Buluduyla, gəmisiylə, yosunuyla, balığıyla…

Yeni “əfv ərizəsi sezonu” başlayır. Artıq NIDA-çı məhbuslardan Bəxtiyar Quliyevə hazırladıqları “peşmançılıq bəyanatı”na qol çəkdirə biliblər. Başqalarına da qol çəkdirə bilərlər. Məsələ bu deyil.

***

Məsələ ondadır ki, görün, ilin-günün bu vaxtı, 21-ci əsrdə biz hansı xislətdə və təfəkkürdə adamlar tərəfindən idarə olunuruq! Əvvəlcə nəvələri yaşda uşaqları şərləyib tuturlar, onlara, yaxınlarına inanılmaz mənəvi terror yaşadırlar, sifarişli ittihamlarla uzunmüddətli həbs qərarları çıxarırlar, sonra da əfv ərizəsi, peşmanlıq bəyanatı yazdırmağa məcbur edib, bunu öz pis qoxuyan, üfunət saçan, idbarlıq yağan qəzetlərində, saytlarında, telekanallarında böyük zəfər təntənəsi, cahanşümul qələbə kimi təqdim edirlər. 

Halbuki 1937-ci il zehniyyətinin, inkivizasiya ruhunun məhsulu olan belə ərizələrin, bəyanatların ona imza atmağa məcbur olanlara quraşdırılan ittihamlar qədər dəyəri və əhəmiyyəti yoxdur. O “əfv ərizələri”, “səmimi peşmançılıq bəyanatları” elə irəli sürülən ittihamlar qədər saxta, əldəqayırmadır. Onsuz da hamı hər şeyi bilir. Hamı hər şeyin fərqindədir. Hər belə əfv ərizəsi ilə, səmimi peşmançılıq bəyanatı ilə Əliyevlər rejiminin antidemokratikliyi, qeyri-insaniliyi, cəza aparatının amansızlığı, qəddarlığı bir daha ortaya çıxır. Doğrudanmı, bunlar 21-ci əsrdə belə “ərizə və bəyanatlar”ın həqiqiliyinə, səmimiliyinə inananların olduğunu hesab edirlər? 

Əlbəttə, tarix bütün indi yaşadıqlarımızı görür və yaddaşına yazır. Əl boyda, xəstə uşaqları həbsxanaya doldurub sonra da onları başqalarına görk olsun deyə, mübarizə yoldaşlarına göz dağı vermək, onları mənən, ruhən incitmək naminə “əfv ərizəsinə, səmimi peşmançılıq bəyanatına qol çəkdirməklə” məşğul olanlar gec-tez tarix qarşısında cavab verəcəklər. Öz vətəndaşından tamamilə siyasi motivlərlə, siyasi intiqam  duyğusu ilə, “mənim kimi düşünmürsə, deməli, xalq düşmənisən”, “mənim yanımda deyilsənsə, deməli, vətən xainisən” zehniyyəti ilə “narkoman”, “xuliqan”, “dələduz” cinayətkar düzəltməyi sevənlər, sonra da hansısa kağız parçasına imza atdırıb onu sındırdığını, əydiyini düşünərək bununla fəxr edənlər, bundan zövq və ləzzət alanlara gələcəkdə yer yoxdur.

Hələ bir də insanlığın bütün sərhədlərini zorlayaraq yazdırılan bu əfv ərizələrinə, səmimi peşmançılıq bəyanatlarına sevinənlər var. “Bax gördünüz!” deyənlər var. Axı nəyə sevinirsiniz? Baş verən bir nəfərlə bağlı fakt deyil axı. Öz vətəndaşı ilə bu cür rəftar, ona bu cür münasibət ümumölkə faciəsidir. Ümumxalq dəhşətidir. Təhlükə hamıya yönəlikdir. Obrazlı desək, “əcəl zəngi hamı üçün çalınır”. Hətta bu gün mədəsi, karyerası naminə bu çağdışı, antidemokratik, insanlıq dışı sistemin vintciyi olmağı qəbul edənlər, onun parçasına çevrilənlər də Azərbaycanı bürüyən bu qorxunc, qarşısıalınmaz yanğından sığortalanmayıblar, bu gün olmasa belə bir gün onları da külə dönmək təhlükəsi gözlədiyindən şübhələri olmasın. 

Unutmayın, bir meşə yanarsa, oradakı bütün canlılar yanar. Otu da yanar, quşu da. Ağacı da yanar, şiri, pələngi, tülküsü, dovşanı da. 

***

Not: bu gün həyatı boyu siyasi səbəblərlə nə az, nə çox, düz 8 dəfə həbs yaşayan, az qala hər kitabından sonra dəmir barmaqlıqlar ardına atılan, günümüzdə belə vətəni Türkiyədə bir çox kitabları yasaq ömrü yaşayan ölməz Nazim Hikmətin ölüm günüdür. Daha doğrusu, Ölümün Ölümsüzlük qarşısında aciz qaldığı, məğlub olduğu bir gündür. 

Ustadı ehtiramla anır və bir şeiri ilə yazıya nöqtə qoyuram:

Denizin üstünde ala bulut

yüzünde gümüş gemi

içinde sarı balık

dibinde mavi yosun

kıyıda bir çıplak adam

durmuş düşünür:

Bulutmu olsam,

gemimi yoksa?

Balıkmı olsam,

yosunmu yoksa?..

Ne o, ne o, ne o!

Deniz olunmalı, oğlum,

bulutuyla, gemisiyle, 

balığıyla, yosunuyla!…