İtirilən illərin yerini necə doldurmalı?

Biz tez-tez Əliyevlərin hakimiyyəti illərini “itirilmiş illər” adlandırırıq. Haqsızıqmı? Əlbəttə, yox. Əsla.

Arxada qalan 21 ildə böyük nailiyyətlər, misilsiz uğurlar qazanmaq olardı. Təbiətin bu ölkəyə və xalqa lütfü olan neft pullarının böyük bir hissəsini basıb yeyərək, sümürərək, talan edərək, kiçik bir hissəsinə tikilən yeraltı keçidləri, quraşdırılan musiqili fontanları, ucaldılan ən uzun bayraq dirəyini, üzü ağardılan binaları kütləyə “analoqsuz inkişaf” kimi sırıyan yaptokratlardan fərqli olaraq, biz “böyük nailiyyətlər” deyərkən Azərbaycanda bəşəri dəyərlərin təntənəsi, hüquqi-demokratik dövlət quruculuğu, ədalətli cəmiyyət yaradılması, bəşəri dəyərlərin təntənəsi istiqamətində əldə edə biləcəyimiz uğurlardan danışırıq.

Bəli, 21 il Azərbaycanın çağdaş, modern, tərəqqipərvər mədəni dünyanın bir parçasına çevrilməsi üçün kifayət etməsə belə, böyük zamandır, amma biz bu zamanı itirdik.

Daha nə qədər itirəcəyik? Demək çətindir. Hər an hər şey mümkündür. Dəyişikliyi proqnozlaşdırmırlar, amma hazırlayırlar. Biz ən azı, bununla məşğul olmalıyıq.

Dəyişiklikdən sonrakı dövrün daha az ağrılı olması üçün daha çox beynə nüfuz etməyi bacarmalıyıq. Daha çox insanı xilas etməliyik – ruhən, mənən.

Başa düşürəm, rejimin fövqəl resursları qarşısında bunu etmək çox çətindir. Qorxu və pul çoxluğu, həm də mütləq çoxluğu itaət altında saxlamağa hələ ki, kifayət edir. Eyni zamanda, bu qədər amansız, qəddar və hüdudsuz kapitala rəğmən müqavimət davam edir. Prosesə yeni dirənişçilər qoşulur. Bəlli müxalif partiyalardan kənarda yeni təşkilatlanmalar meydana çıxır, təkcə son iki-üç ilin hadisəsi kimi REAL-ı, NIDA-nı göstərmək olar. Solyönümlü gənclərin təşkilatlanma səyləri hiss edilir. Hələ bütün bu təşkilatlanmalardan kənarda qalan, amma prosesə maraq göstərən və hansısa “facebook” səhifəsi ilə olsa belə, dəstək verməyə çalışan, yaptokratiyanın ölkəni uçuruma götürdüyünü anlayan və reaksiya verə bilən, amma hadisələrə də öz yanaşması olan, məsələn, mövcud liderlər və təşkilatlara quşqu ilə baxan fərdləri demirəm. Bütün bunlar irticanın dəhşətli dərəcədə gücləndiyi və ölkənin istiqbalı ilə bağlı ümidsizliklərin artdığı indiki dövr üçün təqdirəlayiq görsənişlərdir. Hamını aldada bilmirlər. Hamını qorxuda bilmirlər. Hamı təslim olmur.

Deməli, illəri itirsək belə, insanları qazanmaq imkanları qalır. Itirilən illərin yerini yalandan, mütilikdən, cəhalətdən xilas edilən insanlarla doldurmaq mümkündür.

Mümkündürsə, niyə bunu etməyək?

Insanları qazanmaq yalnız dəyişikliyi sürətləndirmək, onun tez bir zamanda baş verməsinə nail olmaq üçün vacib deyil.

Insanları qazanmaq həm də ona görə lazımdır ki, baş verəcək dəyişiklik öz məntiqi yekununa çatsın: yəni hakimiyyətin bir əldən başqa ələ keçməsi ilə bitməsin, həm də bir başdan başqa bir başa keçməsi ilə sonuclansın, həm də idarəetmə təfəkkürü dəyişsin. Bunun üçün bizə dəyişiklik etməyə tələb olunandan daha çox sayda savadlı, yalansız, dürüst, biləyi ilə deyil, beyni ilə güclü olan insan gərəkəcək. Və nə qədər açıq görüşlü, bilgili, çağdaş təfəkkürlü insana sahib olacağıqsa, proqnozlaşdırılmayan, amma qaçılmaz olan dəyişiklik də bir o qədər tez və ağrısız məntiqi yekununa çatacaq. 21 ildə Əliyevlərin bu ölkəyə və xalqa vurduğu yaraları bir o qədər sürətlə sağalda biləcəyik.

Gertsen deyirdi: “Inqilab onsuz da baş verəcək. Sadəcə, o vaxtadək sivilliyi artırmaq lazımdır”.

Bəli, heç kim inkar etmək etmir ki, rejim günbəgün müqavimət meydanını daraldır, dirəniş imkanlarını azaldır, amma bir insanı azad, xilas etmək, qəflətdən oyatmaq, bir beyni aydınlatmaq üçün yollar həmişə var. Gertsen özü 150 il öncə bunu “Kolokol”la etmək istəyirdisə, mümkün deyil ki, informasiya almaq və ötürmək imkanlarının bu qədər çeşidli, geniş olduğu indiki zamanda bizim üçün çıxış yolları qalmasın.

Qoy onlar – yaptokratlar damla-damla “Jalə” şirəsi toplasınlar.

Amma biz də dənə-dənə insan toplayaq – rejim dəyişikliyinin baş verməsi və onun məntiqi yekuna çatması, həqiqi mənada azad, demokratik, gəlişmiş Azərbaycan qurulmasına gətirib çıxarması üçün!