun qarşısını alıb. Buna görə də, ermənilər, xüsusilə də 17-ci əsrdən sonra Rusiya imperiyasına bu tarixi arzularını həyata keçirmək üçün vasitə kimi baxıblar. Əgər dövlət qurmaq arzusu Balkanlarda, daha sonra Kiçik Asiyada baş tutmayıbsa, Rusiya imperiyasının yardımı ilə bu dövləti Qafqazda qurmaq üzərində çalışıblar. Amma əsl həqiqət bundan ibarətdir ki, hətta 19-cu əsrin əvvəllərində belə ermənilər hətta indiki Ermənistan ərazisində belə mütləq azlıqda olublar. Bu ərazilərdə həmişə əhalinin əksəriyyəti türklərdən ibarət olub, 15-ci əsrin əvvəllərinə qədər isə bu türklərin əhəmiyyətli hissəsi xristian olaraq Alban avtokefal kilsəsinə bağlı olublar. Indi ən mübahisəli ərazi sayılan Qarabağ 1805-ci ildə Rusiyaya birləşdirilən zaman xanlığın ərazisində 600 kənd və bir Şuşa şəhəri olub. Bu kəndlərin yalnız 150-sində ermənilər yaşayıb ki, onların mühüm hissəsi tədricən erməniləşmiş xristian türklər olub. Uzun-uzadı davam edən intriqalar nəticəsində Alban avtokefal kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildi, bundan sonra xristian türklərin bir hissəsi Islamı qəbul etdi, bir hissəsi Qriqoryan məzhəbini qəbul edərək erməniləşdi, daha bir hissəsi isə Ukraynaya, Polşaya, Macarıstana və Şərqi Avropanın başqa ölkələrinə mühacirət etdi.

***

Amma bütün bu dramatik hadisələrə baxmayaraq, ermənilərlə azərbaycanlılar arasında xüsusi bir münaqişə olmamışdı. Onlar sülh şəraitində yaşayıblar, bir-birlərinə etimad göstəriblər, erməniləri isə milli zəmində kimsə sıxışdırmayıb. Məsələn, belə bir fakt maraqlı olmalıdır ki, 1905-ci ildə bu xalqlar arasında ilk silahlı konflikt baş verən zaman Bakıdakı bütün müəssisələrin 26 faizi erməni sahibkarlara məxsus olub.

Konflikt isə iki əsas səbəbə görə başlayıb. Birinci yerdə Daşnaksütyun erməni partiyasının azərbaycanlıları sıxışdırmaq yolu ilə Zaqafqaziyada Ermənistan dövləti yaratmaq missiyası ilə bağlı olub. Məsələ burasındadır ki, azərbaycanlılar Qafqazda ən çoxsaylı xalqdırlar və həmişə də belə olub və Daşnaksütyun belə hesab edib ki, əgər Rusiyaya arxalanaraq bu müsəlman-türkləri sıxışdırmaq mümkün olarsa, başqaları ilə münasibətləri aydınlaşdırmaq elə də çətin olmayacaq. Buna görə də erməni silahlı birlikləri 1905-ci ildə başlayan ilk hərbi münaqişə zamanı xüsusi qəddarlıq nümayiş etdiriblər ki, yerli əhalini lazımi dərəcədə qorxutmaq mümkün olsun. Hətta Rusiyanın antitürk və erməni meylli mövqeyi ilə tanınan Qafqaz valisi Vorontsov-Daşkov da öz hesabatlarında bildirib ki, Zaqafqaziyadakı bu qırğınlara görə məsuliyyəti “Daşnaksütyun” daşımalıdır. O qeyd edir ki, daşnaklar xüsusi qırğın dəstələri yaradaraq kəndlərə hücum edir və bəzən uşaqdan-böyüyə bütün əhalini öldürürdülər. 

***

Münqaişənin Ikinci mühüm səbəbi isə Rusiya imperiyasının periferiyalarda apardığı siyasətlə bağlı idi. Britaniya diplomatı Kenneth Bourne xarici siyasət departamentinə yazdığı hesabatda (1905-1906) bildirirdi ki, “Rusiya hökuməti tərəfsiz idarəetmə nümayiş etdirmək və iki xalqın münasibətlərini qaydaya salmaq əvəzinə ”parçala və hökm sür” prinsipini əsas götürdülər. Onlar müəyyən zamanlarda hətta ermənilərin tatarlar üzərində üstünlüyünü qəbul etdirməkdən çəkinmirdilər. Ermənilərə daha çox vəzifələr verməklə onların tatarlar üzərində üstünlüyünü təmin edir, ermənilər isə korrupsiya və təhqiramiz rəftarla tatarları bezdirməkdə idilər. Sonrakı mərhələlərdə ruslar dərk etdilər ki, onların bu siyasəti yanlış olub və ermənilərə tanınan imtiyazlar erməni inqilabçılarının güclənməsinə gətirib çıxarıb”.

