ABŞ-da ana-bacı söhbətləri

Amerika qeydləri (III yazı)

natig-adilov.blogspot.com

Qərb “tənqidçilərini” bizdə danışdıranda onların dilindən əsas bir-iki tezis səslənir ki, vaxtaşırı onlara toxunacağam.

Onlardan biri budur: Qərbdə, Avropa və Amerikada böyük-kiçik yoxdu, qanacaqsızlıqdı. Deməzsinizmi, məsələn, avtobusda yaşlıya, uşaqlı anaya yer vermirlər və s.

Əvvəla, ondan başlayaq ki, ABŞ-da vətədaşların hər bir kəsimi yüksək dövlət himayəsindədi. O baxımdan ki, dövlət azca fərasəti olana yaşamaq, həyatdan zövq almaq üçün müstəsna şərait yaradıb.
Yəni, vətəndaşın kiminsə minnətin götürməyə ehtiyacı olmur. Hamı öz qayğısını həll edə bilir. Mübaliğəli desək, bu ölkədə sağ göz heç sol gözün işığına möhtac deyil.

Detallara keçək. Biz analardan danışırıqsa, dövlətin ata rolunu dana bilmərik. Nəinki hamilə analar, hətta atalar da müxtəlif kurslara cəlb olunub, təlim edilir ki, dünyaya gələn körpə ilə rəftarı öyrənsinlər; uşağa necə yemək veriləcək, xəstələnsə ata neynəməlidir, körpəni qucaqda nə təhər saxlamalıdırlar və s.

Mövzu ilə birbaşa bağlı olmasa da, bu informasiya da maraqlıdır: burda başqasının uşağına oynatmaq məqsədi ilə əl dəymək xətalı işdi, sizi uşaq təcavüzünə görə polisə verə bilərlər.

İndi gelək cəmiyyətin davranışına. Konkret örnək verim. Dostumun ailəsi ilə gəzməyə çıxmışdıq. Ananın qucağında körpəsi vardı. İki dəfə metroya mindik. Hər dəfə bizim heç təşəbbüsümüz olmadan cavan oğlanlar durub anaya yer verdi. Təkrar edirəm, cavan oğlanlar!

Bunu ona görə yazdım ki, bizim ölkədə kimsə ictimai nəqliyyatda başqasına yer verməməyi özünün Avropa təfəkkürlü olmağının təsdiqi kimi başa düşməsin.

P.S. Yazıdakı dırnaqarası qərb tənqidçiləri sözünü dırnaqsız qərb tənqidçilərindən ayırmanızı rica edirəm.