Mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçirilən mərasimdə əsası qoyulan Avrasiya Iqtisadi Ittifaqına yeni üzvlərin qoşula biləcəyi açıqlanıb. Rusiya rəsmiləri daha geniş bir siyasi və iqtisadi əməmkdaşlıq nəzərdə tutan birliyə 40 ölkənin müraciət etmək istədiyini açıqlayıb.
Avrasiya Ittifaqı Institutunun rəhbəri Zanargül Kusmanqaliyeva Türkiyə, Hindistan, Zelandiya və Vyetnam da daxil olmaqla, 40 ölkənin inteqrasiya layihəsinə qatılmağa hazır olduqlarını qeyd edib.
Göründüyü kimi Rusiya Avrasiya Ittifaqının cazibəsini artırmaq üçün, özünəməxsus təbliğat formasından istifadə edir. Məsələn, adı çəkilən Türkiyənin bu qurumda təmsil olunacağına dair hər hansı məlumat yoxdur. Onu da qeyd edək ki, Türkiyə NATO üzvüdür və Qərblə əməkdaşlığı prioritet seçib.
Ümumiyyətlə, Avrasiya Ittifaqına 40 ölkənin qoşulacağı ilə bağlı səslənən fikirlər nə qədər real görünür?
Vəfa Quluzadə: «Səslənən fikirlər uydurmadır və daxili auditoriyaya hesablanmış təbliğatdır»
Politoloq Vəfa Quluzadə hesab edir ki, yeni ölkələrin Avrasiya Ittifaqına qoşulacağı iddiaları gülüncdür və Rusiyanın daxilinə hesablanmış təbliğatdır: “Rusiyanın tanınmış politoloqlarının çıxışlarından da görünür ki, bu qurum ciddiyə alınmır. Onlar bildirirlər ki, Gömrük Ittifaqı fiksiyadır və heç bir perspektiv vəd etmir. Sadəcə olaraq Putin 2011-ci ildə bu ittifaqla bağlı bəyanat vermişdi və bunun arxasında durmaq məcburiyyətindədir. Başqa dövlətlərin Avrasiya Ittifaqına qoşulmasına da, Rusiya politoloqları istehza ilə gülürlər. Belə fikrin səsləndirilməsi informasiya propaqandasıdır və daxili auditoriyaya çatdırmaq istəyirlər ki, Putin rejimi Rusiyanı genişləndirir, imkanlar artır və.s. Ermənistanın Avrasiya Ittifaqına qoşulması Rusiyaya nə verə bilər? Qazaxıstan Rusiyaya nə ixrac edəcək? Qırğızıstan bu ittifaqa daxil olsa, nə baş verəcək? Nəticə onu göstərir ki, bu qurum işləməyəcək. Türkiyənin və digər 40 ölkənin bu quruma üzv olması isə, uydurmadır”.
Akif