***

Münaqişənin xüsusi qəddarlıla müşahidə olunan ikinci mərhələsiisə 1918-ci ildə təkrarlandı. Bu kampaniya dövründə müxtəlif yaşayış məntəqələrində, o cümlədən Qubada, Şamaxıda, Bakıda və s. on minlərlə azərbaycanlının qətlə yetirildiyi barədə təkzibolunmaz tarixi faktlar mövcuddur.

***

Bütün bu faciəvi tarixi unutmaq, yalnız siyasi deyil, eləcə də humanitar sülhü bərpa etmək mümkündürmü?

Bu suala birmənalı cavab vermək çətindir. Axı, ermənilər bir qayda olaraq, hətta orta məktəblərdən başlayaraq antitürk təbliğatı aparırlar və bu təbliğat, təbii ki, həm də azərbaycanlılara qarşı yönəlir. Uzun illər boyu “erməni genosidi” haqqında nağılları dərinləşdirərək, onlar bütöv nəsillərə nifrət və barışmazlıq hissləri aşılayıblar. Bu təbliğatın nəticəsində on illərdir ki, hər bir erməni hər bir azərbaycanlını özünün ən qanlı düşməni kimi qəbul edir. Bu nifrət təbliğatından əl çəkmək lazım gələcəkdir. Məhz, bu təbliğat 90-cı illərin əvvəllərində qanlı faciələri doğurdu, Xocalı soyqırımı kimi insanlığa yaraşmayan bir faciənin yaradılmasına səbəb oldu. Axı, məhz, kütləvi etnik nifrət buna gətirib çıxara bilərdi ki, məsələn, erməni publisist Zori Balayan körpə uşaqları öz əli ilə öldürməsindən qürurla danışsın.

***

Əlbəttə, bu düşmənçiliklə qurtarmaq lazımdır. Bu qədər dərin nifrətə söykənən düşməçilik arxaizm kimi görünməli, geriliyin, hətta bəlkə, mədəniyyətsizliyin əlaməti kimi qəbul edilməlidir. Etnik nifrətə son vermək lazımdır. Əgər  bu qarşıdurmalar və təşkil edilmiş etnik düşmənçiliklər olmazsa, Qafqazda cənnət yaratmaq mümkündür.

Həm də, eyni zamanda azərbaycanlıların hesabına qabağa düşmək düşüncələrindən də əl çəkmək lazımdır. Axı, Ermənistanın indiki ərazisi faktiki olaraq bu ölkəyə bağışlanılmışdır. Hətta Ermənistanın indiki paytaxtı, tərtəmiz Azərbaycan şəhəri olan Yerevan belə Zaqafqaziyanı Ruslardan xilas etmək və ermənilərin özlərinə Ermənistan elan etməsi üçün bir coğrafi ərazi olsun deyə, kompromis olaraq onlara bağışlanılmışdır. Bundan əlavə, Ermənistanın əhəmiyyətli hissəsi olan Zəngəzur 1920-ci illərin əvvəllərində bolşevik Azərbaycanın Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı bir dekretlə bolşevik Ermənistanına verilmişdir.

Bəli, insanlar bir az sıxlaşıb gəlmələrə yer eləyiblər, amma onlar da daha artıq və daha çox tələb etməyə başlayıblar. Məncə, bu praktikaya son qoymaq lazımdır. O zaman sülh də olacaq, rahatlıq da, hətta erməni orta məktəblərindən başlayaraq tədris edilməyə başlayan nifrətin əvəzinə sevgi də.

***

Bizim babalarımız qarışılıqlı hörmət və etimadla yaşaya biliblər. Bizim övladlarımız da bunu bacararlar. Avropanın tarixində qonşular arasında hətta 100 illik müharibələr baş verib. Amma indi bütün Avropa birləşib və orada hətta xatırlamaq belə istəmirlər ki, o hadisələr nəyə görə baş verib.

Nifrətdən imtina etmək zamanıdır. Mən əminəm ki, dünya tarixinə möhtəşəm və təkrarolunmaz mədəniyyət şedevrləri, zəngin ədəbiyyat bəxş edən Azərbaycan xalqı nifrətdən imtina edə biləcək qədər böyükdür, azərbaycanlılarda etibar və sevgi hissləri tükənməzdir. Hətta nifrətin sönmədiyi bu günlərdə belə yalnız Bakı şəhərində 30 min nəfərdən artıq erməni yaşayır və kimsə onları təhdid etmir. Onlardan bir çoxu isə hətta yüksək vəzifələrdə işləyir, uğurlu bizneslə məşğuldurlar. Amma Yerevanda, eləcə də bütün Ermənistanda bircə nəfər azərbaycanlının belə aşkar edilməsi böyük möcüzə olardı!

***

Həm azərbaycanlılar, həm də ermənilər öz ölkələrində möhkəm demokratiya ənənələrinin əsasını qoymalıdırlar. Bu, hər iki xalqın həyatını asanlaşdırar. Demokratiya bu xalqları bir coğrafiyada yaşamağa alışdırar, onları bir-birinə dözməyə sövq edər. Həm də, yalnız dözmək deyil, bir-birinə güvənməyi təlqin edər. Bu, mümkündür və inandırıcıdır.