Putin planlarını sona qədər reallaşdıra biləcəkmi?

İlham İsmayıl: «Dünya Putini özbaşına qoymayıb ki, onun istədiyi addımlar bu şəkildə həyata keçirilsin»

Məlum olduğu kimi, ABŞ-ın nüfuzlu özəl kəşfiyyat şirkəti kimi tanınan “Stratfor” analitin mərkəzinin direktoru Corc Fridman Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet respublikalarına dair planlarından danışıb. Polşanın “Gazecie Wyborczej” qəzetinə müsahibəsində Fridman Rusiya prezidentinin keçmiş sovet respublikaları ilə bağlı müxtəlif planlarının olduğunu və Azərbaycan üçün də təhlükənin gözlənildiyini deyib. 

Fridmanın sözlərinə görə, Putin ilk növbədə Moldova və Gürcüstanda eksperiment keçirməyə başlayacaq. Gürcüstan Azərbaycan neftinin və qazının nəql edildiyi boru kəmərləri nəzarətə alınsa, Azərbaycan öz neftində və qazında boğulacaq. 

«Stratfor»un rəhbəri Putinin çekist kimi hərəkət edəcəyini, yəni dezinformasiya yayacağını, şantaj edəcəyini və loyal siyasətçiləri ələ alacağını da qeyd edib. 

Fridmanın bu açıqlamasında əks olunan məqamların reallaşması nə dərəcədə mümkündür və Putinin planları həyata keçəcəyi təqdirdə Azərbaycanı hansı təhlükələr gözləyir?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Rusiya rəhbərinin Fridmanın qeyd etdiyi addımları atmasının inandırıcı olmadığını deyir. 

Ekspertin sözlərinə görə, bəlkə də bu variantlar Putinin ağlından keçir və o öz siyasətinin nəticələri üçün bu işi görə bilər. Amma dünyanın, Rusiyadan da böyük və nüfuzlu dövlətlərin maraqları var. İndiyə qədər Putinin planlarının qarşısını o maraqlar alıb. Əks halda Putin çoxdan öz niyyətlərini həyata keçirə bilərdi. Ancaq indiki şəraitdə Putin və Rusiya bütün bunların etmək gücündə deyil: «Hər halda dünya Putini özbaşına qoymayıb ki, onun istədiyi addımlar bu formada, bu şəkildə həyata keçirilsin. Bu sadəcə olaraq xəbərdarlıqdır. Həm böyük, həm də kiçik dövlətlər bir qədər ehtiyatlı olsunlar. Ancaq Putin bu işləri görə bilməz».

Fizzə