abs-azerbaycan2

Azərbaycan hakimiyyətinin ABŞ-da əcaib lobbi fəaliyyəti

Havaya sovurulan milyonlar və yə fətullahçı hərəkatla birlikdə mənasız “deputat ovu”

Britaniyalı jurnalist Rosi Qrey məşhur “BuzzFeed” saytında dərc olunmuş son məqaləsinə belə bir sualla başlayıb. “Azadlıq” radiosunun tərcümə elədiyi məqalədə jurnalist yazır ki, Azərbaycan özünün neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə vaizi və Texas qubernatoru Rik Perrinin bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.
Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Bunların əksəriyyəti Xocalı soyqırımı ilə bağlı ümumən dəstək və ya tanıma xarakterli qətnamələrdir.ÿBu qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət vəkilləri bir qayda olaraq, “Turquoise Council for Americans and Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda keçirdiyi konfransda iştirak ediblər.
Məqalədə qeyd olunur ki, Hyustonda qeydiyyatdan keçmiş bu təşkilatÿ ABŞ-da mühacirətdə olan və hazlırda Türkiyə hökumətilə qarşıdurmaya çıxmış Fətullah Gülənin Hizmet hərəkatı ilə bağlıdır.
Rosi Qrey yazır ki, Azərbaycanda insan haqlarını pozmaqda davam edən rejim Yuta, Nyu Meksiko, Tennesi, Kanzas, Cənubi Dakota, Missuri, Arkanzas, Indiana, Oklahoma, Texas, Arizona, Pensilvaniya, Missisipi, Illinoys, Qərbi Virciniya, Vayominq və Havay ştatlarında qaldırılmış təşəbbüsləri təbliğat kimi istifadə edir.
Hərçənd, bu qətnamələrin səsverməni aşa bilməyənləri də olur.
“Bu ay insan haqlarının müdafiəsi üzrə aparıcı qurum olan Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini qəbul etmiş Azərbaycan rəhbərliyi ölkə daxilində müxalifət fəallarına yeni hücuma keçib.
Təkcə ötən ay 8 gənc 6 ildən 8 ilədək azadlıqdan məhrum edilib. “Human Rights Watch” təşkilatının verdiyi məlumata görə, “facebook”da hakimiyyəti tənqid etmiş daha 5 nəfərin mühakiməsi davam edir”, – deyə məqalədə vurğulanır.

Lobbiçiliyə sovrulan milyonlar

Rosi Qrey yazır ki, “Sunlight Foundation” təşkilatının məlumatına görə, məhz bu imicini yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti təkcə ötən il lobbiçiliyə 2,3 milyon dollar sərf edərək, ABŞ-da ən çox pul xərcləyən 10 ölkədən birinə çevrilib.
Məqalədə deyilir ki, Azərbaycan ABŞ-da lobbiçilik fəaliyyətini əsasən üç qurum vasitəsilə həyata keçirir: ABŞ-dakı səfirlik, nisbətən yeni yaradılmış Azərbaycan-Amerika Alyansı (Azerbaijan America Alliance) və Vaşinqtonda ofis açmış SOCAR – Dövlət Neft Şirkəti: “Azərbaycan-Amerika Alyansına nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir.

Oliqarx balalarının fenomeni

Ekspertlər bildirirlər ki, belə təşkilatlara adətən Azərbaycan elitasının övladları rəhbərlik edirlər. Cənubi Qafqaz üzrə tanınmış analitik Tomas de Valın fikrincə, “oliqarx balalarının xaricdə lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib”.
Adının çəkilməsini istəməyən bir Azərbaycan eksperti isə bildirib ki, bu Alyans Məmmədovların rejim üçün əhəmiyyətini vurğulamaq məqsədilə yaradılıb.
Məqalədə qeyd olunur ki, SOCAR ABŞ millət vəkilləri ilə əlaqəni Vaşinqtonda yerləşən “Robert+ White” şirkəti vasitəsilə yaradır. Onların ötən ilin may ayında Bakıya səfərini də SOCAR maliyyələşdirib. Bir sıra konqresmenlərin və Obama administrasiyasının keçmiş üzvlərinin də qatıldığı nümayəndə heyətinə Bakıda dəbdəbəli ziyafətlər, bahalı hədiyyələr verilib.
Rosi Qrey yazır ki, bəzən qətnamələrlə azərbaycanlılar arasındakı bağlılıq birbaşa olur. Məsələn, Tennesi ştatının millət vəkili Co Touns 2013-cü ilin mayında Bakıda olduqdan sonra Azərbaycanla bağlı qətnamə layihəsi təqdim edib. Yerli media isə diqqəti onun Hyustonda bir ovuc azərbaycanlı və türkdən kampaniya ianəsi kimi 10 min dollar aldığına çəkib.
Touns isə onu Azərbaycana aid qətnaməni yazmağa məhz həmin pulun ilhamlandırdığını inkar edir.

