Diqqət! Danışır Tarix!

Siyasi məhbusların sayının neft buruqlarının sayını ötüb keçdiyi bu şən, hər yeri gülşən ölkəmizdə 21-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçirilir, Obamadan tutun Devid Kemerona qədər xeyli Qərb lideri bu münasibətlə ölkəmizə təbrik məktubları yollayıblar, adam həmin təbrik məktublarını da az qala vicdan məhbuslarına zorla yazdırılan əfv məktubu kimi oxuyur.

Məsələn, Britaniyanın baş naziri cənab Kemeron görün nə yazır: “Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərlə fəxr edirəm”. Bəh-bəh, qəh-qəh, cəh-cəh! Elə biz də həmişə fəxr etmişik, indi də fəxr edirik ki, biz azərbaycanlıyıq, dünyanın ən qonaqpərvər xalqıyıq, dünyadakı 11 iqlim qurşağından 16-sı bizim ölkəmizdə yerləşir.

Bir halda ki, gündəmin mövzusu Əliyevlər rejiminin insanları günahsız yerə həbslərə doldurub sonra da onları etirafedici, səmimi peşmançılıq bəyanatlarına qol çəkdirməsidir, gəlin 80 il əvvələ qayıdaq. Bu günlərdə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı bir kitabın (müəllifi Aslan Kənan) elektron variantını gördüm, oxuduqca gündəmlə, ümumilikdə isə günümüzlə səsləşən xeyli maraqlı faktlara rast gəldim, bir neçəsini sizinlə də paylaşmaq istəyirəm.

Kitabda Əhməd Cavadla bağlı istintaq materiallarına əsaslanaraq yazılır ki, həmin vaxt təhlükəsizlik idarəsinin zirzəmisində əzablar içərisində inləyən yazıçı Böyükağa Talıblı əvvəlcə şairə qarşı izahat verməkdən imtina edir. Sitat: “Istintaq materiallarından aydın olur ki, B. Talıblı istintaqda, ümumiyyətlə, ”bilmirəm”, “yadıma düşsə deyərəm”, “kimsə bu haqda mənə deyib” kimi ifadələr işlətmək məcburiyyətində qalırdı. 

Sonralar ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı, Daxili Işlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: “…Proşu vaşeqo rasprojeniya uskorit sledstvie moyemu delo…” 

Artıq istintaqın dözülməz gedişatına tab gətirməyən yazıçı, müstəntiqin suallarına “doğru”, “düzgün” cavablar verməyə razılıq verir…”

Digər bir ibrətamiz fakt Tağı Şahbazi ilə bağlıdır.

Onu 1937-ci il iyulun 11-də həbs edirlər.

Iki gün sonra, iyulun 13-də Şahbazi ilə DTK müstəntiqi arasında belə bir sual-cavab yaşanır: 

“Sual: Istintaq müəyyən etdi ki, əksinqilabi, millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?

Cavab: Inkar edirəm!”

Aradan bir neçə ay keçir. 2 noyabr 1937-ci il tarixli dindirmədən əvvəl yazıçı bu dəfə DTK müstəntiqinə görün hansı ərizə ilə müraciət edir: “Hazırki ərizəmlə nəzərinizə çatdırıram ki, bugünkü günə qədər mən istintaqa düzgün ifadə verməmişəm. Mən başa düşdüm ki, susmağım mənasızdır və özümün cinayətlərimi səmimi etiraf etməyi qəroara aldım”. 

Beləcə, Tağı Şahbazi “könüllü şəkildə” əksinqilabi fəaliyyətlə məşğul olduğunu boynuna alır, Sovet hökuməti əleyhinə çevrilişdə Kommunist Partiyasının rəhbərlərinə qarşı terrorda iştirak etdiyini “etiraf edir”.

Başqa bir maraqlı “etiraf” isə Seyid Hüseynə aiddir; o, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” və “Studentlər” əsərlərinin dilinin osmançılıq təsiri altında olmasına etiraz etdikdən bir qədər sonra məlum səbəblərlə fikrini dəyişir, bunu yazdığı “səmimi peşmançılıq” bəyanatında belə bəyan edir: “Mən bu hala çox acıyıram ki, hər zaman osmançılıq təsiri əleyhinə olduğum halda, son çıxışlarım bu zərərli təsiri müdafiə edən təsiri bağışladı… Həqiqət bal kimi ikən mənim ”müəyyən dövrdə osmanlı ədəbiyyatının dilimizə müsbət təsiri olmuşdur” deməyimin tamamilə yanlış və yaradıcılığıma zidd, eyni zamanda mürtəce öir fikir olduğunu boynuma alır, bu fikirdən vaz keçdiyimi bildirirəm. Bu bəyanatımı müşavirəyə elan etmənizi rica edirəm”. 

Son cümləyə diqqət etdinizmi? Lap günümüzdəki kimi, “səmimi peşmançılıq” bəyanatı yazdırıb ona “bunu KIV-də yaymağa etiraz etmirəm” cümləsi ilə nöqtə qoydurmağa necə də bənzəyir!  

Uzun sözün qısası, ilin-günün bu vaxtı, 21-ci əsrdə tarixi kitablardan oxuyub öyrənməyimiz gərəkirkən onu canlı yaşamağımızdan böyük ağrı, faciə, fəlakət yoxdur.

Baiskarlar utansın.