Son günlərdə mətbuatın gündəmindən düşməyən mövzu “Aqrolizinq”dəki yeyintilərdir. Əslində, Azərbaycan vətəndaşları üçün təəccüblü sayılmamalıdır bu. Çünki bütün dövlət qurumlarında bu proses yaşanır. Korrupsiya xərçəng kimi ölkə iqtisadiyyatını içindən yeyir.
Korrupsiyaya qarşı Mübarizə Idarəsinin yaradılması, onun genişlənmiş fəaliyyəti rüşvətin məbləğini bir qədər də artırıb. Indi korrupsiyaçılar antikorrupsiya işiylə məşğul olanlara da rüşvət verirlər. Bütün bunlarsa sadə vətəndaşların onsuz da boş olan büdcəsindən gedir.
“Ərəb baharı”nın şıdırğı vaxtlarında Azərbaycanda da bir neçə aylığa hakimiyyətin “rüşvətə yox” kampaniyası işlədi. Maşınını texniki baxışdan keçirən tanışım həmin ildə buna 27 manat xərclədiyini deyir. Bu ilsə elə həmin maşın üçün ondan 70 manat alıblar. Səbəb bütün dövlət qurumlarının antikorrupsiya üçün də pul ayırmasıdır.
Hesablama Palatası adlı qurumun sifarişsiz hansısa yoxlama apardığının şahidi olmamışıq. Indiyə qədər bu qurumun müxtəlif təşkilatlardakı yoxlamalarının sonunda “kiçik pozuntular” barədə məlumat almışıq. Həmin palatanın keçmiş sədri indi kənd təsərrüfatı naziri postunu tutur. Bu sahədən nə dərəcədə məlumatlı olmasını bilmirik. Zaman göstərəcək də demirik, çünki nazir postları çoxdandır formaldır. O postları hansısa sənədlərə qol çəkdirmək üçün boş saxlamırlar. Indiyə qədər onların heç birindən hər hansı təşəbbüs görməmişik. Deyilənə görə, ayın sonunda “paket”ini alan bu nazirlərin əslində işi, rəhbəri olduqları strukturlarda heç bir işə qarışmamaqdır…
Hesablama Palatası “Aqrolizinq” yoxlamalarının nəticələrini Korrupsiyaya qarşı Mübarizə Idarəsinə yollayıb. Çoxlu yeyinti faktları olduğu deyilir. Keçmiş sədr Əli Bayramovu suçlu bilirlər. Niyə? Axı yuxarıda yazdıq ki, bu adamları “paket” maaşa oturdublar. Hazır sənədlərə qol çəkdirirlər…
Gərək ki, ötən ilin fevralı idi. Ilham Əliyev növbəti Qəbələ səfərində bu rayonda yaradılmış fermer təsərrüfatına, cins mallar saxlanan fermaya baş çəkdi. Həmin təsərrüfata Sahibkarlığa Kömək Milli Fondundan da 14 milyon manat güzəştli kredit ayrıldığı deyildi. Bu, “Gilan Holdinq”in “Aqro Kopleks Qəbələ” heyvandarlıq kompleksi idi. Deməli, sahibkar Kəmaləddin Heydərov, əslində, bəlkə də elə Ilham Əliyevin özü idi. O, öz fermasının açılışına getmişdi.
Belə bir idarəçilik olan yerdə hansısa nazirin özbaşına iş tutması, nəyisə mənimsəməsi inandırıcı deyil. “Aqrolizinq” xəttilə gətirilən cins mal-qara da yenə bunların öz təsərrüfatına yerləşdirilir. Ola bilsin, bir neçə il qabaq Almaniyadan 42 min dollara alınmış saf qanlı eşşəklər bunların işinə yaramayıb, çünki onların taleyi barədə sonralar soraq ala bilmədik…
Ən maraqlısı isə “Aqrolizinq”dəki yeyintilər məsələsinə dövlət başçısı Ilham Əliyevdən operativ reaksiyadır. Dünən – iyunun 4-də o, sərəncam imzalayıb. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara əlavə ehtiyacını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılsın”?!
Indi Hesablama Palatasındakılar, “Aqrolizinq”dəki yoxlamanın nəticələrini Korrupsiyaya qarşı Mübarizə Idarəsinə göndərənlər görəsən hansı hissləri keçirir. Korrupsiya idarəsindəkilərin də bu sərəncamdan sonra ovqatının necə olduğunu təsəvvür edirəm. Yada Mayakovski düşür:
Alın… a!
Yana, yana
qalın… a!
Mən…
Azərbaycan prezidentiyəm!!!