Müdafiə naziri Rövşən Əkbərovu yoxlatdırır

Milli Qəhrəmanın komandir olduğu Ordu Korpusunda gözlənilmədən kompleks təftiş başlayıb

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələrdə kütləvi yoxlama tədbirləri general-leytenant Rövşən Əkbərova da çatıb. “AzNews.az”ın məlumatına görə, müdafiə naziri Zakir Həsənovun əmrilə Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda gözlənilmədən yoxlamalar başlayıb.

Nazirliyin Baş Inspeksiyası tərəfindən aparılan yoxlamalar, qoşun növünün bütün istiqamətləri – maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir. 

Mənbə bildirir ki, Korpusda illik yoxlama yeni başa çatıbmış. Elə buna görə də yenidən və gözlənilmədən kompleks təftişin aparılması Rövşən Əkbərov tərəfindən etirazla qarşılanıb. Sonradan isə ona bildirilib ki, bu etiraz onun işini bir qədər də çətinləşdirə bilər.

Nazirlikdən verilən məlumata görə, Milli Qəhrəmanla bağlı çox ciddi faktlar var və bu, nazirin diqqətinə çatdırıldıqdan sonra təcili yoxlamalara başlanılıb.

Xatırladaq ki, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordunun tanınmış yüksək rütbəli zabitlərindədir. O, uzun müddət 1-ci Ordu Korpusunun komandiri olub. Keçmiş müdafiə naziri Səfər Əbiyevlə də münasibətlərinin olduqca soyuq olduğu medianın nəzərindən qaçmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı sualımızı Nazirliyin saytındakı müraciətlər bölməsinə göndərməyimi tövsiyə etdi. Onun dediyi qaydada addım atsaq da, sualımıza cavab gəlmədi.