Əli Kərimli: “Maraqlı və əhatəli görüş keçirdik”
ATƏT-in hazırkı sədri, İsveçrə prezidenti Didye Burkhalter iyunun 2-də Azərbaycana səfəri çərçivəsində müxalifət partiyalarının liderləri və vətəndaş cəmiyyətininin nümayəndələri ilə də görüşüb. Görüşdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ReAl təmsilçisi Natiq Cəfərli, hüquq müdafiəçiləri Emin Hüseynov, Aygün Pəncəliyeva, Şəhla İsmayıl iştirak edib.
Görüş barədə məlumatı AXCP sədri Əli Kərimlidən aldıq. Burkhalterlə maraqlı və əhatəli görüş keçirdiklərini deyən Ə.Kərimli vurğuladı ki, Azərbaycandakı mövcud vəziyyət, siyasi məhbusların taleyi, müstəqil məhkəmələrin olmaması ilə bağlı yaranan problemlər müzakirə olunub: «Fundamental hüquq və azadlıqların hələ də təmin olunmaması, seçki saxtakarlığı, siyasi partiyalara, vətəndaş cəmiyyətinə olan təzyiqlərlə bağlı məsələlərə də görüş zamanı toxunuldu. İsveçrə prezidenti həm də ATƏT-in sədri olduğundan onunla Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təmsil etdiyi təşkilatın təşəbbüslərinin yenilənməsini müzakirə etdik. Eyni zamanda Azərbaycan cəmiyyətinin Qərbdən gözləntiləri müzakirə mövzusu oldu».
Ə.Kərimlinin sözlərinə görə, müzakirələr zamanı Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Avropanın Qarabağ münaqişəsinə baxışını dəyişməli olduğu vurğulanıb. Çünki Qarabağ problemi də Dnesteryanı, Cənubi Osetiya, Abxaziya, Krım kimi problemdir: «İsveçrə prezidentinin diqqətinə çatdırdıq ki, Qarabağ vaxtı ilə Azərbaycanı cəzalandırmaq üçün işğal olunub. Biz Qarabağ münaqişəsi ilə bağlı Qərbin, Avropa təşkilatlarının obyektiv mövqe göstərməsini istəyirik. Azərbaycan cəmiyyəti Qərb təşkilatlarından, ATƏT-dən gözləyir ki, hakimiyyətə üzərinə könüllü götürdüyü öhdəlikləri yerinə yetirməyin zəruriliyini tez-tez xatırlatsın. O cümlədən media, sərbəst toplaşmaq azadlığı ilə bağlı acınacaqlı vəziyyətin aradan qaldırılması üçün səylər göstərsin».
Ə.Kərimlinin sözlərinə görə, görüşdə Azərbaycan müxalifətinin və vətəndaş cəmiyyətinin ölkənin inkişafı, Avropa məkanına inteqrasiya perspektivləri ilə bağlı baxışları da müzakirə olunub.
Xəyal