Sülhəddin Əkbər: «Suriyada rejimin dəyişməsində maraqlı olan böyük güclərin gündəmi və prioritetləri dəyişib»
Suriyada üç ildir xalqının qanını axıdan Bəşər Əsəd yenidən ölkə prezidenti seçilib. Ölkə müxalifəti vətəndaş müharibəsi gedən ölkədə bu şəkildə seçki keçirilməsini pisləyib, Qərb dövlətləri, o cümlədən ABŞ da seçkini «biabırçılıq» adlandırıb. Lakin fakt budur ki, hətta bir müddət əvvəl prezident seçkisinə qədər möhlət istəyən Əsəd hakimiyyətini gücləndirməklə yanaşı, prezidentlikdən getmək niyyətinin olmadığını bir daha sübut edir.
Suriyada vətəndaş müharibəsi başlayan zaman dünyanın diqqəti bu ölkədə olsa da, son dövrlər beynəlxalq ictimaiyyət məsələyə bir qədər biganə yanaşır. Hakimiyyət iddialarına görə 100 minlərlə soydaşının qanını axıdan Əsəd böyük güclər tərəfindən hələ də bağışlanır. Onun seçkiləri qazanaraq daha yeddi il ölkəyə rəhbərlik etmək iddiasını realaşdırması da buna sübutdur. Bəs Qərb Bəşər Əsədin qarşısını niyə almır?
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Suriyada rejimin dəyişməsində maraqlı olan böyük güclərin gündəminin və prioritetlərinin dəyişdiyini deyir. Suriya böhranının həlli ətrafında ABŞ, Avropa Birliyi və NATO Rusiya ilə dil tapa bilmədi. Digər tərəfdən Suriya daxilində müxalifətin bir araya gəlməsində yaranan problemlər, «Əl-Qaidə» və digər silahlı qrupların orda fəallaşaraq təşəbbüsü ələ alması, Suriyanın Əsəddən sonrakı dövrü üçün qeyri-müəyyənliyin yaranması sonda bu vəziyyətin yaranmasına gətirib çıxardı. Artıq Əsəd rejiminin devrilməsində maraqlı olan ABŞ, Avropa Birliyi və NATO üçün prioritetlər dəyişib. Prioritet artıq postsovet məkanıdır: «ABŞ-ın bir tərəfdən İranla diplomatik danışıqları intensivləşdirməsi, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, digər tərəfdən də postsovet məkanının hədəf alınması ABŞ-ın yeni strategiyasından xəbər verir. Ona görə də artıq Suriya ikinci plana keçmiş durumdadır. Burda Türkiyənin yalnızbaşına qalması da vəziyyətə elə bir əhəmiyyətli təsir göstərmir».
Fizzə


