NIDA ən yeni tariximizdə elə möhtəşəm ictimai hadisədir ki, oğru hakimiyyətimiz ona qarşı əməllərini dayandıra bilmir. Bir daha təsəvvürünüzdə canlandırın NIDA-nı! Təmiz və saf gənclər! Heç nəyi olmayan savadlı nəsil! Yalnız gözəl arzuları olan ictimai fəallar! Bu arzuların aynasında rejim çox miskin görünür. Onun istifadə müddətinin bitdiyi, vurduğu zərbələr, yaratdığı əngəllər dərhal gözə soxulur. Heç bir bəhanə, yalan işə keçmir! Odur ki, gəncliyin qəlbini dolduran cəlbedici, maraqlı, yolxucu mübarizə hakimiyyəti bir an sakit buraxmır. Onların həbsdə olması da ziyan vurur bunlara. Odur ki, NIDA-nı yeni sınaqlarla çəkirlər. Bunu başa düşməyə nə var ki?!
Belə zamanlarda dərhal hakimiyyətin özünün təbliğat maşını işə düşür, eyni zamanda riyakar və satqın dəstələr, həqiqəti deməkdən yayınmaq üçün istənilən bəhanədən yapışanlar, öz əməllərinə haqq qazandırmaq üçün hər şeyi, hər kəsi ləkələməyə hazır olanlar, “xeyri yoxdur” deyib şəxsinin sükutuna izah verənlər də bu işə töhfə verməyə çalışırlar. Məqsəd və hiylə isə toplumu qorxutmaq, onun önündə gedən gəncliyi çəkindirmək, mübarizəni ləkələmək, hətta ən mübariz insanların qəlbinə tərəddüd salmaqdır. Bu da birinci dəfə deyil.
Məqsəd və hiylə bəllidirsə, nə qədər ağır olsa da, bu ağırlığa basılmaq yalnız hakimiyyətin xeyrinə işləyir. Yalnız!
Dostlar! Bəxtiyarı heç kim qınaya bilməz – burası aydındır. Onun repressiya nəticəsində bu addımı atması hər kəsə bəllidir. Onu qınamaq, əzəni buraxıb əziləni müzakirə etmək olardı. Detalları bilmirik, amma əminik ki, bu da siyasi məhbusa zorla “baş əydirmək”dən başqa bir şey deyil. Bəxtiyar ən birinci zərərçəkəndir bu ərizədən. Aydındır ki, bu ərizədən toplum da, NIDA-da da, ölkənin dəyişməsini istəyən çalışmalar da ziyan çəkir. Axı bu cinayət əməlidir və məhz dəyişmək çabalarının qarşısını almağa yönəlib. Odur ki, mətin olub, ayıq olub, yola davam edəcəyimizi düşünəcəyik.
Amma bəziləri də “Bəxtiyar düz edib” deyə yorumlar verməkdədir. Bunda niyyətin pis olmadığı aydındır. Hakimiyyətin acığına bəyan edirlər bu fikri. Bu da gənclərin dirəniş göstərməyinin bir üsuludur. Gəlin görək, bizim “düz edib” deməyimiz doğrudurmu? Birincisi, Bəxtiyar nə edib ki, düz eləsin. Hər şeyi edən cinayətkar sistemdir. Səbəb odur. Əməl onundur. Biz onun əməlinə qiymət verə bilərik. Bu addıma haqq qazandırmaq hər şeydən öncə hakimiyyətin repressiyalarını danmaqdır. Ikincisi, biz Bəxtiyarı necə qınamırıqsa, eləcə də, ona haqq qazandırıb başqalarının dirənişini mənasız saymaqdan çəkinməliyik. Biz bilərək ki, dirəniş hər zaman mübarizələrin bel sütunudur, lakin belə zamanlarda bunu da söyləməyə də ehtiyac yoxdur. Biz bu məsələdə yalnız əzəni müzakirə edəcəyik. Biz yalnız hakimiyyətin cinayət etdiyini, siyasi məhbuslara amansız basqı göstərdiyini bəyan edəcəyik. Doğru yol budur. Doğrusu da budur.
Əzəni qoyub, əziləni müzakirə etməkdən hər zaman çəkinməliyik. Hətta bu müzakirədən fayda götürmək şansı bizi özünə çağırsa belə. Bir şeyi bilirik ki, biz əzilənə qarşı olduğumuz üçün üzləşirik bununla. Biz zülmün növbəti əməli üzə-üzəyik. Odur ki, yenə də NIDA-nın manifestini oxuyaq: “Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq NIDA keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır! Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq!”.