Qubernator bacısı

Məqalədə deyilir ki, “Turquoise Council for Americans and Eurasians” təşkilatına fətullahçı hərəkatın davamçılarından Kamal Öksüz rəhbərlik edir. O, eyni zamanda, SOCAR tərəfindən maliyyələşdirilən və Hyustonda yerləşən Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vitse-prezidenti Texas qubernatoru Rik Perrinin bacısı Milla Perri Consdur. Təşkilatın xəzinədarı SOCAR-ın Vaşinqton filialının rəhbəri Rauf Məmmədovdur.
Məqalədə o da qeyd olunur ki, Öksüz Texasda yerləşən “TDM Contracting” şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.
Jurnalist qubernator bacısı ilə də telefon əlaqəsi qurub. Xanım Cons bildirib ki, onun alyansdakı rolu mərasim xarakteri daşıyır və o, bu qrupla Bakıya səfəri əsnasında tanış olub. Cons deyib ki, qrupun digər üzvləri haqqında heç bir məlumata malik deyil.

Təmənnasız təmənna

Öksüz fəaliyyətində heç bir qanunsuzluq olmadığını iddia edib. O deyir ki, təşkilatın fəaliyyəti Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir.
Bununla belə, Kamal Öksüzün də təşkilində iştirak etdiyi səfərlər Amerikada ciddi suallar doğurmağaÿbaşlayıb.
Məsələn, Havayda yerli media millət vəkillərinin niyə məhz Bakıya səfərdən sonra qanunvericilik təşəbbüsü qaldırdıqları barədə suallar verir.
Vaşinqtonda bir sıra rəsmilər bu cür səfərlərin etik normalarla zidd olmasından narahatlıqlarını bildirirlər.
Jurnalist yazır ki, Bakıya səfər etmiş millət vəkillərinin demək olar, hamısı bu məqalə ilə bağlı suallara cavab verməkdən imtina ediblər.

Laqeyd yekdillik

Yeni Meksiko ştatının senatoru Cerri Ortiz Pino “BuzzFeed” saytına müsahibəsində deyib ki, o, Xocalı barədə memorandumu Türkiyə icmasının və “möhtərəm Azərbaycan konsulunun” xahişi ilə təqdim edib. O deyib ki, özü və həmkarları Azərbaycana 2012-ci ildə səfər ediblər.
Senator bildirib ki, Azərbaycan özünün ABŞ-dakı imicini bərpa etmək və ABŞ hökumətinə, Amerika xalqına dəstəkçi olduğunu nümayiş etdirmək istəyir.
Ortiz Pino deyib ki, ştatda söhbətin nədən getdiyi çoxlarına bəlli deyildi və Bakıya səfər etməyən qanunvericilərin əksəriyyəti təşəbbüsü laqeyd qarşılayıblar və qətnamə yekdilliklə qəbul olunub.

Dörd avtobus millət vəkili

Vayominq ştatının nümayəndəsi Dav Zvonitzer deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə “Mosaic Foundation” adlı fətullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.
Təşkilatın nümayəndəsi deyib ki, Bakıya bütün Amerikadan dörd avtobus siyasətçi gedir. Dav Zvonitzenin sözlərinə görə, səfər üçün pulun kim tərəfindən ödəndiyini bilmirdi və bu, onun narahatlığına səbəb olmuşdu.
Cənab Zvonitzer deyir ki, onun və həmkarlarının yerli qanunvericilik orqanına təqdim etməli olduqları qətnamənin standart mətnini də elə həmin “Mosaic Foundation” verib: “Doğrudur, biz bir cümləni dəyişdik, lakin qətnamə onsuz da keçmədi. Indi onlar buna bənzər başqa bir təşəbbüsü 2015-ci ilin sessiyası üçün hazırlayırlar. Neft şirkətləri 10 günlük pulsuz səfərləri təmənnasız təşkil etmirlər”.

Erməni lobbiçilərinin nümunəsi

Ekspertlər bildirirlər ki, azərbaycanlılar bu cür fəaliyyətlə ABŞ-dakı erməni lobbiçilərlə yarışmaq və vətəndəki boslarına bir iş gördüklərini göstərmək üçün məşğul olurlar.
“Onlar bir növ Amerika-erməni qruplarının Kaliforniyada etdiklərindən nümunə götürürlər”, – deyə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bildirib.
O deyir ki, ermənilər də Ermənistan və Dağlıq Qarabağın adından dəfələrlə müxtəlif qətnamələr hazırlayıblar.
Amerikada yerləşən müxalifyönlü “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” təşkilatının prezidenti Elmar Şaxtaxtinski deyir ki, bunlar “dövlət səviyyəsində heç bir xeyri olmayan işdir. Onlar sadəcə, Əliyevə nə isə bir iş gördüklərini nümayiş etdirməyə çalışırlar”.
Rosi Qrey yazır ki, bütün bunlar Azərbaycanın insan hüquqlarının acınacaqlı vəziyyətinə görə tənqidlərə tuş olduğu vaxtda baş verir.
Jurnalist qeyd edir ki, ən kəskin tənqidlərdən birini də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar aprel ayında Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan Konvensiyası zamanı elə bu məqalədə söhbəti gedən və Bakıya pulsuz səfərlər etmiş siyasətçilərin qarşısında səsləndirib.